Mübariz Qurbanlı: “Seçkilərdə birincilik hakim partiyanın namizədində olacaq” MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının SƏS TV-yə müsahibəsi:
- "Mübariz müəllim, Asiyanın nüfuzlu "BizNewsAsia" jurnalı tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev "İlin adamı" elan olunub. Başlıca olaraq bunu şərtləndirən amillər nədən ibarətdir?
- Ümumiyyətlə, beynəlxalq aləmdə tanınmış jurnallar "İlin adamı" naminasiyası üzrə müəyyən tədbir keçirirlər. Bundan sonra isə onlar ümumiləşdirmələr apararaq, "İlin adamı"nı bəyan edirlər. Asiyanın nüfuzlu "BizNewsAsia" jurnalının keçirdiyi tədbir də buna nümunə olaraq göstərilə bilər. Respondentlər arasında keçirilən rəy sorğusu nəticəsində cənab İlham Əliyev "İlin adamı" elan olunub. Öncədən qeyd edim ki, bu jurnal üçün Azərbaycan yeni deyil. Bundan əvvəl də həmin jurnalda Azərbaycan haqqında, ölkəmizdə həyata keçirilən siyasət barəsində, Ermənistanın Azərbaycana təcavüzü və bunun nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar və s. yazılar dərc olunub. Belə ki, bu jurnalın oxucuları Azərbaycan haqqında müxtəlif vaxtlarda dərc olunmuş yazıları oxuduqlarına görə ölkəmiz haqqında kifayət qədər məlumata malikdirlər. İndi də həmin jurnal öz səhifələrinin böyük hissəsini Azərbaycana həsr edib. Təbii ki, burada da ölkəmiz haqqında müxtəlif məqalələr öz əksini tapıb. Bu məqalələr içərisində "İlin adamı" adlı məqaləyə xüsusi ilə toxunmaq istəyirəm. Həmin məqalənin müəllifi Nepalın keçmiş baş naziri Madhav Kumardır. Cənab Kumarın yazmış olduğu məqalədə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət oxuculara ətraflı şəkildə çatdırılır. O Asiyada tanınmış siyasətçidir. Bununla belə o, Asiya ölkələrinin siyasi partiyaları konfransının daimi komitəsinin üzvüdür. Nepalın keçmiş baş naziri Azərbaycanda bir neçə dəfə səfərdə olub. Həmçinin onun rəhbərlik etdiyi partiya ilə bizim Yeni Azərbaycan Partiyası (YAP) arasında geniş əlaqələr mövcuddur. Həmin şəxsin özünün bilavasitə Azərbaycanda olması, ölkəmizdə gedən prosesləri müşahidə etməsi və dövlətimiz haqqında məlumatlara malik olması məhz bu məqalənin yazılmasına gətirib çıxarıb. Eyni zamanda "BizNewsAsia" jurnalında Azərbaycanın sosial-iqtisadi inkişafını, bütövlükdə isə ölkəmizdə gedən inkişafı göstərən bir sıra məqalələr də öz əksini tapıb. Məhz həmin məqalələrin müəllifləri də sosial-iqtisadi sahədə əldə edilən uğurları, ümumi daxili məhsulun (ÜDM) və dövlət büdcəsinin artımını, eləcə də yoxsulluğun aradan qaldırılması üçün (50 faizdən 6 faizə endirilməsi) həyata keçirilən siyasəti, ölkəmizin Cənubi Qafqaz bölgəsində lider dövlət olmasını, neft və qaz ixracında oynadığı rolun və s. ətraflı şəkildə şərhini veriblər. Həmin jurnal artıq Azərbaycanda oxucuların diqqətinə çatdırılıb. Oxucularımız jurnala diqqət yetirsələr görərlər ki, burada Azərbaycanla bağlı verilən cədvəllər, diaqramlar ölkəmizin sosial-iqtisadi həyatı haqqında böyük təsəvvür yaratmağa imkan verir. Prezident İlham Əliyevin gördüyü işlər tək ölkə daxilində deyil, beynəlxalq aləmdə, dünya miqyasında da əhəmiyyətli şəkildə təhlil olunur və öyrənilir. Beynəlxalq maliyyə qurumları, o cümlədən ölkələrin iqtisadi inkişafını müəyyən edən reytinq təşkilatları Azərbaycanın mövqeyinin ildən-ilə möhkəmləndiyini qeyd edir və bununla bağlı məlumatlar yayır. Bu jurnalda gedən məqalələr içərisində həmçinin Ermənistanın Azərbaycana təcavüzü və bu təcavüzün yaratdığı problemlər, fəsadlar, aparılan danışıqlar, ölkə baçısı İlham Əliyevin sülhə nail olmaq istiqamətində gördüyü işlər ətraflı şəkildə oxuculara çatdırılıb. Asiya qitəsi böyükdür. Həmin jurnal Asiyanın elə bir ölkəsi yoxdur ki, orada yayımlanmasın. İngilis dilində nəşr olunan bu jurnalın oxucularının sayı milyonlarladır. Əlbəttə bütün bunlar, Azərbaycanın uğurlarının göstəricisidir. Eləcə də ölkə liderinin fəaliyyətinin dünya miqyasında təqdir, müdafiə olunmasıdır. Qeyd edim ki, bu jurnal özünün nüfuzuna görə, heç də digər beynəlxalq aləmdə tanınan jurnallardan geri qalmır. Həmin jurnalda gedən yazılar bütövlükdə Azərbaycan həqiqətlərini əks etdirir. Hesab edirəm ki, ölkəmiz və onun inkişafı haqqında bu tipli, xarakterli məlumatların dünya miqyasında yayılması ümummilli maraqlarımız baxımından çox əhəmiyyətlidir. Ölkəmizi sevən hər bir şəxs, bu kimi yazıların dərc olunmasına münasibətində özünün müsbət amillərini ifadə etməlidir.
- Son 10 ildə Azərbaycanın bütün sahələrində görülən işlərin ölkəmizə və xalqımıza verdiyi töhvələr barəsində nə deyə bilərsiniz?
- Ölkəmizin daxilində hər kəs Azərbaycanda gedən inkişafı və onun verdiyi töhvələri görməkdədir. Azərbaycanın sosial-iqtisadi sahədəki uğurlarının ən başlıca təsiri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində aparılan danışıqlarda bizə əlavə gücün verilməsidir. Məlumdur ki, biz Ermənistanla müharibə vəziyyətindəyik və bu, bütün sahələrdə (siyasətdə, iqtisadiyyatda, idmanda və s.) davam edir. Belə olan halda Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, təbii ki, bizim üstünlüyümüzüdür. Azərbaycan Prezidenti Ermənistana qarşı siyasətdə, iqtisadi yarışda ölkəmizin üstünlüyünü daha geniş şəkildə göstərməyin tərəfdarıdır. Bu siyasət, düşməni iqtisadi cəhətdən taqətdən salmaq və onu o vəziyyətə gətirməkdir ki, işğal olunan torpaqlarla bağlı danışıqlarda Ermənistanı beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun qərarlara imza atmağa sövq etsin. Son 10 ilə və Ulu öndər Heydər Əliyev dövründə gedən proseslərə nəzər salsaq görərik ki, biz Ermənistanı ilbəil necə üstələmişik. Hazırda bu üstünlüyümüz on qat civarındadır. Bu mənada dövlət başçısının 10 il ərzində gördüyü işlər və həyata keçirdiyi siyasət, əldə olunan uğurlar hər bir ailədə hiss olunur. Xalqın rifah halının yaxşılaşması, dövlət büdcəsinin, ÜDM artımı, yeni iş yerlərinin (yüz minlərlə) açılması, regionların sosial-iqtisadi inkişaf proqramının uğurla həyata keçirilməsi, Azərbaycanın enerji və ərzaq təhlükəsizliyi sahəsində mühüm addımlar atması qürurverici amildir. Bütün bunlar bizim üçün bir tərəfdən iqtisadi xarakterli məsələlərdisə, digər tərəfdən siyasi əhəmiyyət kəsb edir. Ölkəmiz bu uğurları əldə etməsəydi beynəlxalq miyasda böyük dövlətlər, bütövlükdə isə dünya dövlətləri tərəfindən dəstək əldə edə və BMT TŞ-nın qeyri-daimi üzvü seçilə bilməzdik.
- Müxalifət "qospodinləri" "misterlərə" dəyişdi, Sizcə, bu, yeni sahib axtarışıdır, yoxsa cəmiyyəti aldatmağa hesablanıb?
- Ümumiyyətlə, oktyabrda keçiriləcək prezident seçkilərinə qatılan hər bir namizəd bizim üçün müxalifətdir. Beləcə, müxalifəti də bir neçə istiqamətə bölmək olar: Konstruktiv mövqedə dayanan müxalifət partiyaları və onların namizədləri, o cümlədən radikal qanada məxsus olan dairələrin namizədləri. Nədənsə, müxalifət dedikdə radikal qanadı və onun namizədi daha çox qabardılır. Amma bu, doğru yanaşma deyil. Azərbaycanın siyasi palitrasında müxtəlif qruplar, siyasi yönlər arasında həm ideoloji, həm siyasi, həm də hakimiyyət uğrunda mübarizə gedir. Biz hakim partiyayıq, namizədimiz də Cənab Prezident İlham Əliyevdir. Beləcə, oktyabrda keçiriləcək seçkilərdə də uğur qazanacağımıza əminik. Ancaq bizimlə yarışda konstruktiv dairələrin, radikalların namizədləri də var. Bütövlükdə radikalların Azərbaycan cəmiyyətində nüfuzu kifayət qədər aşağıdır. Məhz buna görə də, biz seçki prosesindən narahat deyilik. Azərbaycanın bütün dünya ölkələri ilə təbii ki, Ermənistan istisna olmaqla, çox gözəl münasibətləri mövcuddur. Azərbaycanda seçkinin, hakimiyyətin taleyini ölkə xalqı müəyyən edir. Bu mənada hesab edirəm ki, özünün fəaliyyətində xalqa söykənənlər daim uğur qazanacaq. Əks təqdirdə hansısa xarici, erməni lobbisi ilə bağlı qruplarla - antiAzərbaycan elementlərlə əlaqə yaradıb siyasətdə uğur qazanmağa çalışanlar məhvə məhkum olacaqlar. Bu mənada radikal qanadın seçkilərdə müəyyən hay-küy qaldırmasının arxasında heç nə dayanmır. Beləcə, radikal qanadın namizədləri, istər İbrahimbəyov olsun, istərsə də onların namizədi Cəmil Həsənli, hesab etmirəm ki, Azərbaycan cəmiyyəti tərəfindən hansısa bir dəstəyə malik olsun. Düşünürəm ki, bu seçkilərdə birincilik hakim partiyanın namizədində olacaq. Yəqin ki, ikinciliyi konstruktiv mövqedə dayanan namizədlərdən biri qazan bilər. Sonucu yerdə isə radikallar qərarlaşa bilər. Çünki, bütövlükdə Azərbaycanda radikal qanada qarşı münasibət birmənalı olaraq pisdir.
- "Milli Şura"da hələ də "vahid namizəd" məsələsində tərəddüdlər mövcuddur. Cəmil Həsənlinin namizədliyi Mərkəzi Seçki Komissiyada (MSK) qeydə alınsa da, Rüstəm İbrahimbəyov hələ də "vahid namizəd" olduğunu israr edir.
- Kim namizəd olur-olmur bunun bizə heç bir aidiyyatı yoxdur və bu məsələ heç bizim maraq dairəmizdə də deyil. "Milli Şura"dan kim namizəd olacaqsa və qeydiyyatdan keçəcəksə, siyasi müstəvidə də biz onunla yarışa hazırıq. Qoy bu məsələlərə müstəqil ekspertlər rəy versinlər. Biz tərəfik və siyasətlə məşğul oluruq. Mən öz enerjimi "Milli Şura"nın daxilindəki intriqalara sərf etmək istəmirəm.
- Bəzi siyasətçilər iddia edir ki, "Milli Şura"nın vahid namizəd məsələsində ortaq mıəxrəcə gəlməməsi əslində bir oyundur. Sizcə, bu iddialar nə dərəcədə reallığa uyğundur?
- Bizim öz yolumuz, seçimimiz, siyasətimiz, taktikamız və strategiyamız var. Beləcə, bizim seçki ilə əlaqədar proqramımız mövcuddur. Təbii ki, biz bunu ardıcıl surətdə həyata keçiririk. "Milli Şura" deyilən qurum da Azərbaycanda radikalyönümlü müxalifəti birləşdirən qurumdur. Onların daxilində də müəyyən söz-söhbətlər var ki, bunlar da mətbuatda daimi olaraq işıqlandırılır. "Milli Şura"dan seçkilərə iki-üç namizəd də gedə bilər. Bu heç də məsələni dəyişmir. Bir sözlə, "toplananların yerini dəyişdikdə, cəm dəyişmir". Radikal qanadın namizədi kim olursa-olsun həmin elektoratdan kənara çıxa bilməz.
- Son olaraq, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda seçki mühitinin normal olmadığı haqda bəyanatlar verirlər. Siz bu qurumlara qarşı hansı arqumentlərlə çıxa bilərsiniz?
- Bu təşkilatların yaydıqları sənədlər, bəyanatlar bizim siyasətimizə, inkişafımıza, fəaliyyətimizə heç bir təsir göstərə bilməz. Çünki, biz o təşkilatların, qeyri-hökumət təşkilatlarının (QHT), üzvü deyilik. Bunların məqsədi bu və ya digər ölkələrdə, ərazilərdə siyasi, iqtisadi maraqlar naminə bəyanatlar verir və həmin bəyanatlardan da sui-istifadə edərək özlərinin məhdud maraqlarını həyata keçirmək istəyirlər. Onlar hansısa dövləti təmsil etmir. Həmin qurumlar öz ölkələrində də bu və ya digər siyasətçiləri tənqid atəşinə tutaraq yenə də öz maraqlarını qoruyurlar. "Human Right Watch", "Freedom House" və digərləri QHT olaraq heç bir beynəlxalq statusa da malik deyil. Bunların yaydıqları açıqlamalar, bəyanatlar da bizim QHT-lərin yaydığı bəyanatlardan heç nə ilə fərqlənmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB