Əli Həsənov: “Dövlətin gənclərdən əsas gözləntisi vətənpərvərlik hissidir”
"Azərbaycan dövlətinin formalaşdırdığı gənclər, sosial, daxili, milli, mətbuat siyasəti, milli dini azlıqlarla münasibətinin ümumi strategiyası ona yönəlib ki, hər bir insan bu cəmiyətdə öz ehtiyaclarını dolğun ödəsin. Həmçinin, onun ehtiyaclarının təmin olunması başqalarına zərər gətirməmək şərti ilə balans təşkil etsin". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) "Xətdə" Sosial Şəbəkə Akademiyasının hesabat konfransında çıxışı zamanı Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov vurğulayıb ki, Azərbaycanın bugünkü gənclər, daxili, sosial, milli siyasətinin təməlində insan amili dayanır: "Bu siyasətin təməlində Ümummilli Lideri Heydər Əliyevin dərin zəkası, konseptual yanaşması və təməlini qoyduğu azərbaycançılıq ideyası durur. 1993-2003-cü illər ərzində formalaşan və həyata keçirilən bu siyasətin bir qanadını gənclər siyasəti təşkil edir. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas qayəsini məhz Azərbaycan vətəndaşının həyatının fəallaşdırılması, getdikcə dünyada mövcud olan texniki, sosial, mədəni və mənəvi yeniliklərlə dolğunlaşdırılması təşkil edir.
"Xətdə" Sosial Şəbəkə Akademiyasının əhəmiyyətindən danışan Administrasiya rəsmisi bildirib ki, bu, dövlətinin həyata keçirdiyi gənclər siyasəti ilə üst-üstə düşür: "Layihənin məqsədi Azərbaycanda, xüsusən regionlarda yaşayan gəncləri sosial şəbəkələr vasitəsilə fəallaşdırmaq, Azərbaycan dövlətinin bütün sahələr üzrə yürütdüyü siyasətə qoşmaqdır. Dövlətimizin qayəsi həmişə insanların qəlbindən keçən, zaman-zaman formalaşmış və onların istək və arzusuna çevrilmiş ideyaları, təşəbbüsləri ümumiləşdirərək, onların ən optimallarını seçərək, qruplaşdıraraq, ictimai mahiyyət kəsb edən səviyyəyə yüksələnlərini həyata keçirməkdən ibarətdir. Dövlət siyasəti o zaman uğurlu olur ki, yürüdülən siyasətin nəticələri həmin siyasətin göndərdiyi ünvanlara çatır və onların gündəlik həyatını zənginləşdirir".
Ə.Həsənov vurğulayıb ki, Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir: "Ölkənin hər bir gənci hər hansı bir nəslin nümayəndəsidir. Hər bir gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və millətimizə sahib çıxmaqdır. Hər bir gənc milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, öz üzərində bir azərbaycançılıq ideyası hiss etməlidir".
"Bu gün ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasətin ölkəmizi haradan-haraya gətirdiyi hər kəsə məlumdur. Dövlət idarəçiliyində iştirak edən biz məmurlar da, sıravi vətəndaşlar da gələcəymizdən o zaman əmin olacağıq ki, siz gənclər rəqabətə davamlılıqla yanaşı, milli-mənəvi keyfiyyətlərə də sahib olacaqsınız",- deyə Ə.Həsənov sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB