Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən partiya sədri Fuad Ağası oğlu Əliyevin, həmçinin Vətəndaş və İnkişaf Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Əli Nadir oğlu Əliyevin namizədliyinin təsdiq olunması məsələsinə baxılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, namizədliklərinin təsdiq olunması ilə bağlı adıçəkilən şəxslərin MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.
Sonra MSK üzvləri səsvermə yolu ilə Fuad Əliyevin və Əli Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq ediblər.
Daha sonra hər iki namizədin səlahiyyətli nümayəndələrinin qeydiyyatı məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.
İclasın sonunda cari məsələlər müzakirə olunub.
Xatırladaq ki, bu günə kimi 12 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib. Artıq MSK 6 nəfərin prezidentliyə namizədliyini təsdiq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB