Əli Orucov: “Milli Şura”nın daxilində birlik, ədalət yoxdur” MÜSAHİBƏ

Əli Orucov: “Milli Şura”nın daxilində birlik, ədalət yoxdur” MÜSAHİBƏ

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucovun SƏS TV-yə müsahibəsi:

- Əli bəy, "Milli Şura"nın Tbilisi səfəri nəticəsiz qaldı. Bundan sonra şuranın çoxsaylı namizədlərlə seçkilərdə iştirak etməsini ehtimal etmək olar?

- Əvvəla qeyd edim ki, "Milli Şura" yaradılarkən orada bir sıra açıq suallar vardı və sözügedən sualların cavabı açıqlanmamışdı. Nəzərinizə çatdırım ki, "Milli Şura" tələsik bir şəraitdə yaradıldığına görə, orada vacib olan məqamlar diqqətdən qaçıb. Fikrimcə, onların Tbilisiyə getməsinə ehtiyac yox idi. Əgər Rüstəm İbrahimbəyov namizədliyini irəli sürübsə, deməli seçki kampaniyasını aparmaq üçün mütləq Bakıya gəlməlidir. O, hər dəfə gələcəyə barədə söz verir, əvvəlcədən xəbərlər yayır. Lakin onun bu vədləri heç də özünü doğrultmur. Həmçinin onun yalan danışması "Milli Şurada" da gərginlik yaradır. Bundan başqa, onlar Tbilisiyə getməklə, dünya ictimaiyyətinin diqqət mərkəzində olmağa çalışırlar. Bu addımla onlar beynəlxalq aləmə göstərmək istəyirlər ki, Azərbaycanda bizə bir araya gəlmək üçün şərait yaradılmır. Ölkəmizdə normal bir cəmiyyətin olmadığını bəyan etməklə, onlar istəyirlər ki, seçkilərin saxta olduğuna dair indidən hay-küy qaldırsınlar. Lakin "Milli Şura"nın tərkibində olanlar anlamaq istəmir ki, onların özlərinin daxilində belə birlik, ədalət yoxdur. Onlar mütəmadi olaraq bir-biriləri ilə konflikt aparırlar. Bu, özünü şura tərkibində digər birinin namizədlik iddiası ilə çıxış etməsində də büruzə verir. İsa Qəmbər belə bir addım atmaqla bu şüarının möhkəm olmamasını bir daha sübut etmiş oldu. Bir məqamı nəzərinizə çatdırım. Tbilisidəki çıxışında İsa Qəmbər dolayısı ilə bildirdi ki, o, yığıncağın burada olmasından narazıdır. Bu prosesin Bakıda baş tutmasının mövqeyə daha uyğun olduğunu diqqətə çatdırdı.

- İsa Qəmbər "Azadlıq Radiosu"ndakı çıxışında deyib ki, Rüstəm İbrahimbəyovun Bakıya gətirilməsi üçün addım atılmalıdır. Lakin, Zəfər Quliyev, Mirkamal, Fuad Qəhrəmanlı tamam fərqli fikirlər səsləndirir. Bu ziddiyyətləri nə ilə izah etmək olar?

- Ümumiyyətlə, onlar daxili problemləri mətbuata çıxıb açıqlamamalıdırlar. Bu ziddiyyətlərin həll edilməsi onların öz aralarında gizli şəkildə olmalıdır. Onlar başa düşmürlər ki, seçkilərin keçirilməsinə az müddət qalıb. Milli Şuranın üzvlərinin qısa zaman ərzində özlərini cəmiyyətə tanıtdırması, hakimiyyətdən fərqli olmalarını nümayiş etdirmələri mümkün deyil. Çünki, onların apardıqları təbliğatlar xalqa inandırıcı görünməz. Fikrimcə, "Milli Şura" daxilində nə qədər ki ziddiyyətlər var, onların nə isə əldə etməsi mümkün deyil.

- Gürcüstan prezidenti Mixeil Saakaşvili bəyan edib ki, "Milli Şura"nın Gürcüstandan Azərbaycanın əleyhinə iş aparması Rusiyanın planıdır. Bu iddia nə qədər həqiqətə uyğundur?

- Onların fikirlərini o qədər də ciddi qarşılamıram. Çünki o, artıq Gürcüstanın keçmiş siyasətinə aiddir. Oktyabr ayında onun səlahiyyətlərini icra etməsi sona yetir. Bildiyimiz kimi, onun Rusiyaya qarşı patoloji nifrəti var. Bu səbəbdən də o, bu cür bəyanatlar səsləndirir. Digər bir tərəfdən Gürcüstan tərəfi bildirir ki, onların bu məsələdən xəbəri yoxdur. Mən bu fikirlə də qətiyyən razılaşmıram. Çünki bu məsələ Azərbaycan mətbuatında geniş şəkildə işıqlandırılıb.

- Sizin də az öncə qeyd etdiyiniz kimi, "Milli Şura" daxilində qarşılıqlı ziddiyyətlər fonunda şuranın yaxın günlərdə dağılacağı ilə bağlı fikirlər bildirilir. Sizcə, bu doğrudurmu?

- Bizə yaxşı məlumdur ki, "Milli Şura"da bir-birilərini qəbul etməyən partiyalar var. Məsələn, Rəsul Quliyevin rəhbərlik etdiyi partiya ilə Müsavat Partiyasının ciddi problemləri var. Bu proseslərdə daha bir məsələ diqqətimizi çəkir. Belə ki, Rəsul Quliyev bəyan edib ki, onun namizədliyi irəli sürüləcəyi təqdirdə, Azərbaycana gəlişi baş tuta bilər. Əlbəttə, bunlar cəfəng fikirlərdir. Rüstəm İbrahimbəyovun seçkilərdə iştirak etməsi mümkün olmazsa, onlar daxildən tamamilə parçalanaraq, müxtəlif qollara ayrılacaqlar. Şuranın tərkibində olacaq hər bir partiya müstəqil şəkildə namizədliyini irəli sürəcək. Mən onların gələcəyə dair planlarına nəzər saldım və bununla əlaqədar olaraq deyə bilərəm ki, onlar yanlış addımlar irəli sürməyi planlaşdırır. Belə ki, 2 il ərzində 3 dəfə seçkilərin keçirilməsini nəzərdə tuturlar. Bu kimi addım atmaq təşəbbüsünün özü cəmiyyətin gərginləşdirilməsinə şərait yaratmaq deməkdir. Çünki, Azərbaycanda müxtəlif ölkələrin maraqları toqquşur. Ölkəmizdə sabitliyin pozulmasına cəhd göstərən qüvvələr var. 2 il ərzində ard-arda seçkilər keçirilərsə, bu kimi qüvvələr Azərbaycanda mövcud olan sabit vəziyyəti məharətlə poza bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə