Müxalifət nümayəndələri prezidentlik deyil, yalnız öz aralarında liderlik uğrunda mübarizə apara bilərlər

Tahir Kərimli: “Yenə də hər zamankı kimi gülünc vəziyyətə düşəcəklər”
Müxalifət nümayəndələri prezidentlik deyil, yalnız öz aralarında liderlik uğrunda mübarizə apara bilərlər

Vəhdət partiyasının sədri Tahir Kərimlinin Səs Tv-yə müsahibəsi:

- Tahir müəllim, "Milli Şura"nın sonuncu iclası da qalmaqallarla başa çatdı. Bu bir daha orada təmsil olunanların bir-birinə zidd fikirlər daşıyan insanlar olmasını göstərirmi?

- Əlbəttə, "Milli Şura"nın bütün iclasları kimi sonuncu iclası da böyük qalmaqalla keçdi. Burada onlar heç bir məsələ üzərində ortaq nöqtəyə, ortaq fikirə gələ bilmədilər. Bu isə bir daha onu göstərir ki, "Milli Şura" hər zaman olduğu kimi, yenə də öz təmsilçiləri tərəfindən zərbə almış oldu. Beləliklə, bu qurumun iflası daha da sürətləndi. "Milli Şura" qarşısına qoyduğu məqsədlərə nail ola bilmədi. Rüstəm İbrahimbəyovun da İsa Qəmbərin də ehtiyat namizədlə bağlı fikirləri yenə toqquşdu və sonda "Milli Şura" ehtiyat namizədlə bağlı qərar verə bilmədi. Azərbaycanın müxalifət düşərgəsindən prezidentliyə iddialı hər hansı şəxs Azərbaycanda sabitliyi, əmin-amanlığı təmin etmək iqtidarında deyil. Mən hər zaman demişəm və bu gün də bu fikrimi bir da təsdiq edirəm ki, onlar prezident olmaq uğrunda mübarizə aparmırlar, onların buna gücləri çatmır. Onlar müxalifət düşərgəsində 1-ci lider, 1-ci təşkilat olmaq uğrunda mübarizə aparırlar, lakin buna belə nail ola bilmirlər. Çünki ağılları, siyasətləri, məntiqləri yüksək səviyyədə deyil. Onlar hədsiz qeyri-səmimidirlər, bir-birilərini heç vaxt müdafiə etməyiblər, hətta indi də bir-birilərini sosial şəbəkələrdə gözdən salırlar ki, başqası gözdən düşsə, özləri daha böyük, daha şanslı görünər. Belə olan halda, bunların birliyi də bir səmərə verə bilməz. Qeyri-səmimi birlik heç vaxt heç bir uğur qazandıra bilməz.

- "Milli Şura" avqustun 18–nə aksiya keçirməyi planlaşdırır. Hazırki mərhələdə buna hansı zərurət var?

- Onlar 18 avqusta təyin etdikləri aksiya ilə bağlı artıq indidən həyəcan içindədirlər. Çünki yaxşı anlayırlar ki, bu aksiya baş tutan deyil. Heç kim onlara inanıb bu aksiyaya gələn deyil. Yenə də hər zamankı kimi gülünc vəziyyətə düşəcəklər. Onları heç kim dəstəkləmir. Onların seçki təyin etməklə bağlı qərarlarına heç bir zərurət yoxdur. Məlumdur ki, onlar çıxılmaz vəziyyətdə qalıblar. Heç mitinqlə bağlı təşkilatçılıq məsələlərini də həyata keçirə bilməyəcəklər. Qəti şəkildə bəllidir ki, bunların heç bir gücü, qüvvəsi yoxdur. Hamısı bir-birilərini didirlər. Aralarında heç bir birlikdən söhbət gedə bilməz. "Milli Şura"nın toplantıları mənasız yığıncaqlardır. O da məlumdur ki, Müsavat partiyası ilə AXCP arasında şiddətli qarşıdurmalar mövcuddur. Əli Kərimli İsa Qəmbər haqında, eləcə də İsa Qəmbər AXCP sədri haqqında olmazın təhqirlərə yol verirlər. Bir daha vurğulayım ki, müxalifət düşərgəsində təmsil olunan partiyaların illərdir bir araya gələ bilməməsinin səbəbi tərəflərin hər hansı bir məsələdə vahid mövqedən çıxış edə bilməməsidir. Xalq tərəfindən dəstəklənmədiyini görən bu insanların zorla xalqı öz tərəfinə çəkmək istəyi baş tutmur. Bu, bir daha onu göstərir ki, onların sosial bazası yoxdur. Onların əsas məqsədi anti-milli qüvvələrlə birləşib ölkədə qarışıqlıq yaratmaqdır.

- Bu aksiyaların keçirilməsi hansısa xarici qüvvələrin sifarişi ola bilərmi?

- Bəli, bu aksiyaların arxasında Azərbaycanın inkişafını, ölkəmizdə olan sabitliyi, sakitliyi qəbul edə bilməyən xarici qara qüvvələr də dayanırlar. Onlar milli mənafeyini pula satan müxalifət partiyalarına dəstək verərək ölkədə sabitliyi pozmağa çalışırlar. Lakin həmin qüvvələrə də məlumdur ki, Azərbaycanda xalq müxalifəti qəti şəkildə dəstəkləmir.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə