Aydın Mirzəzadə: “Ermənistan hər gün müharibənin başlanması qorxusu ilə yaşamalıdır”

Aydın Mirzəzadə: “Ermənistan hər gün müharibənin başlanması qorxusu ilə yaşamalıdır”

Millət Vəkili, politoloq Aydın Mirzəzadənin Səs Tv-yə müsahibəsi:

- Son zamanlar xarici dövlət rəhbərlərinin Azərbaycana səfərləri intensiv hal alıb. Azərbaycana bu dərəcədə maraq nədən irəli gəlir?

- Hesab edirəm ki, bütün bunlar Azərbaycanın apardığı daxili və xarici siyasətlə bğlıdır. Öz daxili siyasətini düzgün quran, iqtisadiyyatını gücləndirən dövlətlər beynəlxalq aləmdə nüfuz qazanıblar. Azərbaycanın beynəlxalq aləmdə apardığı siyasət isə, onun beynəlxalq hüquq normalarına uyğun olaraq hərəkət etmək istəyindən xəbər verir. Azərbaycan dünyada stabilliyin və sülhün qorunması üçün çalışan ciddi dövlətlərdən, regionda və dünyada günü-gündən nüfuzu artan güclü siyasi oyunçulardan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biridir. Həmçinin Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Enerji ehtiyatları böyük olan dövlətlər kifayət qədər çoxdur. Ancaq bununla belə Azərbaycan ondan səmərəli şəkildə istifadə edən ölkələrdəndir. Hesab edirəm ki, Azərbaycanın apardığı bu siyasət onun dostlarının, beynəlxalq nüfuzunun artmasına və Azərbaycanla ikitərəfli, qarşılıqlı əlaqələrin yaranmasında marağı olan dövlətlərin artmasına səbəb olur.

- İtaliyanın baş naziri Enriko Lettanın, Rusiya prezidenti Vladimir Putinin, Türkiyə prezidenti Abdullah Gülün və digərlərinin Azərbaycana səfərlərinin Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə hər hansı bir əlaqəsi varmı?

- Birmənalı olaraq, heç bir aidiyyatı yoxdur. Belə ki, seçki olmadığı illərdə də Azərbaycana çoxsaylı səfərlər edilirdi. Sadəcə olaraq bəzi siyasi analitiklər bunun seçki dövrünə təsadüf etməsini yanlış istiqamətə yönləndirməyə çalışırlar. Qeyd edim ki, sadalanan hər bir dövlət ilə Azərbaycanın xüsusi münasibətləri var. İtaliya ilə diplomatik əlaqələr gücləndirilməkdədir. Əvvəl sadəcə diplomatik əlaqələr idisə, indi iqtisadi və siyasi əlaqələr müstəvisində davam edir. Azərbaycan bu gün İtaliyaya yalnız enerji daşıyıcısı deyil, eyni zamanda Azərbaycan sənayesinin bir çox məhsullarını ixrac edir. Hesab edirəm ki, İtaliyanın Baş Naziri Enriko Lettanın Azərbaycana səfəri qarşılıqlı fayda üçün qərarların verilməsinə gətirib çıxaracaq. Rusiya ilə münasibətlər isə Azərbaycan üçün prioritet məsələdir. Biz qonşu ölkələrik. Putinin Azərbaycana səfəri həm ikitərəfli əlaqələri gücləndirməyə, həm də bir sıra beynəlxalq məsələləri müzakirə etməyə şərait yaradacaq. Azərbaycan Rusiya üçün çox ciddi bir tərəfdaş, eyni zamanda maraq doğuran bir ölkədir. Azərbaycanın Qafqaz və Şərq ölkəsi olduğunu nəzərə alsaq, bu baxımdan Rusiya bilir ki, Azərbaycan böyük bir regionla əlaqə üçün bir açardır.

- Vladimir Putinin Azərbaycana səfəri Ermənistanda gərginlik yaradıb. Bu vəziyyət nədən qaynaqlanır?

- Ermənistanda bəzi dairələr, o cümlədən hakim dairələr belə hesab edir ki, Rusiya ilə Azərbaycanın münasibətləri məhz Ermənistandan icazəsi ilə inkişaf edə bilər. Ona görə də, iki dövlət arasında əlaqələrin gücləndirilməsi, inkişaf etdirilməsi və yüksək səviyyəyə çatdırılması əlbəttə ki, Ermənistanda böyük qıcıq doğurur. Ancaq birmənalı şəkildə demək olar ki, Ermənistanın hansı mövqe tutmasından asılı olmayaraq, Rusiya Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlıdır. Rusiyanın Ermənistanla əlaqələrinə gəldikdə isə, bu gün Ermənistanın apardığı siyasət onun kiçik qardaş statusunda qalmasına, siyasi və iqtisadi cəhətdən zəifləməsinə, ən əsası isə bir dövlət kimi dünya siyasi xəritəsindən silinməsinə gətirib çıxaracaq.

- Ermənistan mətbuatının yazdığına görə, noyabrın 7-də razılaşdırılmış müharibə baş verəcək və Dağlıq Qarabağın 6 rayonu erməni işğalından azad olunacaq. Ermənilərin iddialarına görə, bu məsələ Putinin Azərbaycana səfəri zamanı da müzakirə olunacaq. Bu haqda fikirlərinizi bilmək istərdik?

- Vaxtaşırı Erməni mətbuatı bu cür proqnozlarla çıxış edir. Bu isə Ermənistan ictimaiyyətindəki abu-havadan xəbər verir. Ermənistan Azərbaycan tərəfindən hərbi əməliyyatların başladılmasından çox ciddi narahatdır. Azərbaycanın artan hərbi qüdrəti, bu gün beynəlxalq aləmdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın dəstəklənməsi Ermənistanda bir gün Azərbaycanın məsələni hərbi yolla həll etməsi qorxusu yaradır. Rusiya ilə münasibətlərin güclənməsi isə bu qorxunu daha da artırır. Qeyd edim ki, hərbi əməliyyatların başlanması ilə bağlı elan verilmir. Ermənistan hər gün müharibənin başlanması qorxusu ilə yaşamalıdır.

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə