Prezident Vladimir Putin: "Azərbaycan Rusiyanın çoxdankı, ənənəvi və etibarlı tərəfdaşıdır"

Prezident Vladimir Putin: "Azərbaycan Rusiyanın çoxdankı, ənənəvi və etibarlı tərəfdaşıdır"

"Artıq çoxdandır ki, Azərbaycanda olmamışam. Axırıncı dəfə 2006-cı ildə olmuşam. O vaxtdan xeyli vaxt keçib. Azərbaycan sürətlə, əzmlə dəyişir, yüksək sürətlə inkişaf edən dinamik ölkəyə çevrilir. Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək göstəricilərdən birinə malikdir. Bu, xoşdur. Biz dostlarımıza uğurlar arzulayırıq". Bu fikirləri Rusiya Prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimindən sonra keçirilmiş mətbuat konfransında bildirib.

Vladimir Putin deyib ki, Azərbaycan Rusiyanın çoxdankı, ənənəvi və etibarlı tərəfdaşıdır: "Biz Qafqaz regionunda, Xəzər regionunda, MDB çərçivəsində, aparıcı beynəlxalq strukturlarda sıx qarşılıqlı fəaliyyət göstəririk. Bu əməkdaşlığın əsası ölkələrimiz, dövlətlərimiz və xalqlarımız arasında möhkəm dostluq, qarşılıqlı hörmət ənənələridir.

Biz Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığının mühüm istiqamətlərini ətraflı müzakirə etdik, onun gələcək inkişafına, ilk növbədə, əlbəttə, ticari-iqtisadi sahədə inkişafa dair planlar cızdıq.

Bununla əlaqədar qeyd edə bilərəm ki, dünya iqtisadiyyatında məlum tənəzzülə baxmayaraq, bizim ticari münasibətlərimiz inkişaf edir, özü də uğurla inkişaf edir. Keçən il bu sahədə artım, müxtəlif hesablamalara görə 37 faizdən 47 faizə qədər olmuşdur. Bu, indiki dövrdə ölkələrimiz arasında münasibətlərdə aşkar görünən rekordlardan biridir.

Rusiya ənənəvi olaraq Azərbaycan ilə ticarət dövriyyəsində aparıcı yerlərdən birini tutur. Biz ikinci yerdəyik. Birinci yeri İtaliya tutur. Lakin biz yaxşı bilirik ki, bu, əsasən İtaliya və Avropa bazarına karbohidrogen xammalı satışı hesabına yaranmışdır, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi isə qat-qat artıq dərəcədə tarazlaşmış, mütəxəssislərin təbirincə desək, nəcib xarakter daşıyır. Burada maşınlar, avadanlıq, ərzaq, bir sözlə, həm Azərbaycan iqtisadiyyatı üçün, həm də Rusiya Federasiyasının iqtisadiyyatı üçün həyati əhəmiyyətli məhsullardan söhbət gedir.

Bu cür yüksək göstəricilər əldə edilməsinə regionlararası və sərhədyanı intensiv əlaqələr çox kömək edir. Bunu demək kifayətdir ki, Rusiya Federasiyasının 70-dən çox regionu Azərbaycan ilə sıx işgüzar əlaqələr saxlayır.

Qeyd etməliyəm ki, Azərbaycanda 500-dən çox Rusiya şirkəti işləyir, onların fəaliyyəti sosial-iqtisadi inkişaf üçün ən mühüm sahələrin geniş spektrini əhatə edir – yanacaq-energetika kompleksi, avtomobil sənayesi, maliyyə, sığorta fəaliyyəti, səhiyyə. Yaxşı məlumdur ki, bunlar faktiki məişət səviyyəsidir, lakin əslində böyük iqtisadi əhəmiyyət kəsb edir. Hamı yaxşı bilir ki, Rusiyada kifayət qədər çoxlu Azərbaycan vətəndaşı işləyir, onların sayı bir milyondan artıqdır, Rusiya vətəndaşlığı olan azərbaycanlıları da nəzərə alsaq bu, iki milyondan çoxdur.

Rusiya və Azərbaycan energetika sahəsində iri beynəlxalq oyunçulardır. Bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq da həyata keçiririk. İndi hamısını təkrarlamayacağam, bu sahədə işlərin həcmi çox böyükdür və getdikcə genişlənir. Siz indicə Rusiyanın "Rosneft" dövlət şirkəti ilə Azərbaycanın müvafiq tərəfdaşları arasında sazişlərin imzalanmasında iştirak etdiniz.

Yanacaq-energetika kompleksi sahəsində kooperasiyanın yeni istiqamətləri və formatları mənimsənilir. Bildiyiniz kimi, mən bunu artıq demişdim, bu gün sazişlər imzalanmışdır, lakin onların 15 il, bəlkə də 20 il üçün perspektivi vardır. Yəni, qarşıdakı uzun illər üçün əməkdaşlığa yaxşı baza hazırlanır.

Dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində humanitar əlaqələr də xüsusi rol oynayır. İndiki səfər çərçivəsində 2015-ci ilə qədər olan dövrdə bu sahədə dövlətlərarası əməkdaşlıq proqramı təsdiq edilmişdir. Biz oktyabrın 31-dən noyabrın 1–dək Bakıda keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələlərini müzakirə etdik. Əminliklə demək olar ki, 2011-ci ildən bəri nisbətən qısa dövr ərzində bu forum ictimai həyatda çox böyük hadisəyə çevrilmişdir.

Danışıqlarda Xəzər regionu çərçivəsində problemlərin həllinə də böyük diqqət yetirdik. Biz bu regionun sülh, əməkdaşlıq regionu olmasında maraqlıyıq. Burada hələ həll edilməmiş problemlər çoxdur. Onlar təhlükəsizlik, sərhədlərin delimitasiyası, Xəzər dənizi sisteminin bioloji müxtəlifliyinin qorunub saxlanması və sair məsələlərə aiddir. Biz çox istəyirik ki, bütün bu məsələlər həll edilsin və təbii ki, bütün Xəzəryanı dövlətlərin maraqları nəzərə alınmaqla həll edilsin.

Səciyyəvi haldır ki, Rusiyanın Xəzər donanmasının gəmilər dəstəsinin Bakıya dostluq səfəri də bizim danışıqlarla eyni vaxta təsadüf edir. Bu dəstənin tərkibində "Dağıstan" raket gəmisi və "Volqodonsk" kiçik artilleriya gəmisi də vardır. İlin sonunda Azərbaycan dənizçiləri Həştərxana cavab səfəri etməyi planlaşdırırlar.

Təbii ki, danışıqların gedişində biz aktual beynəlxalq məsələlərə, o cümlədən əlbəttə, Dağlıq Qarabağ probleminə də toxunduq. Vurğulamaq istəyirəm ki, bu münaqişə yalnız siyasi vasitələrlə tənzimlənə bilər və Rusiya münaqişənin tezliklə tənzimlənməsinə fəal kömək edir.

Son olaraq qeyd etmək istərdim ki, apardığımız danışıqlar ölkələrimiz arasında hərtərəfli əməkdaşlığı möhkəmləndirmək əzmində olduğumuzu bir daha nümayiş etdirdi.

Mən bütün azərbaycanlı dostlarımıza, həmkarlarımıza səmimiyyətə, qonaqpərvərliyə, bizim bugünkü görüşün işgüzar tərzdə keçməsinə və artıq qazanılmış nəticələrə görə bir daha təşəkkür edirəm.

Diqqətinizə görə çox sağ olun".

Bütün xəbərlər Facebook səhifəmizdə