Mübariz Əhmədoğlu: “Rusiya Azərbaycandan səmimiyyət tələb edirsə, Zəngəzuru geri qaytarsın”

Naxçıvanın Azərbaycanın qalan ərazilərilə quru əlaqələrinin olmaması Azərbaycanın ən böyük strateji təhkükəsidir
Mübariz Əhmədoğlu: “Rusiya Azərbaycandan səmimiyyət tələb edirsə, Zəngəzuru geri qaytarsın”

"Rusiya-Azərbaycan münasibətləri belə böyük prespektivlərə malikdirsə, Rusiya Azərbaycana bu qədər güvənirsə, Azərbaycan Rusiyaya güvənmək üçün əsas verməlidir". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, bütün Rusiya məkanında Azərbaycanla Çeçenistan arasındakı əlaqələri xüsusi münasibətlər adlandırırlar: "Azərbaycan Çeçenistanla xüsusi münasibətlərini saxlamalıdır. Əgər Rusiya Azərbaycanın Çeçenistanla əməkdaşlığından özünün daxilində müəyyən işlər aparıldığına görə şübhələnirsə, biz o şübhəni dağıdaq. Bu məsələdə Rusiya səmimiyyət yaratmaq üçün inquşlarla bağlı məsələni ortaya atıb. Amma Rusiya səmimiyyət yaratmaq istəyirsə, Azərbaycan da Rusiyadan səmimiyyət istəyir. Bu səmimiyyət də odur ki, tarixi Azərbaycan torpaqları olan Zəngəzuru geri qaytarsın. Zəngəzur SSRİ-nin yarandığı dövrdə Stalinin ilk cinayətlərindən biridir. Zəngəzuru ermənilərə verməklə, Stalin bölünmüş Azərbaycan xalqının yenidən parçalanmasına nail oldu. Naxçıvanın Azərbaycanın qalan ərazilərilə quru əlaqələrinin olmaması Azərbaycanın ən böyük strateji təhlükəsidir. Azərbaycan Respublikasının inkişafından narazı olanların və ya qorxanların həmişə Naxçıvanın digər torpaqlardan aralı olmasından istifadə edəcəkləri şəksizdir. Bu baxımdan, Naxçıvanın Azərbaycanla mütləq quru əlaqələri olmalıdır. Azərbaycan elə indi də inkişaf edir. Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri Azərbaycanın çiçəklənməsi üçün daha böyük imkanlar yaradacaq. Azərbaycanı istəməyənlər isə buna dözməyəcəklər. Zəngəzur torpaqları geri qaytarılsa, Azərbaycanın Türkiyə ilə də əlaqələri yaranar, Şimali Azərbaycan bütövləşər. Yəni Azərbaycan vahid təhlükəsizlik zonasına daxil olacaq. Beləliklə, qonşu dövlətlər gələcəkdə Azərbaycanın Rusiya ilə artan münasibətlərinə irad bildirə bilməyəcək, Naxçıvan faktorundan istifadə edə bilməyəcəklər".

Politoloq bildirib ki, Rusiya Prezidentinin Azərbaycana səfəri çərçivəsində bu məsələ müzakirə olunmalıdır: "Çünki Rusiya prezidenti Vladimir Putin 2000-ci ildə Azərbaycana bu niyyətlə gəlmişdi. O zaman çox böyük uğur əldə olundu. Sonra da hər şeyi məhv etdi. Amma Rusiya prezidenti yenidən həmin dövrdəki əhval-ruhiyyə ilə Azərbaycan gəlir".

M.Əhmədoğlu onu da deyib ki, Rusiyanın Azərbaycana etdiyi bütün təzyiqlər nəticəsiz qalıb: "Artıq Azərbaycan dövlətinin təzyiqə yeri yoxdur. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin Azərbaycanla bağlı iki mühüm fikri var. Birincisi odur ki, "Rusiya Azərbaycanın daxili işlərinə qarışmır". İkinci tarixi fikri isə "Azərbaycan öz daxili siyasi proseslərini idarə etmək iqtidarında olan dövlətdir". Yəni Azərbaycan dövləti o qədər güclüdür ki, öz daxili işlərini həll edə bilir. Bu dövlətə kənardan heç kəs müdaxilə edə bilməz. Əgər regionun ən güclü dövləti olan Rusiya bu sözü deyirsə, digər dövlətlər də bundan dərs çıxarmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə