"14-16 avqust tarixlərində Bakı şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun 2-ci toplantısı keçiriləcək. Belə bir tədbirin ölkəmizdə keçirilməsi böyük əhəmiyyət kəsb edir". SİA-nın məlumatına görə, bunu yap.org.az saytına Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini, İCAPP-ın Gənclər Qolunun vitse-prezidenti Ramin Məmmədov deyib.
Onun sözlərinə görə, toplantıda 18 ölkədən təxminən 50 nəfər gənc siyasətçi iştirak edəcək: "Tədbirdə İCAPP-ın rəhbərliyində təmsil olunan şəxslərin də iştirakı nəzərdə tutulur. Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, İCAPP-ın Daimi Komitəsinin üzvü Əli Əhmədov, İCAPP-ın həmtəsisçisi Xose De Venesia, təşkilatın baş katibi Çunq Ey Yonq, Pakistan Müsəlman Liqasının baş katibi, İCAP Daimi Komitəsinin üzvü Müşahid Hüseyn, İCAPP Gənclər Qolunun sədri, Malayziya Baş nazirinin xüsusi məsləhətçisi Dato Seri Şahidan Kasım və İCAPP Daimi Komitəsinin üzvü, Taylandın nümayəndəsi Naline Tavesin toplantıda iştirak edəcəklər. Toplantıda Asiya regionunda fəaliyyət göstərən siyasi partiyaların üzvü olan gənc siyasətçilərin şəbəkəsinin genişləndirilməsi məsələləri müzakirə olunacaq, eləcə də İCAPP Gənclər Qolunun rəhbər strukturlarına seçkilər keçiriləcək. Tədbirin sonunda Asiya gənclərinin Bakı Bəyannaməsinin qəbul olunması gözlənilir. Avqustun 15-də isə İCAPP-ın Gənclər Qolunun 2-ci toplantısının iştirakçılarının Bakı şəhərinin tarixi-memarlıq abidələrinə ekskursiyası nəzərdə tutulub".
"Belə bir mötəbər beynəlxalq təşkilatın tədbirinin ölkəmizdə keçirilməsi Azərbaycan dövlətinin nüfuzunun göstəricisidir. Eyni zamanda, Yeni Azərbaycan Partiyası genişmiqyaslı siyasi fəaliyyət göstərir ki, bu da partiyamızın beynəlxalq müstəvidə geniş əlaqələrə malik olması ilə şərtlənir. Hazırda partiyamız həm Avropanın, həm də Asiyanın nüfuzlu siyasi partiyaları sıx əməkdaşlıq edir. Bu mənada YAP-ın İCAPP çərçivəsində də fəaliyyəti yüksək səviyyədədir. Hesab edirəm ki, İCAPP-ın Gənclər Qolunun toplantısının Bakı şəhərində keçirilməsi ölkəmizin və partiyamızın beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir", - deyə R. Məmmədov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB