Əli Əhmədov YAP Şəki rayon təşkilatının fəalları ilə görüşüb

"YAP-ın hər bir fəal üzvü qarşıda duran önəmli vəzifələri dərk edirlər"
Əli Əhmədov YAP Şəki rayon təşkilatının fəalları ilə görüşüb

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov partiyanın Şəki şəhər təşkilatının fəalları ilə görüş keçirib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq YAP Şəki şəhər təşkilatının sədri Həsən Həsənov çıxış edərək qarşıda duran vəzifələrin icrası istiqamətində görülən işlər haqqında məlumat verib.

Görüşdə çıxış edən YAP-ın sədr müavini Əli Əhmədov oktyabr ayında ölkəmizdə əlamətdar siyasi hadisənin baş verəcəyini bildirib. Oktyabrda Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini deyən İcra katibi qeyd edib ki, partiya bu səbəbdən bütün resurslarını səfərbər etməkdədir: "Belə görüşlərin keçirilməsinin məqsədi də yerli strukturlarının işini daha da gücləndirməkdən ibarətdir. Partiyamızın prezident seçkilərində namizədi cənab İlham Əliyevdir. YAP-ın Sədri İlham Əliyevin dövlət başçısı kimi 2003-cü ildən etibarən gördüyü işlər, həyata keçirdiyi siyasət xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir. Çünki bu siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, Azərbaycanın beynəlxalq nüfuzu artıb. Eyni zamanda, ölkəmiz sürətlə müasirləşir, modernləşir. Ona görə də, xalqımız növbəti beş ildə də bu siyasətin cənab İlham Əliyev timsalında davam etməsini istəyir".

Əli Əhmədov bildirib ki, YAP-ın hər bir fəal üzvü qarşıda duran önəmli vəzifələri dərk edirlər, kifayət qədər məsuliyyətlə həmin vəzifələrin yerinə yetirilməsinə yanaşırlar: "Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli yer tutur, üstün mövqeyini qoruyub saxlayır. Partiyamız Prezidentimizin rəhbərliyi ilə, insanlarımızın yüksək fəallığı şəraitində əldə olunan nailiyyətlərə özünün əhəmiyyətli töhfəsini verir. YAP seçkilər ilində partiyamızın bütün üzvlərinin, yerli strkturlarının yaxından və fəal iştirakının təmin edilməsi kimi çox məsuliyyətli vəzifəni öz qarşısına qoyub. Partiyamız fəaliyyət göstərdiyi 20 ildən artıq bir müddət ərzində ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir və bunun çox vacib göstəricilərindən biri Azərbaycanda keçirilən bütün seçkilərdə qələbə qazanmasında ifadə olunur".

Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, partiya veteranı Baba Səmədov və YAP Şəki şəhər təşkilatı Qadınlar Şurasının sədri Zərinə Cavadova çıxış ediblər. Sonda YAP sıralarına yeni qoşulmuş şəxslərə partiya vəsiqələri təqdim olunub.

Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə