Əli Həsənov: “Prezidentin düzəlişi ilə bu rəqəm 1 milyon 200 min kimi göstərilməlidir”
Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, Mərasimdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin Sədr müavini Bahar Muradova, Füzuli və Cəbrayıl rayon icra hakimiyyətləri, xarici səfirliklər, beynəlxalq təşkilatlar, diaspor o cümlədən ölkə ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə qonaqlar Akademik Milli Dram Teatrının foyesində Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması faktını əks etdirən fotostendlərlə tanış olublar.
Daha sonra tədbir teatrın akt zalında şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mərasim iştirakçılarına "Erməni işğalında qalan Cəbrayıl" adlı film nümayiş etdirilib.
Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Mahmud Quliyev əvvəlcə tədbir iştirakçılarına Ermənistan Silahlı Qüvvələr tərəfindən işğal olunan Cəbrayıl rayonu haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan gəncləri dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin əmrinə hər an hazırdırlar. O, erməni xalqına müraciət edərək deyib - Sarkisyan, Koçaryan və digər başqa birisi öz qanlı, çirkin əllərinizi Azərbaycan torpaqlarının üzərindən çəkin".
Diqqətə çatdırılıb ki, 10 ildən artıqdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük inkişafa, uğurlara nail olunub: "Ümumi daxili məhsul (ÜDM) üç dəfə artıb, yoxsulluğun səviyyəsi isə xeyli dərəcədə aşağı enib. Ölkəmizdə nədənsə bu inkişafı, tərəqqini görməyən, gözü götürməyən qüvvələr mövcuddur. Məhz bu kimi insanlar erməni havadarları ilə işbirliyinə girərək, ölkəmizə qarşı xəyanət edirlər. Amma bütün bunlara baxmayaraq, biz Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyirik".
Daha sonra Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söz alaraq Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən ziyandan danışıb. Bildirilib ki, Ermənistan tərəfindən Azərbaycana 300 milyard dollar dəyərində ziyan dəyib: "İşğal zamanı Azərbaycana dəyən ziyanın hesablanması prosesinə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, Rusiyadan olan hesablama qurumları da cəlb olunub. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyindən geri çəkilməsə, Azərbaycan bunu təzminat kimi tələb edəcək. Bu günə qədər qaçqın və məcburi köçkünlərin sayı 1 milyon qeyd olunurdusa, bundan sonra Prezidentin düzəlişi ilə bu rəqəm 1 milyon 200 min kimi göstərilməlidir. Bu, Azərbaycanda əhalinin təbii artımına əsaslanır".
Sonra tədbirə bədii hissə ilə yekun vurulub.
Qeyd edək ki, mərasimdən öncə qonaqlar Azərbaycan ərazilərinin işğalı zamanı şəhid olmuş soydaşlarımızın əziz xatirəsini yad edib, onların ruhuna dualar oxunub. Ziyarət zamanı Şəhidlər Xiyabanındakı Əbədi Məşəl Kompleksinə gül çələngi qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB