Mütəllim Rəhimli: “Bu partiyalar arasında barışmaz nüanslar olduqca çoxdur”
AXCP-Müsavat didişməsi səngimir

Ədalət Partiyasının aparat rəhbəri Mütəllim Rəhimlinin SİA-ya müsahibəsi.

- Mütəllim müəllim, Müsavatla AXCP arasında qarşıdurma davam edir. Qarşılıqlı təhqirlər, ittihamlar geniş xarakter alıb. Artıq Arif Hacılı AXCP üzvlərini, onun sədri Ə.Kərimlini qırmızı xətti keçməkdə günahlandırıb və əxlaqsız adlandırıb. Bütün bunlarla bağlı nə deyə bilərsiz?

- AXCP ilə Müsavat partiyalarının hər ikisi müxalifətdə olmalarına baxmayaraq onlar arasında barışmaz nüanslar olduqca çoxdur. İndi müxalifətin bəzi hissəsinin təmsil olunduğu "Milli Şura"da da bu iki partiya yola getmir. Deməli, onların birləşməsi təbii ictimai tələbin məhsulu olmayıb, şəxsi maraqların ifadəsidir. Demək olar ki, bütün konfliktlər də məhz şəxsi və ya qrup maraqları müstəvisində gedir. Ona görə də fikir verirsinizsə partiyaların ideoloji baxışları, strateji siyasi xətləri ilə bağlı deyil, ayrı-ayrı funksionerlərinin iddiaları üstündə qarşılıqlı ittiham və təhqirlər səsləndirilir. Bütün bunlar həm də indiki situasiyada məsuliyyətin dərk edilməməsi ilə bağlıdır. Bu insanlar cəmiyyət qarşısında dayandıqlarını, hər kəlmələrinin korrektə edilərək deyilməsinin vacib olduğunun fərqində deyillər. Uzun illər siyasi həyatda olmalarına baxmayaraq siyasi peşəkarlıqları artmadığından elə hesab edirlər ki, öz müttəfiqlərini və iqtidarı tənqid etməklə hörmət qazanacaqlar. Amma ictimai şüur kifayət qədər dəyişib, insanları yalnız fundamental və əsaslandırılmış mülahizələrlə ələ almaq olar. Onlar isə bu həqiqəti başa düşmək istəmirlər.

Onu da qeyd edim ki, AXCP və Müsavatın 20 ildir davam edən mövcud müxalifətçilik mövqeyi Azərbaycanda siyasi institutlaşmanın formalaşmasında ən böyük əngəllərdən biridir. Ona görə də onların bir araya gələrək hansısa uğura imza atacağını gözləyənlər həmişə sonda ümidsizliyə qapılaraq, gərginliklər yaşayıblar.

- "Milli Şura"nın təmsilçilərindən olan AXCP sədri Əli Kərimlinin səhv siyasətinə etiraz olaraq onun müşaviri Fəhmin Hacıyev istefa verib. Bu istefalar sizcə, nə ilə bağlıdır və bu onu deməyə əsas verirmi ki, AXCP yenidən parçalanır?

- "Milli Şura" dinamik quruma çevrilə bilmədiyindən həm onun daxilində, həm də üzv partiyaların içərisində qarşılıqlı narazılıqlar artan xətt üzrə gedir. Bu səbəbdən də Müsavat partiyası "Milli Şura"ya qoşulmasına baxmayaraq onun bir sıra üzvləri bu qurumun nəinki perspektivinə inanmadıqlarını deyirlər, hətta ona qarşı antitəbliğat aparırlar. Eləcə də digər partiyalar da. Deməli, Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməməsi və ya yubanması elə "Milli Şura"nın perspektivinə vurulan ən böyük zərbədir. "Milli Şura" daxilində situasiya bu cür qeyri-müəyyən davam etsə həm ondan, həm də üzv partiyalardan bundan sonra daha çox istefaları müşahidə edəcəyik.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə