İlham Əliyev: "Dünyada türk aləmi güclənir"

İlham Əliyev: "Dünyada türk aləmi güclənir"

"Azərbaycanın təşəbbüsü və dəstəyi ilə Türk Mədəniyyətinə Dəstək və Türk İrsinin Qorunması Fondunun yaradılması türkdilli ölkələrin mədəniyyətinə müsbət təsir göstərəcək. Qırğızıstanın uğurlu rəhbərliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinə güclü təkan verib. Əminəm ki, bundan sonrakı illərdə də bizim əməkdaşlığımız dərinləşəcək, genişlənəcək və yeni pilləyə qalxacaq. Bütün qonaqları səmimiyyətlə Azərbaycanın qədim şəhəri olan Qəbələdə salamlayıram. Xatırlayıram ki, keçən dəfə Zirvə görüşü Azərbaycanın digər qədim şəhərində, Naxçıvanda keçirilmişdi. Bu Zirvə görüşlərinin müxtəlif şəhərlərdə keçirilməsi bir növ tanışlıq xarakteri daşıyır, eyni zamanda xalqlarımız, ölkələrimiz arasındakı birliyi daha da möhkəmləndirir". SİA-nın məlumatına görə, bu fikirləri Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Azərbaycan Prezidenti ölkələrin uğurlu inkişafı üçün qarşıda duran məsələlərdən birinin də regional təhlükəsizlik olduğunu bildirib: "Ölkələrimiz regional təhlükəsizlik məsələlərinə öz töhfələrini verirlər. Bu, çox vacib məsələdir. Biz elə etməliyik ki, bölgəmizdə sülh və əmin-amanlıq təmin edilsin. Əfsuslar olsun ki, Azərbaycan uzun illərdir erməni işğalından əziyyət çəkir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz pozulub, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, bütün beynəlxalq hüquq normaları pozulub. Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində həlli regional təhlükəsizliyə töhfə olacaq. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu gün qəbul olunacaq bəyannamədə məhz bu prinsiplər öz əksini tapıb".

Prezident həyata keçirilən və keçiriləcək birgə iqtisadi layihələrdən danışıb. Dövlət başçısının sözlərinə görə, bölgədə nəhəng infrastruktur layihələrinin tikintisi Azərbaycanda başlayıb: "Tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizi birləşdirilib. Azərbaycan artıq Xəzərin şərq sahilində yerləşən ölkələr üçün tranzit ölkə rolunu oynayır. Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə həm ikitərəfli, həm də üçtərəfli formatda işlər həyata keçirilir. Onların sırasında Avropa və Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu göstərə bilərəm. Bu dəmir yolu ölkələrimizə xidmət edəcək. Əminəm ki, gələn il bu layihənin istifadəyə verilməsini qeyd edəcəyik. Qədim İpək Yolunun bərpası reallıqdır".

Prezident digər islam ölkələri ilə müqayisədə türk dünyasında fərqli proseslərin getdiyini vurğulayıb: "Təəssüf ki, dünyanın müxtəlif yerlərində islamdakı vəziyyət fərqli istiqamətlərdə gedir. Qarışıqlıqlar, vətəndaş müharibələri, xoşagəlməz hallar baş verir. Bizim türkdilli coğrafiyada isə inkişaf prosesi gedir. Bu, böyük sərvətdir. XXI əsr türk dünyası əsri olmalıdır. Biz bütün müsbət meylləri gücləndirməliyik. Dünyada türk aləmi güclənir. Türk aləmi böyük coğrafiyanı əhatə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə