Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızının SƏS TV-yə müsahibəsi
- Bildiyimiz kimi, qarşıdan Prezident seçkiləri gəlir. Sizcə, bununla bağlı ölkədəki ictimai vəziyyət, insanların seçkilərlə bağlı əhval ruhiyyəsi və hakimiyyət-dövlət münasibətləri necədir?
- Hesab edirəm ki, qarşıdan gələn seçkilərlə bağlı vəziyyət, əhalinin əhval-ruhiyyəsi olduqca ürək açandır. Bildiyimiz kimi, bir neçə gün bundan öncə seçkinin günü dəqiq müəyyən olunaraq, oktyabrın 9-na təyin olundu. Mən əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı Ulu Öndərimiz Heydər Əliyevin təməlini qoyduğu və Cənab Prezidentimiz İlham Əliyevin davam etdirdiyi uğurlu siyasətə doğru qiymət verərək, ona səs verəcək. Bildiyimiz kimi, artıq seçkilərə hazırlıq prosesi başlamaq üzrədir. Bununla bağlı mən bir məqama toxunmaq istərdim. Belə ki, digər dünya dövlətlərində seçki prosesi müəyyən qısa bir dövrü əhatə etməsinə baxmayaraq, Cənab Prezidentimiz İlham Əliyev elə bir fəaliyyət nümayiş etdirir ki, sanki prezident seçkiləri sabah baş verəcək. Sonuncu dəfə prezident seçkilərindən sonra, növbəti seçkilərə 5 il qalmasına baxmayaraq, cənab Prezidentimizin Azərbaycanın rifahı naminə gördüyü işlər onun hər an seçkiyə hazır olacağından xəbər verir. Bu da digər siyasi partiyalarla müqayisədə, bizim Prezidentimizin rəhbərliyi altında seçkilərə tam hazır olmamıza bir sübutdur. Mən onu da qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyasının namizədi, xalqın mütləq əksəriyyətinin namizədidir. Çünki xalqımız onun dövlətin inkişafı yönündə gördüyü işlərin canlı şahididir. Bu səbəbdən də Yeni Azərbaycan Partiyasının rəsmi namizədi Prezident İlham Əliyev barədə heç bir narahatçılığımız yoxdur, onun yüksək fəaliyyəti hər kəsə bəllidir. Partiya olaraq, yeganə narahatçılığımız Azərbaycanı istəməyən xarici qüvvələrdəndir. Cənab Prezidentimizin parlaq siyasətini gözü götürməyən qüvvələr mövcuddur ki, onlar ölkəmizdə olan sabitliyi pozmaq üçün müəyyən cəhdlər edirlər. Lakin bu kimi cəhdlərlə onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki prezidentimizi xalq dəstəkləyir. Xalqın gücünün olduğu yerdə, heç bir xarici qüvvə nəsə etmək imkanına malik deyil. Buna görə də, mən əminliklə deyə bilərəm ki, İlham Əliyev növbəti dəfə də prezident seçiləcək.
- Məlahət xanım, əfsuslar olsun ki, hazırda qarşıdurmalar yaradan qüvvələr var. Onların mütləq əksəriyyəti də "Milli Şura"-da toplaşıblar. Sizcə, bu ölkədə ictimai-siyasi vəziyyətə nə kimi xələl gətirər?
- Mən az öncə də qeyd etdim ki, əlbəttə qarşıdurma yaratmaq istəyən müəyyən qüvvələr var. Bizə çox gözəl məlumdur ki, onlar xaricdən maliyyələşir. Xarici qüvvələr Azərbaycanda mövcud olan sabitliyi pozmaq üçün əllərindən gələni edirlər. Azərbaycandakı radikal müxalifət, seçkidə öncədən məğlub olacaqlarını çox gözəl bildiyinə görə, mifaloji və utopik fikirlər irəli sürərək xalqın düşüncəsini qarışdırmağa çalışırlar. Lakin onların bütün cəhdləri əbəsdir. Çünki, Azərbaycan xalqı onların kimliyi barədə yetərincə bilgiyə malikdir. Artıq müasir dövr vədlərə, mülahizələrə deyil, real gözlə gördükləri əmələ səs verir. Müxalifətin də konkret xalqa nümayiş etdirə biləcəyi əməl olmadığından, xalq onların cəfəngiyyatını dinləmir. Bir daha qeyd edirəm ki, onlar əbəs yerə öz məkrli əməlləri ilə ölkəmizdə mövcud olan sabitliyi pozmaq istəyirlər. Güclü mövqeyə malik olan dövlətimiz ona uzanan hər bir pis əməlin qarşısını almaq iqtidarındadır.
- Uzun illər hakimiyyətdə olan İsa Qəmbər, Əli Kərimli Rüstəm İbrahimbəyova vahid namizəd məsələsində güzəştə getdilər. Sizcə, bu nədən qaynaqlanır?
- Mənim fikrimcə, "Milli Şura" onu vahid namizəd kimi təqdim etdikdə belə tərəddüd edir. Onlar hələ ki, bu fikri səsləndirirlər. Lakin səsləndirməklə, təsdiq etmək tamam başqa anlayışlardır. Digər bir tərəfdən onu da qeyd etmək istəyirəm ki, onların irəli sürmək istədikləri istənilən namizəd bizim partiyamızın, yəni Yeni Azərbaycan Partiyasının irəli sürdüyü vahid namizədin qarşısında dura biləcək, onunla rəqabət apara biləcək gücə malik deyil. Mən əminliklə deyərdim ki, bunu onların özləri də çox gözəl bilir. Sadəcə onlar xalqın düşüncəsində siyasətçi imici yaratmaq üçün bu kimi addımlar atırlar. Onların bu gün vahid namizəd kimi təqdim etdikləri Rüstəm İbrahimbəyov uzun illər ömrünü musiqiyə həsr edib və hər kəsin yaddaşında sənətçi kimi qalıb. Heç kim onu siyasətçi kimi tanımır, bununla yanaşı o, bir neçə il bundan öncə müsahibələrində də bildirirdi ki, Azərbaycan xalqının dövlət başçısına həsəd aparır, Prezidentimizin irəli sürdüyü siyasəti bəyənir. Əlbəttə ki, ömrünün müdriklik çağına gəldiyi zaman onun qəflətən fikrini dəyişməsi hamıda, hətta ucqar kənddə yaşayan, siyasətdən bixəbər olan adamda belə şübhə yaradar. Mən səfərdə olduğum ucqar rayonlarda bu kimi fikirlərin canlı şahidi olmuşam, onlar mənə sual verirlər ki, Rüstəm İbrahimbəyovu xaricmi maliyyələşdirir? Yoxsa o, nə səbəbə qəflətən belə bir addım atsın?
Bununla yanaşı, biz bilirik ki, siyasətin bir elmi var. Mən düşünürəm ki, onu öyrənməyə uzun illər lazımdır. Ömrünün 75- ci ilində siyasi meydana gəlib, "siyasətçiyəm" demək olmaz. Siyasi nəzəriyyə və təcrübə baxımından bu yol verilməzdir.
Azərbaycanda sabitliyi pozmaq istəyən radikal müxalifət, Azərbaycanı Ermənistan kimi hansısa xarici dövlətin əl altısı etmək istəyir. Radikal müxalifət xarici dövlətlərin gücü ilə hakimiyyətə gəlib, istənilən vaxt onların əmrlərinə tabe olmaq istəyir. Onlar ölkəmizin müstəqil siyasətini məhv etmək, göstərişə əsaslanaraq hərəkət edən dövlətə çevirmək niyyətindədirlər. Təbii ki, müxalifətin bu cür cəhdləri heç bir nəticə verməyəcək, Azərbaycan xalqı bu günə qədər tərəfində durduğu doğruları bu gündən sonra da dəstəkləyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB