Fərhad Məmmədov: “Builki seçkilər hazırki radikal müxalifətinin son seçkisidir” MÜSAHİBƏ

“Düşünürəm ki, yaxın gələcəkdə seçkidən sonrakı müddətdə müxalifət liderlərinin siyasi arenadan getməsi, bu partiyalardan olan yeni simaların ortaya çıxmasına imkan yaradacaq”.
Fərhad Məmmədov: “Builki seçkilər hazırki radikal müxalifətinin son seçkisidir” MÜSAHİBƏ

Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun SƏS TV-yə müsahibəsi:

- Fərhad müəllim, artıq Ermənistan prezidenti Serj Sakisyan da ölkəsində vəziyyətin acınacaqlı olduğunu, ölkədə iqtisadi durğunluq hökm sürdüyünü və əhalinin ölkəni tərk etdiyini etiraf edib. Siz necə düşünürsünüz, bütün bunlar danışıqlar prosesinə təsir göstərə bilərmi?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə də qeyd edib ki, Ermənistanın gələcəyi yoxdur. Dünya iqtisadi böhranı da göstərdi ki, Ermənistan iqtisadiyyatı xarici amildən daha çox asılı vəziyyətdədir. 1989-cü ilə nisbətən, ötən il Ermənistanda doğuşun sayı iki dəfə azalıb. Bütün bu faktlar onu göstərir ki, işğalçı ölkədə depulyasiya baş verib. Digər tərəfdən, biz burada qadınların orduya cəlb olunmasının şahidi oluruq. Artıq Ermənistan ordusunun formalaşdırılmasında da problemlər mövcuddur. Yəni, bu şəraitdə Ermənistan prezidenti Serj Sarkisyanın bütün bunları etiraf etməsi onu göstərir ki, Azərbaycanın cəzalandırma siyasəti və mexanizmləri səmərəlidir və illər ötdükcə bu, öz bəhrəsini verəcək. Əlbəttə, Ermənistanın bu vəziyyətdən çıxması üçün sərhədləri açıq olmalıdır. Bu isə ilk növbədə danışıqlar prosesinin fəallaşması, başlanması və mərhələli şəkildə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Hesab edirəm ki, bu, yeganə yoldur. İnanırıq ki, işğalçı ölkəyə dəstək olan ölkələr (Rusiya , Avropa İttifaqı, ABŞ, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri) bunları anlayıb, qarşı tərəfə daha sərt şəkildə təsir göstərəcəklər.

- ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatı haqqında nə deyə bilərsiniz? Axı nəyə görə hələ də həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində heç bir səy göstərmirlər?

- Vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrləri tam heyətdə və ayrı-ayrı dövlətlər Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal olublar. Bu, bizə ümid verir ki, yaxın gələcəkdə də hər hansı bir fəallaşma müşahidə olunacaq. Bizim fikrimiz ondan ibarətdir ki, bütün bunlar hansısa bir ticarətdən və ya müvəqqəti reallıqlardan irəli gəlməsin. Bu uzun müddətli sülhün əsası olmalıdır. Təbii ki, uzun müddətli sülh də ilk növbədə beynəlxalq hüquqa əsaslanan sülhdür. Beynəlxalq hüquq isə onu deyir ki, Azərbaycan əraziləri boşaldılmalıdır. Bundan başqa atılan istənilən addım ölkəmiz tərəfindən sadəcə olaraq qəbul edilməzdir.

- Azərbaycan günü-gündən inkişaf edir, güclənir, iqtisadi qüdrəti artır və s. Amma o da danılmaz faktdır ki, bəzən bu inkişafı gözü götürməyən qüvvələr ölkəmizdə katalizator rolunu oynamağa başlayıb. Hətta "Freedom House" və bu kimi beynəlxalq təşkilatlar ölkəmizə qarşı qarayaxma kampaniyası ilə məşğul olur və hesabatlar dərc edirlər. Bu barədə fikirlərinizi almaq istərdik.

- Bu hesabatların formalaşması prosesi həm Azərbaycan hakimiyyətinə, həm də ekspert ictimaiyyətinə bəllidir. Həmin hesabatlar əsasən Azərbaycanda fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatları (QHT) və müxalifət partiyalarının verdiyi məlumatlar əsasında formalaşır. Bu qurumlar dünyada hər kəsə də bəlli olduğu kimi müəyyən maraqlı siyasi dairələrin, qüvvələrin dəyənəyi funksiyasını həyata keçirir. Hesab edirəm ki, ölkə nə qədər zəifdirsə, xarici imtiyazlardan asılıdırsa, bu dəyənəyin fəaliyyəti o qədər səmərəlidir. Lakin, Azərbaycan nümunəsində ölkə nə qədər varlıdırsa, müstəqilliyini gücləndiribsə, belə qurumların hesabatları da hansısa bir önəm daşımır.

- Fərhad müəllim, bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkiləri öncəsi müxalifət hər zaman olduğu kimi, yenə də dərəbəyliklə, ara qızışdırmaqla özlərinə nüfuz qazanmağa çalışırlar. Hətta Moskvada əyləşib demokratiyadan dəm vuran Rüstəm İbrahimbəyov kimi insanlar ikili vətəndaşlığından imtina edirlər.

- Düzdür, seçkilərə artıq az müddət qalıb. Amma hələ də Milli Şura daxilində nə düzəmməlli bir qurum yaranıb, nə də geniş bir platforma mövcuddur. Azərbaycan müxalifəti parlamentdə təmsil olunur və onun öz namizədləri var. Onlar hələ ki, daha çox bir-birlərilə mübarizə aparır. Bu şəraitdə Azərbaycan müxalifətinin prezident seçkilərinə ciddi müqavimət göstərməsi, xalqın dəstəyini qazanması, hər hansı bir fəaliyyətdə olması gözlənilmir. Çünki, onların fəaliyyəti ancaq qəzet səhifələrində, sosial şəbəkələrdə qarşılıqlı söyüşdən və aksiyalardan ibarətdir. Beləcə, burada hər hansı bir fəallıq müşahidə olunmur. Rüstəm İbrahimbəyov uzun illər Azərbaycanda olmayıb və ölkə əhalisi onu tanımır. Bu insan kifayət qədər emosionaldır. Yəqin ki, bu da onun yaradıcılığı ilə bağlıdır. Hesab edirəm ki, prezident seçkilərində onun namizədliyinin irəli sürülməsi ilk növbədə qurum daxilində gedən proseslərin və intriqaların nəticəsidir. Bu qurumda bir neçə namizəd var və onlar hələ də öz namizədliklərini geri çəkməyiblər. Builki seçkilər hazırki radikal müxalifətinin son seçkisidir. Düşünürəm ki, yaxın gələcəkdə seçkidən sonrakı müddətdə müxalifət liderlərinin siyasi arenadan getməsi, bu partiyalardan olan yeni simaların ortaya çıxmasına imkan yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə