Əli Həsənov: "Mətbuat hər zaman öz tərəfsiz mövqeyini ortaya qoymalıdır"
Heç bir demokratik cəmiyyəti mətbuatsız, siyasi plüralizmsiz təsəvvür etmək mümkün deyil. SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mətbuat tərəfsiz olmalıdır: "Mətbuat təkcə seçkilərdə deyil, hər zaman öz tərəfsiz mövqeyini ortaya qoymalıdır. Mətbuat insanların seçiminin və ümumi dünyagörüşünün formalaşmasına təsir göstərir. Mətbuat hakimiyyətin də, iqtidara opponentlik edənlərin də fəaliyyətinə qiymət verməyə zəmin yaradır".
PA rəsmisi vurğulayıb ki, Azərbaycanda mətbuat tam azaddır: "1998-ci ilin avqustunda Ümummilli Lider Heydər Əliyev tərəfindən senzura aradan qaldırılıb, Mətbuat və İnformasiya Nazirliyi isə 2000-ci ildə ləğv edilib. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanda tam, azad mətbuat formalaşıb. Bu günə kimi medianın inkişafı ilə bağlı dövlət tərəfindən davamlı tədbirlər həyata keçirilib. Müxtəlif illərdə sərəncamlar verilib, sosial problemlər həll edilib. O qədər tədbirlər görülüb ki, dünyanın heç bir yerində buna rast gəlmək mümkün deyil. Məhz bu il Milli Mətbuat günündə 156 jurnalistə ev verilməsi də bunun sübutudur. Azərbaycan hakimiyyətinin mətbuatdan gizlədəcəyi, çəkinəcəyi heç nəyi yoxdur. Azərbaycan bu gün dünyanın demokratik, azad dövlətlərindən biridir. Bunun da kökündə azad mətbuat dayanır. Yadınızdadırsa, vaxtilə jurnalistlər döyülür, maşının yük yerinə basılaraq, təzyiq edilir, onların çap etdirdiyi qəzetin nüsxələri həmin jurnalistə qarşı təhqir vasitəsi kimi istifadə olunurdu. Hətta indi prezidentliyə namizəd olmaq istəyənlərdən biri də deyir ki, hakimiyyətə gələcəyi təqdirdə, onun haqqında yazan jurnalistlərin ağzından vuracaq. Ancaq bu günə kimi Azərbaycan dövlət başçısının ifadəsində bir dəfə də olsun, jurnalistləri təhqir edəcək bir sözə rast gəlinməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB