Elşən Musayev: ““Milli Şura” ən uzağı 10 günə dağılacaq”

Rüstəm İbraimbəyov “Günah keçisi”nə çevrilib
Elşən Musayev: ““Milli Şura” ən uzağı 10 günə dağılacaq”

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin Səs Tv-yə müsahibəsi:

- Elşən müəllim, Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməkdən çəkinməsi nəticə etibarı ilə "Milli Şura"da yeni bir namizədin üzə çıxmasına gətirib çıxaracaqmı?

- Rüstəm İbrahimbəyovun və onun timsalında "Milli Şura" üzvlərinin danışığından, açıqlamalarından heç nə başa düşülmür. Namizədlə də bağlı ehtimal irəli sürmək mümkün deyil. Müxalifətçilər təşvişə düşüb, bir-birini ittiham edirlər. Belə vəziyyətdə nə isə demək olarmı? Məncə, xeyr. Bilirsinizmi niyə? Çünki hər hansı birliyin namizədi həmin birlikdəki bütün qüvvələrin, siyasi elektoratın maraqlarını təmin etməlidir. Belə biri isə yoxdur və ya bir tərəfdə Müsavatın dili ilə desək, mafioz, "yalıncıq" Rəsul var, başqa tərəfdə "saman altdan su yeridən" Əli Kərimli, digər tərəfdə ambisiyalarını açıq şəkildə bəyan edən İsa Qəmbər, ən küncdə isə "Milli Şura"nın Şeyx Nəsrullahı - Eldar Namazov! Bu adlarını çəkdiklərimdən hansınınsa önə çıxması isə avtomatik olaraq dağıdıcı müxalifətin parçalanması deməkdir. Hərçənd faktiki anlamda bu parçalanma çoxdan baş verib. Sadəcə kimsə risk edərək özünü qabağa verib "günah keçisi" olmaq istəmir. Bu səbəbdən proses bir qədər uzanır. Məntiqi qanunauyğunluq isə onu deyir ki, "Milli Şura"nın dağılması bütün hallarda labüddür, eyni zamanda alternativ ehtimal, proqnoz da yoxdur. Belə olan halda isə, onların yenidən toparlanması tamamən mümkünsüz olacaq.

- "Milli Şura"nın növbəti sessiyasının avqustun 12-də keçirilməsi nəzərdə tutulur. Bu sessiyada İsa Qəmbər öz namizədliyinin dəstəklənməsi üçün hər hansı bir tələb irəli sürüb onu həyata keçirə bilər?

- İsa Qəmbər öz namizədliyini 1 il bundan öncədən irəli sürüb və bütün israrlara, ələlxüsus da Əli Kərimlinin şantajlarına baxmayaraq, həmin iddiadan əl çəkməyib. Bu gün də həmin iddia qüvvədədir. Sadəcə ortalıqda bu aralar çox fərqli proseslər dövr etdi. Belə ki, "Milli Şura"nın Tbilisi toplantısında İbrahimbəyov İsa Qəmbəri inandırdı ki, onun vətəndaşlıq məsələsi həllini tapmasa (hansı ki çox güman belə də olacaq) özü rəhbər statusunda qalmaqla, İsa Qəmbəri ehtiyat namizəd kimi "Mili Şura" adından ortalığa buraxa bilər. Amma, bu söhbətlər gedərkən reneqat Eldar Namazovu nəzərə almamışdılar. Namazovun həmin müzakirələrə qoşulması prosesin axarını dəyişdi. Nəticə etibarilə də qərara alındı ki, ekstremal vəziyyət olsa, İsa Qəmbərlə yanaşı, Namazov da seçkiyə qatılsın. Aləm də elə həmin məqamda dəydi bir-birinə. Namazov İbrahimbəyovla bərabər özünü Rusiyadakı dairələrə təqdim etmək üçün Moskvaya getdi, İsa Qəmbər isə suyu süzülə-süzülə Bakıya qayıtdı. Ardınca da başladı ağlasığmaz bəyanatlar verməyə. Məsələnin məğzi bax budur. Davamı isə necə deyərlər, Allah-Kərim. Bütün səmimiyyətimlə etiraf edirəm ki, Azərbaycanın radikal müxalifətinin bundan sonra sərgiləyəcəyi hərəkətləri təxmin etməkdə çoxları kimi, mən də son dərəcə acizəm. Çünki bunlar mənfi anlamda ən absurd, ən yöndəmsiz addımları da atmağa qadirdirlər. Durub-durub elə şeylər edərlər ki, adam heyrətindən yerində quruyub qalır. Hətta onların hər biri ayrı-ayrılıqda o qədər "maraqlı" personajlardır ki, anidən Azərbaycanın mövcud iqtidarını müdafiə etdiklərini belə bəyan etsələr, buna da normal reaksiya ilə yanaşaram. Çünki dediyim kimi, tam rentabelsiz, rabitəsiz, plansız adamlardır.

- İsa Qəmbər israrlı görünsə, bu halda Əli Kərimlinin, Rəsul Quliyevin və digərlərinin "Milli Şura"dan getməsi və yaxud da Müsavatın "Milli Şura"nı tərk etməsi məsələsi ortaya çıxa bilərmi?

- "Milli Şura" ən uzağı 10 günə dağılacaq. Özünüz də bunun şahidi olacaqsınız. Amma prosesin məntiqi sonluğunu konkret şəxslərə bağlamağın da əleyhinəyəm. Çünki format olaraq həmin təşkilat bünövrədən düzgün qurulmayıb. Odur ki, kimsənin "Milli Şura"nı tərk edəcəyini də düşünmürəm. Sadəcə mətbuat konfransı keçirib elan edəcəklər ki, daha belə bir təşkilat yoxdur.

Gülyanə

Bütün xəbərlər Facebook səhifəmizdə