Bu gün Qubadlı rayonunun Ermənistan tərəfindən işğalının 20-ci ildönümü əlaqədar Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərlə İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin sədr müavini Bahar Muradova, Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, millət vəkilləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq tədbir iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin tarixini əks etdirən foto stendlə tanış olublar. Sonra Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib və "Qubadlıya gedən yol" adlı sənədli film nümayiş olunub.
Mərasimi giriş sözü ilə açan Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, rayona erməni təcavüzü başlayanda Qubadlı rayonu 238 şəhid verib və rayona milyardlarla manat maddi ziyan dəyib. Köçkünlük dövründə 4476 nəfər Qubadlı rayon sakini dünyasını dəyişib".
M. İsaqov deyib ki, işğaldan keçən 20 il ərzində məcburi köçkünlük həyatı yaşayan insanlara dəyən ziyanın ölçüsü yoxdur: "Məcburi köçkünlüyün ilk vaxtlarında ciddi problemlər qarşısında qalan rayonumuzun sakinləri dövlət qayğısı, xüsusilə Ümummilli Lider Heydər Əliyevin şəxsi diqqət və qayğısı sayəsində onların həyat şəraiti yaxşılaşdırılıb. Bu illər ərzində 10 yeni məktəb inşa olunub, 22 məktəb isə əsaslı təmir olunub".
M,İsaqov vurğulayıb ki, Azərbaycanın ayrı-ayrı rayonlarının işğalı, burada ermənilərin törətdikləri kütləvi vəhşilik və vandalizm halları da dünya miqyasına çıxarmağın vaxtı yetişib: "Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə gəlincə, Ali Baş Komandanımızın bu istiqamətdə atacağı hər hansı addımın və qəbul edəcəyi qərarın birmənalı şəkildə dəstəklənməsi və müdafiə olunması bizim üçün sübuta ehtiyacı olmayan aksiomadır".
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə çıxışında Qubadlı rayonun tarixindən danışıb. Bildirib ki, Qubadlı Zəngəzur mahalına aid olan, uzun illər Qarabağ xanlığına bağlı bölgə olub. Bu rayonun adının mənası Sasanı şahı Qubadın adı ilə də bağlanılır: "Qubalı əhalisinin mərd, döyüşkən, dövlətə bağlı, camaatdır. Bu əhali özü-öz dolanışığını təmin edə bilir. Qubadlı əhalisi respublikanın 42 şəhər və rayonunda, məcburi köçkünlərin 70 faizindən çoxu isə Sumqayıt şəhərində məskunlaşıb. Prinsip etibarı ilə bu rayonun əhalisi dövlətə, hökumətə yardım üçün müraciət etməyiblər. Bu camaatda ələbaxımlıq yoxdur. Bu insanlar dövlətə xidmət edən şəxslərdir. Buna görə də onlar hörmət və izzətə layiq insanlardır. Hesab edirik ki, gün gələcək bu torpaqlar azad olunacaq".
Ə. Həsənov münaqişənin ilk illərində beynəlxalq humanitar təşkilatların və bəzi dövlətlərin Azərbaycanın qaçqın və məcburi köçkünlərinə etdiyi yardımları unutmadıqlarını və buna görə onlara minnətdar olduqlarını da bildirib. Beynəlxalq Qızıl Xaç Komitəsinin Avropa və Avrasiya üzrə əməliyyatlarının başçısı, cənab Korba Loranın da tədbirdə iştirakını, beynəlxalq humanitar təşkilatların bu problemə münasibəti kimi dəyərləndirib: "Yaxşı olardı ki, dünyanın bəzi dövlətləri, siyasətçiləri və dövlət rəhbərləri də bu problemə belə münasibət bəsləyərdilər".
"Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsidir: "Bu da bizim prezidentimizin, dövlətimizin, xalqımızın imkanları çərçivəsindən çoxdan kənara çıxıb. Əgər bu bizim prezidentimizin səlahiyyətləri çərçivəsində olsaydı, çoxdan həll edərdi. Artıq bu problemin həlli Azərbaycanın və Ermənistanın hüdudlarından kənara çıxıb. Hazırda ədalətsizlik hökm sürür. Bu ədalətsizlik – tökülən qanlar yerdə qala bilməz", - deyə Ə. Həsənov vurğulayıb.
Tədbir ədəbi-musiqili kompozisiya ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB