YAP Pirallahı rayon təşkilatının təsis konfransı keçirilib YENİLƏNİB-FOTOLAR

YAP Pirallahı rayon təşkilatının təsis konfransı keçirilib YENİLƏNİB-FOTOLAR

Bu gün Pirallahıdakı Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının təsis konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda rayonun idarə və təşkilatlarından seçilmiş 300 nümayəndə iştirak edib.

Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verib. Konfransın gündəliyi təsdiq olunduqdan sonra çıxış edən Pirallahı rayon icra hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə tarixi zərurət nəticəsində Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranıb: "YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır".

Yeni yaradılmış Pirallahı rayonunda həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərindən danışan V.İmanov bildirib ki, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün inşası davam edir: "Artıq Qala-Pirallahı avtomobil yolunda asfalt-beton örtüyünün vurulması işləri sürətlə gedir. Pirallahı qəsəbəsinin funksional zonalaşdırma layihəsi ilkin variant kimi müvafiq orqanlarla razılaşdırılaraq, rayonun inzibati mərkəzi üçün sahə müəyyənləşdirilib. Qəzalı binalarda yaşayan sakinlərin köçürülməsi məqsədilə artıq "Abad məhəllə-1" layihəsinin icrasına start verilib və iki binanın özülü qoyulub. Uzun illər susuzluqdan əziyyət çəkən Pirallahıya Ceyranbatandan yeni su xəttinin çəkilişi prosesi sürətlə davam edir".

Vasif İmanov Pirallahı kimi sürətli inkişaf mərhələsində olan bir rayonda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının tezliklə təsis edilməsinin zəruriliyini və vacibliyini vurğulayıb.

Daha sonra açıq səsvermə yolu ilə rayon təşkilatının 31 nəfərdən ibarət Şura və 11 nəfərdən ibarət İdarə Heyəti üzvləri seçilib. Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının sədri vəzifəsinə Manaf Malik oğlu Manafovun namizədliyi irəli sürülüb. Konfrans nümayəndələrindən "Abşeronneft" NQÇİ-nin şöbə rəisi Şamil Kazımov, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov və başqaları çıxış edərək M.Manafovun namizədliyini dəstəkləyiblər. Sonra açıq səsvermə yolu ilə Manaf Manafov yekdilliklə YAP Pirallahı rayon təşkilatının sədri vəzifəsinə seçilib.

Tədbirdə çıxış edən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 21 il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb: "Partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlara özünün böyük töhfələrini verir".

YAP-ın icra katibinin müavini müstəqillik illərində Azərbaycanda bütün sahələrin inkişaf etdiyini, o cümlədən həm neft, həm də qeyri-neft sahəsində əhəmiyyətli nailiyyətlər qazanıldığını vurğulayıb. S.Novruzov ötən dövr ərzində YAP-ın daha da gücləndiyini deyərək, partiya üzvlərinin sayının 600 mini ötdüyünü qeyd edib.

Sonra millət vəkili xüsusi vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının V Qurultayı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 54-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Heydər oğlu Əliyevi 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizəd kimi irəli sürüb və hazırda V Qurultayın bu qərarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində uğurlu fəaliyyət davam edir.

Daha sonra Millət vəkili Rauf Əliyevin, YAP idarə heyətinin üzvü Kərim Kərimovun çıxışlarında partiyanın yaranma tarixindən və xalq qarşısında xidmətlərindən ətraflı bəhs olunub, Partiyanın Pirallahı rayon təşkilatının üzvlərinə rayonun ictimai-siyasi həyatında, quruculuq işlərində fəal iştirak etmək arzulanıb.

Göstərilən yüksək etimada görə konfrans nümayəndələrinə dərin minnətdarlığını bildirən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafov partiyanın rayon təşkilatının çoxsaylı üzvləri adından təsis konfransının iştirakçılarını bir daha əmin edib ki, 2013-cü ilin payızında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının layiqli və yeganə namizədi kimi Azərbaycan xalqının vahid siyasi lideri cənab İlham Əliyevi birmənalı şəkildə dəstəkləyəcək, Pirallahıda həyata keçirilən abadlıq və quruculuq işlərində fəal surətdə iştirak edəcəklər.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə