Elşən Musayev: "Milli Şura hakimiyyətə “yalıncıq”larla gəlmək istəyir?"

Elşən Musayev: "Milli Şura hakimiyyətə “yalıncıq”larla gəlmək istəyir?"

"Biz Rəsul Quliyevi xəyanətkar, siyasi riyakar adlandırmışdıq. Milli Şuradakı həmkarları isə onu mafioza, həşərata, "Yalıncı"ya bənzətdi. Eyni zamanda epitet yağışının bütün bu söylədiklərimlə bitəcəyini də zənn etmirəm. Çünki bəyin dostları, qardaşları, həmfikirləri hələ bundan sonra da onu "gözəl"və daha "yaraşıqlı" kəlmələrlə vəsf etməyə israrlı kimi görünürlər. Və nəhayət etiraf edim ki, Quliyevin bu qədər universal biri ola biləcəyini heç bir zaman ağlımın ən uc nöqtəsindən də keçirməmişdim. Amma mənzərə ortada: adam Yalıncıq qədər varmış demə" – SİA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Müsavat Partiyası ilə Rəsul Quliyev arasında günlərdir davam edən qarşıdurmaya münasibət bildirərkən söyləyib.

Partiya sədri qeyd edib ki, ortadakı tablonun özündə ehtiva etdiyi, eyni zamanda cavabını çox böyük məmnuniyyətlə gözlədiyi kritik ritorika isə budur: "Açıq və aqressiv düşmənlərin bir düşərgədə olmasına nə hacət var görəsən? Niyə bərabərdirlər? Söz xətrinəmi, görüntü xətrinəmi?

Praktik bir yana, nəzəri hesablamalarıdamı yoxdur bunların? Və ya, özünü mövcud iqtidarın rəqibi sanan Milli Şura hakimiyyətə "yalıncıq"larlamı gəlmək istəyir? Öz taleləri ilə bağlı qərarların icrasını sıradan bir kino-rejissora həvalə etdikləri kimi, bu millətin gələcəyini də öz dilləri ilə desək, Rəsul kimi mafiozların ixtiyarınamı vermək istəyirlər?

Milli Şura iddia edir ki, bu birlik müxalifətin son 20 ildə ən böyük birliyidir. Heyhat! Buna birlikmi deyirlər? İki cüt-bir tək adamın toplandığı bu siyasi antoqonizm ocağı birlikdən çox dirliyi xatırlatmırmı? Və ya, adamlar illərdir "bağ belə-bostan belə" danışdıqdan sonra, qərarlaşdıqları məkanı da bostana çevirdiklərinin fərqində deyillərmi görəsən? Ən nəhayət, mafioz, həşərat, 500 manatlıq, "Yalıncıq", "siyasi dezertir"lə birlikmi qurmaq olar?

Diqqət edin! Milli Şura adlanan anti-milli qüvvənin Azərbaycan xalqının maraq və mənafeləri ilə bağlı ortaya çıxarmış olduğu bir tezis belə yoxdur! Bu ölkənin vətəndaşları onların timsalında heçə sayılır, bütün işlər ancaq xaricdə görülür, seçiciyə münasibətdə inanılmaz etinasızlıq və təşəbbüssüzlük var. Ya da, təsəvvür edin ki, seçki öncəsi ərəfədə Helsinki, Venessiya Komissiyası ilə, erməni lobbisinin himayəçiləri ilə, hətta hansısa yoldan keçən konqresmenlə belə təmasa meyl edilir, bir tək bu millətin nümayəndələrindən başqa! Kənardakı hər kəs onlara daha maraqlı, daha cəlbedici, daha şirin gəlir. Azərbaycan adı isə hər şeyin fövqündədir!

Hərçənd, bir tərəfdən də düşünürsən ki, Dədə Qorqud, Yalıncıq, mafioz zehniyyətinin ortaya qoyduğu şey guya nə olmalı idi ki?...".

Bütün xəbərlər Facebook səhifəmizdə