Anar Xəlilov: "Mən hesab edirəm ki, onların bu fəaliyyətinə qarşı inzibati tədbirlər görülə bilər və buna bizim qanunvercilik imkan verir"
Azərbaycanın inkişafını gözü götürməyən qara qüvvələrin və xarici donorların təsiri altına düşərək siyasiləşmiş QHT-lərin çirkin fəaliyyəti göz önündədir. Onlarla bağlı inzibati tədbirlərin görülməsinin zəruriliyinə toxunan müsahiblərimiz mövzumuza belə münasibət bildirdilər.
Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov
Azərbaycanda Prezident seçkiləri yaxınlaşdıqca siyasi fəallığın artmasını təbii qəbul etmək lazımdır. Amma təbii qəbul edilməyən, ümumiyyətlə qəbul edilməsi qeyri-mümkün olan məsələ isə QHT-lərin siyasi partiyalardan, siyasi partiyaların isə bir sıra xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan asılı olmasıdır. Biz bilirik ki, Azərbaycanın müstəqilliyinin güclənməsi və inkişafını istəməyən bir sıra dövlətlər ölkəmizin milli və dövlətçilik maraqlarını nəzərə almadan öz iqtisadi və siyasi maraqlarını həyata keçirməyə çalışırlar. Bu məqsədlə də bəzi qrantlar hesabına şəxsi maraqlarını milli və dövlətçilik maraqlarından üstün tutan insanları ələ almaqla öz niyyətlərini həyata keçirməyə çalışırlar. Çox təəssüf ki, bu məsələdə özlərini müxalifət adlandıran siyasiləşmiş qüvvələrə məxsus olan QHT-lərdən xüsusi istifadə olunur. Azərbaycan qanunvericiliyinə zidd olduğunu bilərəkdən bu addımların atılması ölkədə xaos və qarşıdurma yaratmağa istiqamətlənib. Bu hərəkətlər onu deməyə əsas verir ki, bu insanları Azərbaycanın güclənməsi, inkişafı yox, öz şəxsi maraqları düşündürür. Amma bu insanlar və onlara havadarlıq edən qüvvələr birmənalı olaraq dərk etməlidir ki, nə Azərbaycan xalqı, nə Azərbaycan gəncliyi bu cür insanların qanuna zidd hərəkətlərinə göz yummayacaq, ölkəmizdə xaos, qarşıdurma yaradan insanların öz çirkin niyyətlərini həyata keçirmələrinə imkan verməyəcəklər.

"Sağlam İnkişaf və Maarifləndir" İctimai Birliyinin sədri Anar Xəlilov
Bu faktlara indi siyasi aktivləşmə dövründə deyil, elə digər vaxtlarda da rast gəlinirdi. Sirr deyil ki, Azərbaycanda fəaliyyət göstərən bəzi müxalifət təşkilatları xaricdən maliyyələşir. Lakin bunu gizlətmək üçün onların ətrafında "peyk" QHT-lər yaradılıb və onların vasitəsilə bu maliyyələşmə həyata keçirilir. Buna misal olaraq, Milli Demokratiya İnstitutunun verdiyi qarantları da göstərmək olar. Bildiyiniz kimi, Azərbaycan qanunları ilə bu fəaliyyət qadağandır və Maliyyə Nazirliyi də QHT-yə nəzarət edir. Ancaq mən hesab edirəm ki, bundan əlavə onların bu fəaliyyətinə qarşı inzibati tədbirlər görülə bilər, bizim qanunverciliyimiz buna imkan verir. Ümumiyyətlə isə vətəndaş cəmiyyəti institutlarından siyasi məqsədlər üçün istifadə yolverilməzdir və bu hala qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin tərəfdarıyam.

AGAT-ın sədri Gülsel Səfərova
QHT-lər qeyri-siyasi təşkilatlardır. Bu, dünyada qəbul olunan tendensiyadır. Lakin ictimai maraqlar hər zaman siyasi maraqlarla oxşar olur. QHT-nin fəaliyyəti cəmiyyətin rifahının yaxşılaşması, dövlət cəmiyyət dialoquna töhfə vermək və ölkənin prioritetlərini rəhbər tutmaqla ictimai fəaliyyət göstərməkdir. Lakin görünən odur ki, bəzi müxalif siyasi partiyalar bir neçə QHT-lər yaradıb daha sonra siyasi maraqlarının həmin təşkilatlar vasitəsi ilə həyata keçirirlər. Çox zaman həmin QHT-lər dövlət qeydiyyatından keçmək belə istəmir. Çünki belə olan halda dövlət hesabatından yayınacaq və yalnız öz donoruna hesabat verəcəkdir. Azərbaycan qanunvericiliyinə görə, QHT-lər siyasi fəaliyyət göstərə bilməz. Lakin görünən tərəf odur ki, dövlətçiliyə qarşı fəaliyyət göstərən partiyalar bunu QHT-lər vasitəsilə edirlər. Çünki QHT-lər daha azaddır, insanlar qeyri-siyasi təşkilatlara daha çox inanır, eyni zamanda təşkilatlar vətəndaş cəmiyyətinin inkişafı üçün fəaliyyət göstərir.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB