Sahib Əliyev: “Rüstəm İbrahimbəyov təlxəkdir”

Sahib Əliyev: “Rüstəm İbrahimbəyov təlxəkdir”

"Rüstəm İbrahimbəyovun "gözləyin gəlirəm"ləri necə də tanışdır deyilmi? Biri buna bənzər açıqlamaları ondan öncə dəfələrlə səsləndirmişdi, hətta deyəsən vədini yerinə yetirmək üçün cəhdə bənzər nəsə də etmişdi. İndi də İbrahimbəyov başlayıb hər ayın əvvəlində "gözləyin gəlirəm" deyib, sonra da dəbbələməyə. Hər kəs bunun nə üçün olduğunu bilir". Bu fikirləri millət vəkili Sahib Əliyev Rüstəm İbrahimbəyovun Azərbaycana gəlib-gəlməməsinə münasibətət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Rüstəm İbrahimbəyov Rəsul Quliyevin artıq "patentləşdirdiyi" bu fənddən yararlanaraq diqqəti öz üzərinə cəlb etməyə çalışır: "Bəli, bədii əsərlərində plagiatçılığı uğurla ört-basdır edən Rüstəm İbrahimbəyov siyasətdə naşı olduğundan, kimisə yamsıladığını gizlədə bilmir. Dostlarından ona deyən yoxdur ki, siyasət də ədəbiyyat kimidir, ay yoldaş İbrahimbəyov! Naşı hər yerdə naşıdır. İstər tanınmış ol, istər tanınmamış. Bu sahədə təcrübən və bacarığın yoxdursa, sadəcə tanınmışlığına güvənib siyasət apara bilməzsən. Əgər aparsan, bu, kino çıxarmaq olacaq. Xüsusilə qeyd edim ki, kino çəkmək yox, kino çıxarmaq! Bizə xas bir çox incəliklərdən bixəbər olan Rüstəm İbrahimbəyov görünür, bunun da fərqində deyil. O, kino çəkməklə kino çıxartmaq anlayışları arasındakı fərqi bilmir. Kino çəkəndə adamı tərifləyir, hətta ona OSKAR da verirlər. Kino çıxarana isə ən yaxşı halda təlxək kimi baxırlar..."

Bütün xəbərlər Facebook səhifəmizdə