Bəzi seçki dairələrinin hüdudlarında, dislokasiyalarında və qrafik təsvirlərində dəyişiklik edilib

Bəzi seçki dairələrinin hüdudlarında, dislokasiyalarında və qrafik təsvirlərində dəyişiklik edilib

Bəzi seçki dairələrinin hüdudlarında, dislokasiyalarında və qrafik təsvirlərində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclasında qərar qəbul edilib. SİA-nın məlumatına görə, qərarda deyilir:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri əsasında Azərbaycan Respublikasının ərazisində müvafiq seçki dairələri yaradaraq onların hüdudlarını və dislokasiyalarını müəyyən etmiş, sxem və qrafik təsvirlərini təsdiq etmişdir. Seçki dairələrinin Azərbaycan Respublikası seçki qanunvericiliyinin tələblərinə uyğun olmasını təmin etmək məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən mütəmadi olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq tədbirlər görülür. Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 7 mart 2012-ci il tarixli 310-IVQ saylı Qanunun icrası ilə əlaqədar olaraq 105 saylı Tovuz və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairələrinin hüdudlarında, Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 6 may 2011-ci il tarixli 106-IVQ saylı Qanunun icrası ilə əlaqədar olaraq 109 saylı Balakən və 111 saylı Zaqatala-Balakən seçki dairələrinin hüdudlarında, Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 22 iyun 2010-cu il tarixli 1055-IIIQ saylı Qanunun icrası ilə əlaqədar olaraq 110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən seçki dairələrinin hüdudlarında, habelə cari ilin seçici siyahıları yenidən tərtib edildikdən sonra seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya tərəfindən seçki dairələrinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.3-cü və 29.7-ci maddələrinə uyğunluğunu təmin etmək məqsədilə müəyyən edilmiş digər əsaslara görə müvafiq olaraq 8 saylı Binəqədi birinci seçki dairəsi, 9 saylı Binəqədi ikinci seçki dairəsi, 22 saylı Nəsimi ikinci seçki dairəsi, 23 saylı Nəsimi-Səbail seçki dairəsi, 24 saylı Nizami birinci seçki dairəsi, 25 saylı Nizami ikinciseçki dairəsi, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi və 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin hüdudlarında, dislokasiyalarında və qrafik təsvirlərində dəyişikliklərin aparılması zərurəti yaranıb. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.6-cı maddəsinə əsasən seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın iclasları hər il vahid seçici siyahıları dəqiqləşdirildikdən sonra iki aydan gec olmayaraq keçirilir. Göstərilən komissiyanın əsas məqsədi seçki dairələrinin bu Məcəllənin 29.3-cü və 29.7-ci maddələrinə cavab verməsinin təmin edilməsidir.Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29-cu, 19.4-cü və 28.4-cü maddələrinəuyğun olaraq q ə r a r a a l ı r :

1. Aşağıda göstərilən seçki dairələrinin hüdudlarında, dislokasiyalarında və qrafik təsvirlərində qismən dəyişikliklər edilsin.

1.1. 9 saylı Binəqədi ikinci seçki dairəsinin dislokasiyasına aid olan 1238 seçici qeydə alınmış 30 saylı seçki məntəqəsinin ərazisi tam şəkildə 8 saylı Binəqədi birinci seçki dairəsinin hüdudlarına daxil edilsin.

1.2. 22 saylı Nəsimi ikinci seçki dairəsinin dislokasiyasına aid olan 2747 seçici qeydə alınmış 28 və 29 saylı seçki məntəqələrinin əraziləri tam şəkildə 23 saylı NəsimiSəbail seçki dairəsinin hüdudlarına daxil edilsin.

1.3. 24 saylı Nizami birinci seçki dairəsinin dislokasiyasına daxil olan 1494 seçici qeydə alınmış 11 saylı seçki məntəqəsinin ərazisi tam şəkildə 25 saylı Nizami ikinci seçki dairəsinin hüdudlarına daxil edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə