Siyavuş Novruzov: “Milli Şuranın oyunu prezident seçkilərinə qədərdir" MÜSAHİBƏ

“Müxalifətdə heç bir zaman birlik olmayıb və bundan sonra da bu mümkün deyil”
Siyavuş Novruzov: “Milli Şuranın oyunu prezident seçkilərinə qədərdir" MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:

- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyası seçkilərə necə hazırlaşır?

- Təbii ki, seçkilərə hazırlıq prosesi qanunun tələblərinə uyğun olaraq, çox yüksək səviyyədə davam edir. Seçkilərin demokratik keçməsini şərtləndirən ən mühüm amil mövcuddur, ölkədə ictimai-siyasi sabitlik hökm sürür. Burada hər bir vətəndaşın azad şəkildə öz namizədliyini irəli sürmək şansı, bütün partiyaların seçki prosesində iştirakına imkanı yaradılıb. Bunun üçün də bütün şərait var.

- Siyavuş müəllim, artıq Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi ilə bağlı məlumatlar yayılmaqdadır. Müxalif düşərgənin üzvləri bildirirlər ki, R.İbrahimbəyov çox yüksək səviyyədə qarşılanacaq. Bununla belə iddia olunur ki, Milli Şuranın namizədinin Azərbaycana gələcəyi təqdirdə həbs oluna bilər. Siz bu barədə nə deyə bilərsiniz?

- Rusiyada yaşayan adi vətəndaşlar ölkəmizə necə gəlirlərsə, Rüstəm İbrahimbəyov da eləcə, Azərbaycana gəlib-gedə bilər. Müxalifət burada sadəcə olaraq, müxtəlif şou düzəldir. Guya bu insan Azərbaycana gələcəyi təqdirdə həbs olunacaq və s. Hesab edirəm ki, bütün bunlar insanlar arasında çaşqınlıq yaratmağa və beynəlxalq təşkilatlara müraciətə hesablanıb. Deyə bilərəm ki, beynəlxalq təşkilatları Rüstəm İbrahimbəyov heç maraqlandırmır. Çünki, hər bir beynəlxalq təşkilat müxtəlif mənbələrdən əldə etdiyi məlumatlar hesabına baxıb görür ki, bu adam bir saat da olsun siyasətlə məşğul olmayıb. R.İbrahimbəyov sadəcə kino rejssorudur. Adi bir rejssorlar kimi o da istədiyi yerə gedib-gələ bilər. Düşünürəm ki, bu qurama şounun heç bir təsiri olmayacaq. Bu insanın Azərbaycana gəlib-gəlməməsi bizi maraqlandırmır. Çünki, biz onu rəqib hesab etmirik. Yəqin ki, bu insan ciddi qanun pozuntularına görə narahatdır. Bunu da onun özü çox yaxşı bilir. Bu onun vergidən yayınma halları, əmlakın qeyri-qanuni əldə olunması ilə bağlı ola bilər və s. Yəni, siyasi motivlərlə bağlı bu gün Azərbaycanda heç kəsə qarşı hər hansı bir addım atılmır. Hər bir kəs hansı partiyanın üzvü olmasından, hansı peşə fəaliyyətindən asılı olmayaraq qanun qarşısında bərabərdir, cavabdehlik daşıyır. Bir sözlə, istər Rüstəm İbrahimbəyov, istər digər siyasətçilər, istər adi vətəndaş, istərsə də YAP-ın üzvü qanun pozuntusuna yol veribsə, cavabdehlik daşımalıdır.

- Açıq Cəmiyyət Partiyasının lideri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevlə Müsavat partiyası, xüsusilə adı çəkilən partiyanın icra aparatının rəhbəri Arif Hacılı arasında intiriqalar hökm sürür. Axı necə ola bilər ki, vaxtilə bir-birlərinə can deyib, can eşidən, eyni qabdan çörək yeyən, su içən bu insanlar hazırda bir-birlərinə düşmən kəsiliblər? Belə olan təqdirdə onların birliyindən söhbət açmaq olarmı?

- Radikal müxalifət düşərgəsində heç bir zaman birlik olmayıb və bundan sonra bu mümkün də deyil. Çünki, həmin insanlar o qədər iddialı, hakimiyyət hərisidirlər ki, doğma qardaşlarına belə güzəştə getməzlər. Bu insanların bir yerdə olması sadəcə, oyundur. Bu oyunun müddəti isə oktyabrda keçiriləcək prezident seçkilərinə qədərdir. Seçkilər elan olunan kimi isə hər bir siyasi partiya rəhbəri özü öz namizədliyini irəli sürəcək. Birincisi, Azərbaycanın Seçki Məcəlləsində də yazılıb ki, Milli Şuraya oxşar qurumlar namizəd irəli sürə bilməz. Bunu həmin qurumda olan siyasi partiyalar irəli sürə bilərlər. Siyasi partiyalardan 5-6 nəfərin həmin qurumda təmsil olunması isə Milli Şuranın statusunu dəyişə bilməz. Mən hələ də bir şeyi başa düşmürəm ki, öz partiyaları tərəfindən dətəklənməyən bu insanlar hələ də namizəd axtarışındadırlar. Hesab edirəm ki, özünə hörmət edən siyasi partiya rəhbəri öz namizədliyini bir kənara qoyub siyasətlə məşğul olmayan bir şəxsin namizədliyini irəli sürürsə, bu artıq o partiyanın iflasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə