Prezident İlham Əliyev Zaqatala şəhərinə suyun verilməsi mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatala şəhərinə suyun verilməsi mərasimində iştirak edib.
Azərbaycan dövləti regionlarda əhalinin güzəranı və rifah halının yaxşılaşdırılması, sahibkarlığın daha da inkişafı üçün yeni imkanların yaradılması baxımından sosial problemlərin həllinə diqqəti artırır. Bu baxımdan ötən illərdə həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmizdə su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi və ya yenidən inşası ilə bağlıdır.
Dövlətimizin başçısı əvvəlcə Zaqatala rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, əlamətdar hadisə münasibətilə onları təbrik etdi.
Rayon ictimaiyyəti adından çıxış edən Vəfa Süleymanova göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə zaqatalalıların təşəkkürünü çatdırdı.
Sonra Prezident İlham Əliyev Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsini əks etdirən stendlərə baxdı.
Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinin direktoru Əli Məmmədov Zaqatala şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrası barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, layihənin icrasında 2010-cu ilin noyabrında başlanmış, birinci mərhələ üzrə işlər yerinə yetirilib. İkinci və üçüncü mərhələlər üzrə işlər davam etdirilir.
Qeyd edildi ki, layihə əhalinin 2031-ci ilə qədər olan artım proqnozu nəzərə alınaraq işlənib. Rayonda icrada olan su təchizatı sisteminin yenidən qurulması nəticəsində Zaqatala şəhərinin 22 min, 7 kəndin isə 26 min nəfər əhalisinin gün ərzində suya olan tələbatı tam ödəniləcək.
Bildirildi ki, tikintisi başa çatdırılan su mənbələrinin potensialı 75 min əhalinin suya olan tələbatını tam ödəyəcək ki, bu da Zaqatala rayon əhalisinin 50 faizinin 2031-ci ildə içməli su ilə tam təmin edilməsi deməkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiq edib.
Məlumat verildi ki, Zaqatala şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işləri üç mərhələdə aparılır. Birinci mərhələdə Talaçay su mənbəyinin, magistral boru xətti, su anbarları, xlorlama təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılıb. Bu mərhələdə 6,65 kilometr uzunluğunda magistral su xətti çəkilib. Suqəbuledici qurğular meydançasında keçid məntəqəsi, suqəbuledici kamera, xlorlama və laboratoriya binaları tikilərək avadanlıqla təchiz edilib. Bundan başqa, bir yeni su anbarı tikilib, bir anbar isə bərpa olunub. İkinci mərhələdə Zilbançay su mənbəyi inşa edilmiş və beş kilometr uzunluğunda magistral su xətti çəkilib. Şəhərin iki zonasında su anbarları sahəsi yaradılıb. Bu sahələrdəki su anbarları bərpa edilib, bir yeni su anbarı inşa olunub. Həmçinin şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, yerli Sukanal İdarəsinin istehsalat bazası tikilib. Bütün abonentlər su sayğaçları ilə təmin ediləcək.
Üçüncü mərhələdə çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Məhsuldarlığı gün ərzində 10 min kubmetrə çatan çirkab sutəmizləyici qurğular kompleksinin potensialı Zaqatala şəhərini və 7 kəndi əhatə edir.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, müasir texnologiyanın tətbiq olunduğu çirkab sutəmizləyici qurğular kompleksi 2014-cü ilin birinci rübündə istismara veriləcək.
Stendlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev Zaqatala şəhərinə içməli suyun rəmzi olaraq verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB