Mübariz Əhmədoğlu: “Ermənistanın ən böyük faciəsi mövqeyinin konkretləşdirməsidir”
"Ermənistanın müstəqil siyasət aparmaq üçün nə ixtiyarı, nə də marağı var. Buna görə də Ermənistanın "Gömrük İttifaqı"na girməsi gözlənilən idi". SİA-nın xəbərinə görə, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistan tarixən xarici qüvvələrin əlində alət olub və bunu "dövlətçiliyin" arxasında gizlədib: "Ermənistanın yanvar ayından "Gömrük İttifaqı"na daxil olmaqla bağlı iki başlı fikirlərlə Rusiyanı aldadırdı. Ancaq Ermənistanın ətrafında cərəyan edən siyasi proseslər elə istiqamətdə getdi ki, Ermənistan mövqeyini bir qədər tez müəyyənləşdirməli oldu".
Politoloq qeyd edib ki, Ermənistanın "Gömrük İttifaqı"na daxil olması ilə bağlı sənədləri imzalamasına baxmayaraq, Rusiyanı aldatmaq potensialı böyükdür: "Belə bir potensial olsa da, Rusiya daha aldanmaq fikrində deyil. Ona görə də konkret olaraq, Ermənistanı təkidlə "Gömrük İttifaqı"na daxil etdirdi".
M.Əhmədoğlu vurğulayıb ki, Ermənistan üçün ən böyük faciə hər hansı bir istiqamətdə mövqeyini konkretləşdirməsi idi: "Artıq Ermənistan mövqeyini müəyyənləşdirdi. Rusiya Ermənistanın yalanlarına dözməyərək, güclü təzyiqlə onun mövqeyini konkretləşdirdi".
"Ermənistan "Gömrük İttifaqı"na daxil olmaqla, Avropanı bizə yeni gözlə tanıtdı. Halbuki Avropa "səsgücləndirci" funksiyasını daşıyırmış, bizim isə bundan xəbərimiz olmayıb. Avropanın belə xüsusiyyəti indiyədək bəlli deyildi"- deyə, Politoloq sözlərinə əlavə edib.
M.Əhmədoğlu vurğulayıb ki, Rusiya Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı manevr imkanlarını əlindən alıb.
Politoloq bildirib ki, Vladimir Putinin Bakıda verdiyi bəyanatla, dünən Moskvada verdiyi bəyanat arasında fərqlər mövcuddur: "Putin Bakıda demişdi ki, Dağlıq Qarabağ münaqişəsi siyasi vasitələrlə, qısa müddət ərzində həll edilməlidir. Amma dünən verilən bəyanatda isə münaqişənin yalnız dinc yolla həllinin vacibliyini vurğulayıb. Siyasi yolla tənzimlənmə, dinc yolla tənzimlənmə ilə eyni deyil, yəni fərqli xüsusiyyətlərə malikdir. Boykot, izolyasiya, şirnikləşdirmə, məcburetmə kimi məslələr siyasi yolla tənzimlənməyə daxildir. Ancaq dinc yolla tənzimlənmə mexanizmi bunları əhatə etmir".
Politoloq vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi özünə bağlıdır: "Azərbaycan münaqişənin həll olunması ilə bağlı mövqeyini Rusiya, ABŞ, İngiltərə, Fransa, İran və Türkiyəyə bağlamayıb ki, hansısa dövlətin mövqeyi dəyişəndə təəssüfləndiyimizi bildirək".
Politoloq sözlərinə əlavə edib ki, dünən keçirilən Putin-Sarkisyan danışıqları sübut etdi ki, Dağlıq Qarabağı ermənilər işğal etməyib: "Artıq ermənilər sübut etdilər ki, Dağlıq Qarabağı ruslar işğal ediblər. Bunu sübut edən ən böyük amil Ermənistanın Azərbaycan-Rusiya yaxınlaşmasından narahatlıq keçirməsidir. Çünki Rusiya ilə Azərbaycanın yaxınlaşması Rusiyanın Ermənistandan uzaqlaşması deməkdir. Eyni zamanda bu yaxınlaşma Ermənistanın Dağlıq Qarabağdan uzaqlaşması deməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB