Millət vəkili: “Ölkəmizin gələcəyi, Prezidentimizin də ümidi, məhz Azərbaycan gəncliyidir” MÜSAHİBƏ

İlham Məmmədov: Yay məktəbi” layihəsində mənim üçün ən yadda qalan tur IV Oğuz turudur
Millət vəkili: “Ölkəmizin gələcəyi, Prezidentimizin də ümidi, məhz Azərbaycan gəncliyidir” MÜSAHİBƏ

Milli məclisin deputatı İlham Məmmədovun SİA-ya müsahibəsi:

- İlham müəllim, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Yay məktəbi" layihəsini necə qiymətləndirirsiniz?

- Yeni Azərbaycan Partiyasının yay düşərgələri artıq bir ənənə halını alıb və mən partiyanın sıravi üzvü olaraq, bir millət vəkili kimi artıq neçə illərdir ki, bu tədbirlərdə iştirak edirəm. Şəxsən mənim bu düşərgələrdə qazandığım kifayət qədər gənc dostlarım olub. Onlarla bu gün də dostluğumu davam etdirirəm. Hansı ki o insanlar bu gün partiyamızın, həm də dövlətimizin ictimai-siyasi həyatında çox yaxından iştirak edən perspektivli gənclərdir. Mən o kontekstlərdən qiymətləndirirəm ki, ictimai-siyasi fəallıqları ilə seçilən gənclər bu düşərgədə də bir-birlərinə bir az da yaxınlaşır, dostlaşır və aparılan təlimlər onlar üçün bir yenilik gətirir.

Bu gün keçirdiyimiz tədbirlərin içərisində innovativ tədbirlər də vardır. Bəzən ucqar bölgədən gələn gənc üçün bu innovativ tədbirin özü çox əhəmiyyətli ola bilir. Bu gün bu düşərgədə olan 90 gəncimiz bir-biri ilə dostlaşdı, yaxınlaşdı münasibət yaratdı.

- Bu günə kimi sizin üçün ən yadda qalan "Yay məktəbi" hansı olub?

- Mənim üçün gözlənilməz sual oldu. Ancaq çox səmimi etiraf edim ki, mənim üçün ən yadda qalan tur, elə "Oğuz"dakı IV tur oldu. Ona görə ki, bu gün burada digər turlardan fərqli olaraq, mən bir qrup rəhbəri kimi 90 nəfər gənc ilə bir yerdə oldum. Çox böyük bir saydır. Həmişə 40-50, ən çox halda 60 nəfər olurdu. Müxtəlif bölgələrdən seçilmiş, siyasi savada, dünya görüşünə, bilgiyə və çox böyük əxlaqa malik olan 90 gənclə görüşdüm. Ola bilsin, bu tur ona görə mənim yadımda qaldı ki, elə düşərgəmiz başlayan gündən bitənə kimi, hər günümüz çox maraqlı tədbirlərlə keçirdi. Hamımızın yadında qalan və unudulmayan bir hadisə də baş verdi ki, bu, futbol turnirinin keçirilməsidir. Mən bura gələndə eşitdim ki, Oğuzun gənclərdən ibarət yerli komandası indiyə kimi yay məktəbində iştirak edən gənclərdən ibarət komandalarımızın hamısına qalib gəlib. Biz əvvəl aramızda yarış keçirdik, öz qalibimizi müəyyənləşdirdik, 4 qrupa bölündük. Ən güclülərimizi seçdik, çox prinsipial bir oyun nümayiş etdirdik və oğuzlu gənclər üzərində qələbə qazandıq. Ümumən qalib gələn Azərbaycan gəncliyi oldu. Bizim təqdimat mərasimlərimiz də çox rəngarəng oldu. Hansı ki, bu təqdimat mərasimləri mənim özüm üçün bir yenilik idi. Uşaqların siyasi şüarlarla səsləndirdikləri təklifləri və yaxud gənclər evi maketinin hazırlanması, turnirin keçirilməsi çox maraqlı oldu. Hər il keçirilən düşərgənin özünün bir özəlliyi var. Ancaq mən dəqiq deyə bilərəm ki, budəfəki günün qalibinin müəyyənləşməsi xüsusi emosiya ilə keçirildi. Hətta mən özüm münsiflər heyətində iştirak etmədim və oyunların obyektiv keçirilməsi üçün müşahidəçi kimi kənardan izləməyə üstünlük verdim. Biz bunun sevincini yaşadıq. Mən çox sevinirəm ki, Ulu Öndərimizin əsasını qoyduğu gənclər siyasəti heç də hədər getməyib. Bu gün dövlətimizə qarşı çıxan hər bir qüvvənin qarşısında müasir, əxlaqlı Azərbaycan gəncliyi var.

- Seçkiqabağı gənclərə tövsiyələriniz nədən ibarətdir?

- Bu gün onlar başa düşməlidir ki, ölkənin gələcəyi gəncliyin əlindədir. Bu gün Azərbaycan gəncliyini öz məkrli siyasətlərinə cəlb etməyə çalışan bir sıra qüvvələr var. Mən Azərbaycanın sağlam gəncliyinə bu cür cəhdlərə qoşulmamağı tövsiyə edirəm. Hazırda biz Bakının mərkəzindən çox-çox ucqar bir bölgədə bu qədər abad, müasir beş ulduzlu oteldə dincəlirik, təbiətdən zövq alırıq. Bu sakitlik və əmin-amanlıq Azərbaycanın reallığı, Ulu Öndərimizin qurub yaratmış olduğu müstəqil Azərbaycanın inkişafının real göstəricisidir. Bax elə Azərbaycan gəncləri, əsas bunu görsünlər! Bu gün gənclər qonşu ölkələrdə, yaxın şərqdə, ərəb ölkələrində baş verən inqilabların acı nəticələrindən dərs almalı, ölkəmizi, dövlətimizi, ən əsası Prezidentimizi sevməlidirlər. Çünki bu gün Azərbaycan reallığı adlandırdığımız inkişaf məhz möhtərəm Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. Dünən siyasi şüarlarla əlaqədar keçirilən tədbirdə gənclərin "Azərbaycan-Azərbaycan", - deyə səsləndirdikləri şüarlar, məhz onların içindən gəlirdi. Vətən sevgisinin bu cür nümayişi üçün onları heç kim məcbur etmirdi. Biz bu gün hələ 90 nəfərlik gəncin timsalında bunu görürük. Yeni Azərbaycan Partiyasının gənclərinin əsas məsuliyyətlərindən biri də, yanlış yolda olan, müəyyən qüvvələrin təhriki ilə bugünkü reallığa qarşı "kor" olan gənclərimizi doğru istiqamətə yönləndirməkdir. Bu gün Azərbaycanda gedən bütün müsbət proseslərin əsas iştirakçısı gənclər olmalıdır, çünki ölkəmizin gələcəyi, Prezidentimizin də ümidi, məhz Azərbaycan gəncliyidir!

MAMED BAĞIROV

Bütün xəbərlər Facebook səhifəmizdə