"Radikal müxalifət seçkilərə ən hazırlıqsız siyasi qüvvə kimi gedir" AÇIQLAMA
" "Milli Şura"nın dünən keçirdiyi iclas bir daha göstərdi ki, Azərbaycanın radikal müxalifəti prezident seçkilərinə hazır deyil. Prezident seçkilərinə az müddət qalmasına baxmayaraq, radikal müxalifət hələ də irəli sürdüyü namizədin vətəndaşlıq məsələsini müzakirə edir. Hansı ki, bu gün onların hazırladığı proqram, təşkilati struktur, hakimiyyət uğrunda əsas mübarizə tezisləri hazır olmalı idi". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə "Milli Şura"nın dünənki iclasına münasibət bildirərkən deyib.
"Rüstəm İbrahimbəyov kimi siyasətdən kənar, heç bir liderlik keyfiyyəti olmayan birinin vahid namizəd kimi elan edilməsi müxalifətin seçkilərə dırnaqarası yanaşmasından xəbər verir",- deyən millət vəkilinin sözlərinə görə, seçkiqabağı blok yaratmaqlarına baxmayaraq, "Milli Şura"nın daxilində hansısa birlikdən söhbət gedə bilməz: "Yarandığı dövrdən bu günə qədər qurumun daxilində daxili çəkişmələr, qarşılıqlı ittihamlar baş alıb gedir. Liderlər öz ambisiyalarına görə heç bir məsələdə güzəştə getmək niyyətində deyil. Bu gün hər kəs İbrahimbəyov məsələsindən öz xeyrinə istifadə etməyə çalışır. Onun namizədliyinin qeydə alınıb-alınmaması hüquqla həll edilən məsələdir. Azərbaycan müxalifətinin radikal qanadı seçkilərə ən hazırlıqsız siyasi qüvvə kimi gedir".
YAP rəsmisi həmçinin Milli Şuranın avqustun 18-də keçirmək istədiyi aksiyaya da münasibət bildirib. Onun sözlərinə görə, aksiya qanunla həll edilən məsələdir: "Aksiya Azərbaycan siyasətinin aktual mövzusu deyil. Seçkilərin demokratik keçirilməsi, 9 oktyabr prezident seçkilərindən sonra Azərbaycanın gedəcəyi inkişaf yolunun bir daha müəyyən edilməsi, beynəlxalq aləmdə nüfuzumuzun gücləndirilməsi kimi ciddi məsələlər əsas istiqamətlərdən biri kimi seçilib. Bu günə qədər vətəndaşlıq məsələsini həll edə bilməyən və xaricdən burada baş verən prosesləri idarə etməyə çalışan təcrübəsiz insanın Azərbaycan siyasətinə qoşulması, onu dəstəkləyən qüvvələrin zəifliyindən xəbər verir. "Milli Şura"ya daxil olan ayrı-ayrı partiyaların nəzarətində olan qəzetlər İbrahimbəyov məsələsinin onlar üçün böyük fiasko olduğunu və müdafiə etdikləri siyasi partiyaların nə qədər böyük səhvə yol verdiklərini açıq şəkildə yazırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB