Zaqataladakı “Tumurcuq” uşaq bağçası balacaların istifadəsinə verilib

Zaqataladakı “Tumurcuq” uşaq bağçası balacaların istifadəsinə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Zaqatala rayonuna səfəri çərçivəsində "Tumurcuq" uşaq bağçasının açılışında iştirak edib.

Hazırda uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblərin əsaslı şəkildə yenidən qurulması bu istiqamətdə aparılan işlərin ardıcıl xarakter aldığını göstərir. Uşaqlara qayğı və diqqət, gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi Heydər Əliyev Fondunun fəaliyyətində də əsas yer tutur. Zaqatala rayonundakı "Tumurcuq" uşaq bağçası da Fondun dəstəyi ilə inşa edilib.

Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, uşaq bağçası binasının inşasına ötən ilin mayında başlanılmışdır. Bağçanın ümumi sahəsi 785 kvadratmetr, həyətyanı sahəsi isə yarım hektardır. Yüz yerlik bağçada altı qrup fəaliyyət göstərəcəkdir. Burada tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Binanı daimi isti su ilə təchiz etmək üçün əlavə qazanxana inşa olunub. Burada yanğın əleyhinə xüsusi sistem, təhlükəsizlik kameraları quraşdırılıb.

Bildirildi ki, uşaqların təlim-tərbiyəsi, əyləncələri üçün hər cür şəraitin yaradıldığı bağçanın həyətyanı sahəsində də abadlıq və quruculuq işləri görülüb, xüsusi istirahət guşələri yaradılıb. Binanın və ərazinin işıqlandırma sistemi müasir səviyyədə qurulub.

Azərbaycan Prezidenti bağçada yaradılmış şəraitdən razılığını bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə