Əjdər Tağızadə: "Tehran rejimi İslam aləmində söz sahibi olmaq istəyir"

Əjdər Tağızadə: "Tehran rejimi İslam aləmində söz sahibi olmaq istəyir"

Dünya Azərbaycanlılar Konqresinin Daimi şurasının sədri Əjdər Tağızadənin SƏS TV-yə müsahibəsi

- Əjdər müəllim, bildiyiniz kimi İranda prezident seçkiləri keçirildi. Seçkilər nəticəsində Həsən Ruhani qalib gəldi. Avqust ayının 4-də andiçmə mərasimi keçirildikdən sonra o, öz səlahiyyətlərini icra etməyə başlayacaq. Sizcə, hakimiyyətdə olduğu müddətdə Həsən Ruhani ölkədə nə kimi dəyişikliklər edə biləcək?

- Bilirsiniz ki, biz İranda baş verən proseslərə olduqca diqqətlə yanaşırıq. Çünki ilk növbədə düşünürük ki, bunun görəsən, Güney Azərbaycana və orada yaşayan Azərbaycan türklərinə nə kimi faydası olacaq? Bu fakt inkaredilməzdir ki, bu gün Azərbaycanın güneyində güclü milli hərəkat mövcuddur. Orada baş verən daxili basqıya və çətinliklərə baxmayaraq, onlar öz istəklərini dilə gətirməkdən çəkinmirlər. Seyid Məhəmməd Xatəminin prezident olduğu dönəmdə öz milli dil azadlıqlarını tələb edənlər daha çox təzyiqlərə məruz qaldılar. Bu zaman Həsən Ruhani də Milli Təhlükəsizlik şurasının sədri idi. Hökm strukturu onların hər ikisinin əlində olduğuna görə, onlar heç bir xalqa demokratiya barədə danışmağa, onun adını belə çəkməyə icazə vermirdilər. Bir faktı da nəzərə çatdırmaq istəyirəm ki, həmin vaxtlarda Tehranda tələbələr nümayiş keçirəndə, onlara qarşı güclü təzyiqlər oldu, hətta onların bir neçəsi öldürüldü. Yadınızdadırsa, keçən həftə Seyid Əli Xaməninin tələbələrlə görüşü zamanı onlardan biri açıq şəkildə çıxış edərək, öldürülən tələbələrin aqibətini sorğuladı. Buna oxşar bir hadisə də Təbriz Universitetində baş verəndə, yəni Azərbaycan türkləri öz etirazlarını bildirəndə, onlar bunun qarşısını aldı, mediada bunun işıqlanmasına imkan vermədilər. Onlar məzlumcasına öldürüldülər, ancaq bu barədə heç bir orqana məlumat verilmədi. Sözümün mətləbi ondadır ki, bu gün Həsən Ruhani bu əlacsız vəziyyətdə, İran adlanan yerdə iqtisadi vəziyyətin ağır olduğu zamanda hakimiyyəti əldə edir. Tehran rejiminin mahiyyəti ilk gündən dünyaya inqilabı yaymaqdır. Onlar özlərini Şiənin mənsəbi hesab edirlər. Lakin bir fakta nəzər salaq. Axı islam aləmi 140 milyondan ibarət deyil. İslam aləmində Müsəlmanın sayı 1 milyard 400 mindən çoxdur. Onlar dərk etmir ki, İslam aləmində sadəcə bir ovuc qədərdirlər. Onlar İslam aləmində söz sahibi olmaq istəyirlər, lakin ərəb dünyası buna yol vermir. Bu hakimiyyət demək olar ki, 90 ildir, farsların əlindədir. Sözügedən rejim dindən sui-istifadə edərək, onu farsçılığın xeyrinə istismar edir. Buna görə də yüz ildir ki, bu məmləkət rahatlıq üzü görməyib. Bu rejimin əsasını qoyan Rza Şah Azərbaycan türkləri başda olmaqla, orada mövcud olan millətləri mənəvi əzib. O, bu qapını necə açıq qoyubsa, ondan sonra gələn digər dövləti idarə edənlər də qapıdan eyni tərzdə keçirlər.

- Əjdər müəllim, bildiyiniz kimi, yeni prezident təhsil, dil və bir sıra digər məsələlərlə bağlı Azərbaycana vədlər verib. Sizcə, bu vədlər gerçəkləşəcəkmi?

- Yox, çünki onlar yaxşı bilirlər ki, İranda dil məsələsini qəbul etsələr, xalq bunun ardınca öz haqqlarını tələb edəcək. Əhməd Necati Azərbaycan türklərinə qarşı əlindən gələn pisliyi edirdi. Çünki o, "Dərin Dövlət"-in adamı idi. Onlar erməniyə tərəf çıxdılar, onu silahla təmin etdilər. Fars heç vaxt Azərbaycan türklərinin irəli getməsini istəməz, bunu yaddaşa həkk etmək lazımdır.

- Bildiyimiz kimi, azərbaycanlı fəallara son günlərdə təzyiqlər artır. Sizcə, bu təzyiqlərin arxasında nə durur?

- Mən bir fakta nəzər salmaq istərdim. İranda azərbaycanlı türklərin məhkəməsində 8 il həbs hökmü veriləndə, türklərin bunun üçün şükür etməli olduqlarını deyirlər. Görün, indi bunlar nə qədər harınlayıblar? Azərbaycan türklərinin həbs edilməsi qərarı onlara yuxarılardan, yəni Təhlükəsizlik orqanlarından gəlir. İranda olan siyasət adamları, hakimiyyətdə olanlar başqa məslələrdə bir-birlərinə əks mövqedə dayansalar da, Azərbaycan məsləsində hər zaman həmfikirdilər. Onlar deyirlər ki, Azərbaycan türkünü hər zaman basqı altında, əsarətdə saxlamaq lazımdır. Bu, onların Azərbaycan Respublikasına yürütdüyü siyasətdə öz əksini tapır. Azərbaycan Respublikasının öz soydaşlarına, Güney azərbaycanlılarına dəstək olmasından qorxaraq, onlar daima erməniyə tərəf çıxış edirlər.

- Bir az da 5 nəfər aclıq aksiyasına başlayan, 20 nəfər zindanda olanlar haqqında məlumat verməyinizi istərdik...

- Nəzərinizə çatdırım ki, zindanda olanlar 20 nəfər deyil. Bilinməyənlərin sayı yüzdən çoxdur. İran hökumətinin keçmişdən irəli sürdüyü bir siyasət var. Onlar deyirlər ki, meyvə yetişəndə onu dərmək lazımdır. Yəni, onlar heç vaxt 50-100 nəfərə birdən hökm oxuyub onları həbs etmir. Nəzərə çarpmamaq üçün az-az, indiki kimi 3-5 nəfər şəklində mühakimə edirlər. İndi aclıq aksiyası keçirən 5 nəfər müxtəlif vaxtlarda tutarlı bir səbəb olmadan 1 il, 2 il bundan qabaq zindanda olub, işgəncələrə məruz qalıblar. Hətta bu barədə kitab yazaraq, onları çap da ediblər. Ən acınacaqlı bir vəziyyəti də qeyd edim. Aclıq aksiyası keçirənlərin yaxınları orada olan orqan əməkdaşlarına müraciət edib, onların durumunun necə oldğunu soruşublar. Cavabında isə təhqiramiz formada: "Qorxmayın, hələ ölməyiblər" ifadəsini eşidiblər. Bununla kifayətlənməyərək onlar sözügedən 5 nəfərin qollarını zəncirləyərək, Təbrizdən Tehrana göndəriblər. Tehran zindanı onları ölümcül vəziyyətdə olduğuna görə, qəbul etməyib. Ac-susuz olan fəallar ən yüksək istinin olduğu zaman maşında 2 gün qalmağa məcbur olublar.

- Urmiya gölünün qurudulması ilə bağlı nə deyə bilərsiniz?

- Orada olan azərbaycanlılar bəhs etdiyiniz məsələyə aydınlıq gətirmək üçün ayağa qalxaraq, birmənalı şəkildə öz etirazını bildirdi. Hətta onların tərkibində indiki fəallar da vardı. Bunu görən hakimiyyət saxta hay-küy salaraq gölü bərpa edəcəyini dedi. Lakin heç kim onlara inanmadı, yalan olduğunu anladı. Onların bu gölü qurutmaqda məqsədləri vardı. Çünki o gölün ərazisi qədim Azərbaycan tarixindən xəbər verir. Azərbaycan türkləri illər boyu orada yaşayıb-yaradıblar. Onlar bu izi itirmək istəyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə