AVP Azərbaycan xalqına müraciət edib

Ana Vətən Partiyası VI qurultayında Prezident İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul edib
AVP Azərbaycan xalqına müraciət edib

Bu gün Ana Vətən Partiyasının (AVP)VI Qurultayı keçirilib. SİA-nın xəbərinə görə, qurultay nümayəndələri Prezident İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul edib.

Qurultay Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Daha sonra vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra qurultayın katibliyi və komissiyaları seçilib, gündəliyi təsdiqlənib.

AVP sədri Fəzail Ağamalı partiyanın V qurultaydan bu yana görülmüş hesabatı ilə çıxış edib: "Ana Vətən Partiyası hər zaman vətəndaş mövqeyindən çıxış edib. Partiyamız yarandığı dövrdən başlayaraq Azərbaycan dövlətçiliyini müdafiə edib".

F.Ağamalı Azərbaycanın daxili və xarici siyasəti barədə də danışıb: "Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bu gün Azərbaycanın çox güclü ordusu var. Ancaq Azərbaycan demokratik dövlətdir və Dağlıq Qarabağ münaqişəsinin həllini sülh yolu ilə həll etməyə çalışır".

AVP sədri Türkiyə və Ermənistan arasında imzalanan Sürix protokolları ilə bağlı məsələdə təmsil etdiyi partiyanın fəallığından danışıb: "Bu protokollar imzalanda şəxsi təşəbbüsümlə Ankaraya getdim. Orda AKP, MHP, CHP-dən olan millət vəkilləri ilə görüşlər keçirdim. Nəticə olaraq bu protokolları pisləyən bəyanat qəbul edildi"

F.Ağamalı Azərbaycan dövlətçiliyinə xəyanət edən, milli maraqlardan uzaq olan insanları kəskin tənqid edib. Bildirib ki, "Milli Şura" bir başa olaraq Kremlin layiuhəsidir və bu qurumda təmsil olunan insanlar milli maraqları sataraq Rusiyanın layihəsini Azərbaycanda icra etməyə çalışırlar. Amma Azərbaycan xalqı bu insanları yaxşı tanıdığına görə onlara heç bir dəstək vermir. Heç vaxt xalq canı bahasına əldə etdiyi müstəqilli kənar qüvvələrə güzəştə getməyəcək. Bu baxımdan bütün AVP üzlərini vətəndaşlıq mövqeyindən çıxış etməyə çağırıram.

Daha sonra AVP-nin rayon təşkilatlarının sədrləri çıxış ediblər.

Çıxışlardan sonra oktyabrn 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat qəbul olunub. Bəyanatda Prezident İlham Əliyevin namizədli yekdilliklə dəstəklənib.

Qurultayda AVP-nin Nizamnaməsinə əlavə və dəyişikliklər və partiyanın yeni proqram təsdiq edilib. Fəzail Ağamalı növbəti müddətə AVP sədri seçilib.

Həmçinin qurultayda tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisinin geri qaytarılması və Güney Azərbaycanda olan vəziyyətlə bağlı bəyanatlar qəbul olunub.

Qurultayda prezident seçkiləri ilə bağlı Azərbaycan xalqına müraciət də qəbul olunub. Müraciətdə bildirilib ki, Prezident İlham Əliyevin yenidən prezident seçilməsi ilə dövlətimiz daha da möhkəmlənəcək, qarşıda duran bir sıra milli problemlərin həllinə nail olunacaq: "Bu uğurlu yolda birinci addım düzgün seçim etməkdir. Əziz soydaşlar, bir daha Sizi gələcək uğurlarımızın qarantı, vətəninin gələcəyini düşünən İlham Əliyevə səs verməyə çağırırıq".

Qurultayın sonunda AVP sədri Fəzail Ağamalı çıxış edərək, partiyanın bundan sonrakı fəaliyyət istiqamətləri barədə qurultay iştirakçılarına məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə