Nazir müavini: "Azərbaycanda məhkəmə hakimlərinin sayı ümumavropa göstəricisindən 3 dəfə aşağıdır"

Nazir müavini: "Azərbaycanda məhkəmə hakimlərinin sayı ümumavropa göstəricisindən 3 dəfə aşağıdır"

"Azərbaycanda son illərdə məhkəmə hakimlərinin sayı dəfələrlə artırılsa da, bu ümumavropa göstəricisindən 3 dəfə aşağıdır". SİA-nın xəbərinə görə, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda "Seçki prosesində ədliyyə orqanlarının rolu və fəaliyyət istiqamətləri (VVAQ orqanları, notariuslar, Hüquqi Aktların Dövlət Reyestri, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri)" mövzusunda çıxışı zamanı deyib.

A. Cəfərovun sözlərinə görə, 1995-ci ildən bəri həbs yerlərində, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən və cəza çəkən məhbusların səsvermə hüququndan istifadə edərək, səsverməsinin təmin edilməsi ilə bağlı müvafiq addımlar atılır: "Bu istiqamətdə Ədliyyə Nazirliyinin Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları ilə qarşılıqlı fəaliyyət həyata keçirilir. Həmin gün cəzaçəkmə müəssisələrində təkcə məhbuslar yox, eyni zamanda həmin qurumlarda xidmət aparan növbətçi əməkdaşlar və hərbi qulluqçular da səsvermədə iştirak edir. Cəzaçəkmə müəssisələrində namizədlərin və onların səlahiyyətli nümayəndələrinin də məhbuslarla görüşlərinə icazə verilir".

Nazir müavini qeyd edib ki, 2008-ci ildə keçirilən prezident seçkilərində səsvermə hüququ olan məhbuslardan 17.700 nəfərdən 99,3 faizi öz hüququndan istifadə edərək, bu seçkidə iştirak edib. Həmin məhbusların – seçicilərin 93,9 faizi də ölkə Prezidenti İlham Əliyevə səs verib. Sonuncu - 2010-cu ildə keçirilən parlament seçkilərində isə 16.603 məhbus – seçicidən, 99 faizi öz hüququndan yararlanaraq səsvermədə iştirak edib.

A. Cəfərov vurğulayıb ki, Seçki prosesi, dövlətin idarə edilməsində ən effektiv vasitəsidir.

Nazir müavini qeyd edib ki, seçki günü cəzaçəkmə müəssisələrində məhbusların səsvermə prosesini izləmək, işıqlandırılmaq üçün KİV-ə şərait yaradılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə