Allahşükür Paşazadə Ramazan bayramı münasibəti ilə təbrik yayıb

Allahşükür Paşazadə Ramazan bayramı münasibəti ilə təbrik yayıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik yayıb. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təbrikdə Ramazanın müqəddəsliyinin "Quran"ın məhz bu ayda nazil olması ilə bağlı olduğu vurğulanıb:

"Möhtəşəmliyi və sevinci hədsiz olan bu ülvi bayram insanlara səadət və hədsiz fəxarət bəxş edir. Qoy İslam dininə sədaqətini nümayiş etdirmiş, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun. Savab, ülfət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir".

Təbrikdə builki Ramazan bayramının Azərbaycan dövlətinin həyatında mühüm hadisə olan prezident seçkilərinə hazırlıq dövrünə təsadüf etdiyini qeyd edən Şeyxülislam "Əminəm ki, Azərbaycan xalqı seçkilərdə fəal iştirak edəcək və həmişə olduğu kimi müdrikliyini nümayiş etdirərək, Azərbaycanımızı tərəqqi yoluyla irəli aparana səs verəcək"- deyə, sözlərinə əlavə edib.

"Bir daha əziz bayram - Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirir, müqəddəs bayram günlərini qeyri-iş günü kimi təsbit etmiş dövlətimizə təşəkkürümü bildirirəm. Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin! Qoy Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! AMİN!"

Bütün xəbərlər Facebook səhifəmizdə