SİA Azərbaycan Milli Məclisinin deputatı, İqtisad Universitetinin Qiymət və Qiymətləndirmə kafedrasının müdiri, professor, Avrasiya Qiymətləndiricilər Assosasiyası idarə heyətinin üzvü, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının müsahibəsini təqdim edir.
O, Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazilərinə dəymiş ziyanın araşdırılması, Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğun qiymətləndirmənin aparılması və digər məsələlərlə bağlı sualları cavablandırıb.
- Ermənistan tərəfdən Azərbaycanın işğal olunmuş ərazilərinə dəymiş ziyanın araşdırılması və dünyada mövcud olan standartlara uyğun qiymətləndirmənin aparılması haqqında nə deyə bilərsiniz ?
- Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazilərinə dəymiş ziyanın araşdırılması və qiymətləndirmənin aparılması zəruri məsələdir. 20 ildən artıq müddətdə Azərbaycanın iqtisadiyyatına, ətraf aləmə, mədəni sərvətlərinə, xalqımızın böyük bir tarixi keçmişini özündə yaşadan, qoruyub saxlayan tarixi abidələrinə ən əsası insan resurslarına böyük zərbə dəyib. Ermənistan törətdiyi bu qanunazidd əməllərinə görə təəssüf ki, bu vaxta qədər cavab verməyib. Belə hüquqazidd əməllərinə görə həmin işğalçı ölkə cavab verməlidir. Bunu etmək üçün beynəlxalq təcrübəyə uyğun olaraq dəyən ziyana görə araşdırma və qiymətləndirmə aparılmalıdır. Heç şübhəsiz ki, bu işlər yerinə yetirilən zaman beynəlxalq təcrübəyə istinad olunmalıdır. Onu da qeyd edim ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Ermənistanın işğalçılıq siyasəti və həmin ərazilərində ermənilərin törətdiyi talançılıq əməllərini daim araşdıraraq həqiqəti ortalığa çıxarmağa çalışır. Araşdırmalar nəticəsində bir sıra əcnəbi şirkətlərin işğal bölgəsində fəaliyyəti ilə bağlı məlumatlar əldə edilib.
Qeyd edək ki, ermənilər işğal etdikləri ərazilərdən qiymətli təbii sərvətləri istismar etməyə hələ işğaldan sonrakı dövrdə başlayıblar. Son illər Ermənistanla sərhəd ərazidə və işğal olunmuş digər bölgələrdə Azərbaycana məxsus zəngin təbii sərvətlərin qanunsuz olaraq istismar olunması faktları aramaqda davam edir. Ermənistan Azərbaycanın ərazilərində qanunsuz hərəkətlərini davam etdirərək bəzi xarici şirkətləri bu işə cəlb edə bilib. Avstraliyanın, Kanadanın, ABŞ-ın və başqa ölkələrin şirkətləri işğalçı rejimlə bu gün əməkdaşlıq edir.
Bundan əlavə Azərbaycanın bir sıra su hövzələri erməni təxribatının qurbanına çevrilib. İşğal olunan ərazilərdə qalan Sərsəng su anbarı da erməni təxribatına çevrilən obyektlərdən biridir. Vaxtilə Azərbaycanın çox önəmli su mənbələrindən biri kimi istifadə olunan və 100 min hektarlarla torpaq sahəsinin suvarılmasında istifadə olunan Sərsəng su anbarı bu gün azərbaycanlılar üçün əlçatmaz olub. Qış aylarında ermənilər həmin suları təxribatçı məqsədlə Azərbaycan ərazilərinə axıdırlar. Yay mövsümündə isə bu suyun qarşısı alınır. Bu ermənilərin simasını bir daha açıb göstərir.
- Bu işlər həyata keçirilərkən aparılan təsnifat bölgüsü haqqında nə deyə bilərsiniz?
- Təbii ki, dəymiş ziyanın araşdırılarkən və qiymətləndirmə aparılarkən təsnifatlaşdırma zəruridir. Bu sahədə mövcud olan təcrübəyə uyğun olaraq həmin təsnifatlaşdırma aparılır. Hər bir sahə ilə bağlı təsnifat bölgüsü həyata keçirilir. Bütün bunların nəticəsi olaraq hər bir kəndlə, rayonla bağlı araşdırma və qiymətləndirmə aparılacaq. Əgər bölgü olmasa, aparılan araşdırmalar və qiymətləndirmə effektli olmaz. Ona görə də bu işlər təsnifatlaşdırılır.
- Dəyən ziyan hesablanarkən dünyada mövcud olan metodologiyalardan Azərbaycan variantında necə istifadə etmək olar?
- Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində əmələ gələn itki və tələfatların dəyərinin Beynəlxalq Qiymətləndirmə Standartları əsasında hesablanması ilə məşğul olan İşçi Qrupu tərəfindən ciddi və dəqiq hesablamalar aparılmaqda davam edir. Ümumiyyətlə, dünyada bu sahədə kifayət qədər təcrübələr var. Biz həmin təcrübələrdən istifadə edib fəaliyyətimizi davam etdirməliyik.
Bir faktı da qeyd edim ki, II dünya müharibəsində yəhudilərə vurulun ziyana görə Almaniya dövləti hazırda da kompensasiya ödəyir. Təbii ki, sağ qalan yəhudilərə və onların yaxınlarına bu vəsait ödənilir. Bəs Azərbaycanın qaçqınlarına, məcburi köçkünlərinə belə vəsaitlər niyə ödənilməsin.
- Beynəlxalq aləmdə qiymətləndirmə üzrə tanınan və ümumiyyətlə, bu sahədə çalışan beynəlxalq təşkilatlarla əlaqələriniz hansı formada təşkil olunub. Həmin qurumların ekspertləri bu proseslərə cəlb olunurmu?
- Onu da qeyd etmək olar ki, aparılmaqda olan hesablamalara beynəlxalq səviyyəli ekspertlər cəlb edilib. Bizim hazırladığımız hesabatlara onların verdikləri rəylər nəzərə alınır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti bu baxımdan beynəlxalq əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə çalışır.
- Münaqişə dövründə Azərbaycana dəyən ziyana görə təzminatların ödənilməsi perspektivini necə görürsünüz?
- Mən əminəm ki, bu işlərin effekti olacaq. Azərbaycana və ümumilikdə, işğal altında qalan hər bir əraziyə görə işğalçı Ermənistan dövləti cavab verəcək, təzminat ödəyəcək. Bunu üçün hər birimiz ciddi çalışlmalıyıq. Bu işdə hökumətin bütün strukturları, işğal olunan rayonların İcra Hakimiyyətləri, Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yaxından dəstək göstərir. Hər birinə öz təşəkkürümüzü bildiririk.
Onu da qeyd edim ki, Ermənistanın işğalı altında qalan ərazilərdəki tarixi və təbiət abidələrinin, təbii sərvətlərin, habelə ötən 20 il ərzində həmin ərazilərin potensialından istifadə üzrə məhrumiyyətlərin dəyəri hesablandıqdan sonra bu rəqəmlərin daha da artacağı gözlənilir.
- Həyata keçirilən bu işlərin faydalı olması üçün daha nələri etmək lazımdır?
- Xeyli vaxt itkisi olub. Biz bu itkiləri nəzərə alaraq daha çox çalışmalıyıq. Təzminatın ödənilməsi üzrə dünyada mövcud olan ən innovativ təcrübəni və ideyaları Azərbaycana gətirməliyik. Ermənistanın işğalçı olduğunu, başqa xalqların mədəniyyətinə, intellektual potensialına, maddi – mənəvi sərvətlərinə, təbii ehtiyatlarına, ən əsası torpaqlarına təcavüz etdiyini dünyaya çatdırmalıyıq. Dünyanı daha çox praqmatik düşüncə və təkzibolunmaz faktlarla inandırmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB