Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Qaxa səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Ölkəmizin hər yerində olduğu kimi, qaxlılar da ulu öndər Heydər Əliyevin xatirəsini əziz tuturlar. Şəhərdə yeni tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə Ulu Öndərin həyata keçirdiyi müdrik siyasət nəticəsində müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara geniş yer verilib.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidentinə məlumat verildi ki, milli memarlıq ənənələrini saxlamaqla ən müasir üslubda tikilən Mərkəzin inşasına 2011-ci ilin noyabrında başlanıb. Yerli inşaat materiallarının istifadə edildiyi tikinti işləri rayonun daxili imkanları hesabına həyata keçirilib. Foyedə ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsi və məlumat-informasiya köşkü var. Ümumi sahəsi 670 kvadratmetr olan əsas zal dörd hissəyə bölünüb. Lakin hərəkət edən arakəsmələr zalı bütöv şəklə salaraq 600 nəfərin iştirakı ilə konfrans keçirməyə imkan verir. Zalın yan divarları səkkizguşəli ornamentli şüşələrlə örtülüb, xüsusi ekranlar və tablolarla Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fraqmentlərlə işıqlandırılıb. Zalın bir hissəsi 8 qatlı xüsusi elektron pərdə ilə kəsilərək kinozala çevrilib. Burada Azərbaycanın müasir tarixini, iqtisadi və sosial inkişafını əks etdirən filmlər nümayiş olunur.
Prezident İlham Əliyev zalda Qax rayonunun elektron xəritəsinə, eləcə də Ulu Öndərin xarici ölkələrə səfərlərini əks etdirən elektron lövhələrə baxdı.
Mərkəzdə xoreoqrafiya, milli və bal rəqsləri, sənət dərnəkləri fəaliyyət göstərəcəkdir. Burada, həmçinin ingilis, yapon və rus dilləri sinfi vardır. Mərkəzdə internet kafe, elektron kitabxana, virtual otaqlar da yüksək standartlara cavab verir.
Dövlətimizin başçısı Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB