Mirkazım Seyidov: “İsa Qəmbər xarici qüvvələrin köməyinə sığınır” MÜSAHİBƏ
Politoloq Mirkazım Seyidovun SƏS TV-yə müsahibəsi
- Mirkazım müəllim, bizdə olan məlumata görə, sizin təklifiniz əsasında Rusiyada fond yaradılıb. Sözügedən türkdilli xalqların mədəniyyətinə dəstək fondu haqqında zəhmət olmasa ətraflı məlumat verərdiniz. Bu fond necə oldu ki, ərsəyə gəldi?
- Bu ilin May ayının 11-də Rusiyanın Novosibirsk şəhərində əlamətdar tarixi hadisə baş verdi. Bildiyimiz kimi, gələn il Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Fondunun 10 illiyi qeyd olunacaq. Bu forumun bütün üzvləri və yaradıcıları adından türk dilli xalqların nümayəndələri və yerli hakimiyyət orqanları ilə danışıqlar aparılıb. Sözügedən danışıqlardan sonra belə qərara alındı ki, mənim irəli sürdüyüm təşəbbüs bəyənilsin. Bundan sonra mənim və Heydər Əliyev adına Forumun təşəbbüsü əsasında yeni bir beynəlxalq təşkilat-Türk dilli Xalqlara İnkişaf Xeyriyyə Fondu yaradıldı. Bu fondun təqdimat mərasimi may ayının 11 də "Jurnalistlər evi"ndə baş tutdu. Tədbir zamanı orada türkdilli xalqların nümayəndələri, o cümlədən onların milli mədəniyyət muxtariyyət rəhbərləri və mətbuat orqanları iştirak edirdi. Keçirilən mərasim nəinki türk dilli xalqların, hətta digər qruplara aid olan xalqların da marağına səbəb oldu. Mənə gələn zənglər, edilən müraciətlər fondun arxasında böyük bir perspektivin dayandığını göstərdi. Bildiyimiz kimi, Rusiyada yaşayan türk dilli xalqlar çoxluq təşkil edir və onların əksəriyyəti müsəlmanlardır.
- Sizcə, təşəbbüsünüzlə yaradılmış bu beynəlxalq fond hansı töhfələr verəcək?
- Bu fondun töhfə vermə məharəti həddindən artıq yüksəkdir. Aydındır ki, Rusiyada 17-18 region türk dilli xalqlara məxsusdur. Bu fondun çərçivəsində biz bu regionlarda yaşayan xalqların mədəniyyətini dərindən öyrənərək, dünyanın digər ərazilərində yaşayan türk dilli xalqlarla əlaqələr yaradacağıq. Biz mövcud prosesdə bir şeyin şahidi oluruq ki, son zamanlarda türk dilli xalqların birliyi yaradılıb. Onlar artıq özlərinin 4-cü toplantısını keçirməyə hazırlaşırlar.
- Növbəti sualım Rüstəm İbrahimbəyovla bağlıdır. Rüstəm İbrahimbəyova Rusiyada münasibət necədir? Rusiyadakı bəzi qüvvələrin Rüstəm İbrahimbəyovun arxasında dayanması hansı məqsədi güdür? Ümumiyyətlə, onun xaricə səfərlərinin arxasında nə dayanır?
- Rüstəm İbrahimbəyovun bu gün üçün nə dərəcədə tanınması barədə danışsaq, mən ömrümün 30 ilini Azərbaycandan kənarda, 24 ilini Rusiya Federasiyasında yaşayan bir insan kimi deyə bilərəm ki, Rüstəm İbrahimbəyov Polad Bülbüloğlu, Rəşid Behbudov, Müslim Maqomayev kimi tanınmış bir adam deyil. Rusiyada sadəcə olaraq müəyyən qurumlar onu tanıyır və şişirdirlər. Müəyyən mətbuat nümayəndələri son zamanlar ondan o qədər yazırlar ki, o hətta özü-özlüyündə fikirləşir ki, görəsən mən doğurdandamı belə məşhur bir şəxsəm?! Mən deyərdim ki, onun səfərlərinin arxasında ilk növbədə Rusiyanın Azərbaycana olan soyuq, ziddiyyətli münasibəti dayanır. Rüstəm İbrahimbəyovu dəstəkləyən "Milyarderlər İttifaqı" Rusiyanın təkidi ilə, onun maraqlarına cavab verərək "sapı özümüzdən olan baltalar" kimi yaradılıb və Rusiyanın xarici siyasətinə xidmət edən bir qurumdur.
- Bildiyimiz kimi, Rusiya ilə Azərbaycan arasında kifayət qədər ikitərəfli əlaqələr, qarşılıqlı müqavilələr və strateji müttəfiqlik var. Onları dəstəkləyənlərin sadəcə bəzi qüvvələr olduğunu demək daha yerinə düşərdi. Yaxşı aydındır ki, hər dəfə prezident seçkilərində müxalifət məğlub olur. Sizcə bu seçkidə müxalifəti nə gözləyir?
- Mən birmənalı şəkildə qeyd etmək istəyirəm ki, Azərbaycanda müxalifət yoxdur. Eyni zamanda səsləndirdiyim bu ifadəni etdiyim analizlərə əsasən sübut edə bilərəm. Çünki müxalifət yaxşı bilir ki, onların tərkib hissəsi 90-cı illərdə hakimiyyətdə olan və qovulan insanlardır. Onların hakimiyyətdə olduğu dövr xalqın yaddaşında hərc-mərcliyin yüksək həddə çatması və vətəndaş müharibəsinə şərait yaradılması ilə qalıb. Buna görə də Azərbaycanı parçalamaq həddinə çatdıran müxalifətin bu gün hakimiyyətə gəlməsi üçün heç bir şansı yoxdur. Onlar bunun fərqinə vararaq həmişə siyasi manipulyasiya ilə məşğul olub, hakimiyyətin ələ keçirilməsi proqramı üzərində işləyiblər. Onlar heç bir demokratik qaydalara riayət etmək niyyətində olmayıblar. Ölkədə xaos yaratmaq, stabil vəziyyəti pozmaqla hakimiyyətə gəlmək istəyiblər. Buna görə də onların gördükləri bütün işlər təkzib olunub, onlara neqativ münasibət bəslənib. Prezident seçkilərinin hələ start götürməməsinə baxmayaraq, onlar indidən xalqı aldadan, onları hiddətləndirən fikirlər səsləndirirlər.
- Yadınızdadırsa, prezident seçkilərində, 1998-ci ildə nə İsa Qəmbər, nə də Əli Kərimli Əbülfəz Elçibəyə güzəştə getmədilər. Bu gün İsa Qəmbər Rüstəm İbrahimbəyovu vahid namizəd kimi təsdiq edib, "Milli Şura"nın sədri kimi qəbul etdi. Lakin buna baxmayaraq, sonradan özünün namizəd kimi ortaya çıxacağını istisna etmədi. Sizcə, onların bir kinorejissora bu qədər etimad göstərməsinin səbəbi nədir?
- Bilirsinizmi, bu partiyalarda lider çatışmazlığı özünü qabarıq şəkildə büruzə verir. Göründüyü kimi, nə İsa Qəmbərdə, nə də ki Əli Kərimlidə xalqı idarə etmək, onların dərdinə şərik olmaq qabiliyyəti yoxdur. Digər tərəfdən, İsa Qəmbər yaxşı bilir ki, müxalifət partiyalarının hakimiyyətə gəlməsi mümkünsüzdür. Xalq onları sevmir, onlara səs verməyəcək! Azərbaycan xalqı bu gün stabilliyə səs verir. Bunları da yaxşı bilən İsa Qəmbər xarici qüvvələrin köməyinə sığınır.
- Əgər siz Rüstəm İbrahimbəyova müraciət etmiş olsanız, nə deyərək müraciət edərdiniz?
- Mən ona müraciət etsəm, ilk növbədə deyərdim ki, özünüzü əsl ziyalı kimi aparın! Populist çıxışlara yol verməyərək, ziyalıya xas olan çıxışlar edin! Azərbaycanın xoşbəxtliyini hansısa üçüncü bir dövlətin milli maraqlarına qurban verməyin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB