"Bunlar hələ öz namizədlərini belə müəyyənləşdirə bilməyiblər" MÜSAHİBƏ
SİA hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun publika.az-a verdiyi müsahibəni təqdim edir:
"Rüstəm İbrahimbəyovun Rusiya qarşısında öhdəlikləri var"
- Artıq seçkilərə az vaxt qalır. YAP-ın əsas rəqibi hesab olunan Milli Şuranın daxilində baş verən proseslərə münasibətiniz necədir?
- Milli Şura anormal təşkilatdır. Ümumiyyətlə, seçki fəaliyyəti ilə siyasi partiyalar məşğul olur. Milli Şura o yerlərdə yaranır ki, onlar öz müstəqilliklərini elan etmək istəyirlər və sairə. Misal üçün, 90-cı illərdə Azərbaycan Xalq Hərəkatı, Azərbaycan Xalq Cəhbəsi və sairə. elan olunmuşdu. Sonradan isə siyasi partiyalar formalaşır. Qanunvericiliyin də tələbi odur ki, seçki ilə bilavasitə siyasi partiyalar məşğul olmalıdır. Yəni, QHT və ictimai təşkilatlar başqa işlərlə məşğul ola, ağac əkə, yol təmizləyə bilərlər. Ancaq seçki ilə məşğul olan qurum məhz siyasi partiyalar olmalıdır. Bu baxımdan da Milli Şura həm qeyri-qanuni qurumdur, həm də ictimai təşkilatdır. Milli Şuranın namizəd irəli sürməsi Seçki Məcəlləsinin tələblərinə ziddir və bu əsla ola bilməz.
Namizəd iki halda irəli sürülə bilər. Birincisi öz təşəbbüsü ilə, digəri isə siyasi partiya və ya onun bloku ilə. Rüstəm İbrahimbəyov nə özü tərəfindən namizədliyi irəli sürülüb, nə də ki, hər hansı siyasi partiya vasitəsilə. Əgər Milli Şurada olan siyasi partiyalar Rüstəm İbrahimbəyovun namizədliyini istəyirlərsə, onlar bir araya yığılıb özlərinin qurultayını çağırmalıdırlar və həmin qurultayda Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul etməlidirlər. İkinci mərhələdə isə əgər blok yaradarlarsa belə, yenə də özlərinin rəhbər orqanlarının toplantısını keçirib blok yaratmaq haqqında qərar qəbul etməlidirlər. Bundan sonra Rüstəm İbrahimbəyov Milli Şuranın deyil, siyasi partiyalar blokunun namizədi ola bilər.
Digər hallarda isə nə bilim ziyalı, yol, ip və sairə digər təşkilatların heç biri namizəd irəli sürmək hüququna malik deyil. Bu həm də Seçki Məcəlləsinin tələblərindən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə görə yaşı 35-dən yuxarı, ali təhsilli, 10 il müddətinə Azərbaycan ərazisində daimi yaşayan, başqa ölkələr qarşısında heç bir öhdəliyi olmayan, ağır cinayət törətməyən şəxslər Azərbaycanda prezidentliyə namizəd ola bilərlər. Ancaq Rüstəm İbrahimbəyov isə 100-cü maddənin 4 tələbinə cavab vermir. Birincisi onu deyim ki, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı var. İkili vətəndaşlıqdan belə imtina etmək olmur. Rüstəm İbrahimbəyov Azərbaycanda qanunu pozub gedib ikili vətəndaş olub. Çünki Azərbaycan qanunverciliyinə görə, ölkə vətəndaşı eyni vaxtda ikili vətəndaş ola bilməz. Azərbaycanda ikili vətəndaşlıq haqqında qanun yoxdur. Baxmayaraq ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır, ancaq o xalqı aldatmağa çalışır ki, guya o Sovet İttifaqı vətəndaşıdır. Sovet İttifaqında belə bir vətəndaşlıq olub. Ukraynalı, belarus, latış, litvalı, azərbaycanlı və gürcü də bir vətəndaşlıq daşıyırdı. O da Sovet İttifaqı vətəndaşlığı idi. Sonradan müstəqil dövlətlər yarandı və hər kəs öz ölkəsinin vətəndaşlığını daşıdı. İndi Azərbaycan vətəndaşı ayrı, Rusiya vətəndaşı ayrıdır. Rüstəm İbrahimbəyov isə sırf Rusiya Federasiyasının vətəndaşıdır. Onun bu vətəndaşlıqdan imtina etməsi üçün isə müraciət etməsi və müraciətdən sonra onun araşdırılması lazımdır. Rüstəm İbrahimbəyovun deməyi üçün deyil, Rüstəm İbrahimbəyovun vətəndaşlıqdan məhrum olması üçün Rusiya prezidenti fərman imzalamalıdır.
Digər tərəfdən isə Rüstəm İbrahimbəyovun vətəndaşı olduğu Rusiya Federasiyası qarşısında bir sıra öhdəlikləri var. Bu isə Azərbaycan Konstitusiyasının tələblərinə ziddir.
- Deydiyiniz kimi, Rüstəm İbrahimbəyovun seçkilərdə namizədliyinin qeydə alınması şansı çox azdır. Bəs Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması hakimiyyətin qınaq obyektinə çevrilməsinə səbəb ola bilərmi?
- Rüstəm İbrahimbəyov arada özünə imic formalaşdırmaq istəyir ki, guya iqtidar bundan çəkinir və ona görə bunun namizədliyi qeydə alınmır və sairə. Əksinə, Rüstəm İbrahimbəyovun namizəd olması bizə həddindən çox sərf edir. Çünki Rüstəm İbrahimbəyov Azərbaycanda bələdiyyə seçkilərində belə rəqabət apara bilməz. Onu Azərbaycan cəmiyyət tanımır və qəbul etmir. Rüstəm İbrahimbəyov Azərbaycanda 3 nəfər belə tanımır. Təbii ki, bu da bizə sərf edir. Digər tərəfdən isə qanunun tələbi odur ki, Rüstəm İbrahimbəyov Azərbaycanda ən azı 10 il yaşamalıdır. Biz özümüz də şahidik ki, son 7-8 ayda Rüstəm İbrahimbəyovu Azərbaycanda görən olmayıb. İndi də bəyanat verir ki, filan vaxtı gələcəm və sairə. Rüstəm İbrahimbəyov illərlə Azərbaycanda yaşamayıb. Bu baxımdan da Azərbaycan Konstitusiyasının bu maddəsi də Rüstəm İbrahimbəyovun seçkilərdə namizədliyini irəli sürməsinə imkan vermir.
İndi Rüstəm İbrahimbəyov da iddia edir ki, guya o Rusiyada dərs deyir və sairə. Əgər belədirsə, o zaman Rüstəm İbrahimbəyov çox səhlənkar adamdır. Ya Rusiyada, ya da Azərbaycanda səhlənkarlıq edir. O deyir ki, hansısa unversitetdə professoram və oradan əmək haqqı alıram və sairə. Belə çıxır ki, dərsə getmir, ancaq havayı əmək haqqı alır .
Konstitusiyada bir maddə də cinayət törətməklə bağlıdır. İndi Rüstəm İbrahimbəyov isə dəfələrlə vergidən yayınıb, bir neçə dövlət əmlakını qeyri-qanuni şəkildə mənimsəyib və sairə. Hesab edirəm ki, Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürməsinin qanuna zidd olmasını göstərmək üçün bütün bu kimi maddələrin də irəli sürülməsi tədbiq oluna bilər.
"İsa Qəmbər özünün müəllimi, dahi rəhbəri və siyasi lideri hesab etdiyi Əbülfəz Elçibəyə belə güzəştə getmədi"
- Milli Şurada digər namizəd kimi də İsa Qəmbərin adı hallanır...
- İsa Qəmbər heç zaman Rüstəm İbrahimbəyovun namizədliyini qəbul etməyib. Sadəcə olaraq müxalifətin bəzi qüvvələrin İsa Qəmbəri hökumətə işləməkdə jantaj etməsinlər deyə əvvəlcə belə razılıq verdi. Ancaq razılıq verməmişdən qabaq öz namizədliyini irəli sürdürdü və sonra razılıq verdi. Məsələ müzakirə olunanda da İsa Qəmbər söylədi ki, ayın 4-də irəli sürülən namizədliyi qüvvədə qalır. İsa Qəmbər bu məsələdə heç kəsə güzəştə getməz. istər Rüstəm İbrahimbəyov, istər bütün müxalifət olsun İsa Qəmbər onlara güzəştə getməz. Hətta, İsa Qəmbər özünün müəllimi, dahi rəhbəri və siyasi lideri hesab etdiyi Əbülfəz Elçibəyə belə vaxtilə güzəştə getmədi. Bütün bunlar isə tarixdə qalır, o dövrü yaşayanlar yaxşı bilirlər. Elçibəyə güzəştə getməyən İsa Qəmbər hansısa yazıçı-dramaturqa güzəştə getməz.
Milli Şurada təmsil olunan digər siyasi partiyalar da bir-birlərini qəbul etmirlər. Mirmahmud Mirəlioğlu heç vaxt Əli Kərimlinin namizədliyini irəli sürməsinə, Əli Kərimli isə mirmahmud Mirəlioğlunun namizədliyini irəli sürməsinə imkan verməz. Bəzilərinin isə imkanları tam tükənib. Misal üçün, Rəsul Quliyev üçün müxalifətdən kimin namizəd olmasının heç bir fərqi yoxdur.
"Müxalifət gedib 2015-ci il seçkilərinə hazırlaşsın"
- Müxalifət partiyaları arasında ən real güc kimi görürsüz?
- Ümumilikdə bizim tədqiqatlarımız var. Müxalifət partiyalarının hamısı qəzet üzərində fəaliyət göstərən təşkilatlardır. Baxın, indi biz seçkilərin real işi ilə məşğul oluruq. Ancaq bunlar hələ öz namizədlərini belə müəyyənləşdirə bilməyiblər. Seçki prosesinin əsas amili var ki, o da zamandır. Zaman yeganə resursdur ki, bərpa olunmur. Başqa şeyi bərpa etmək mümkündür, ancaq zamanı bərpa etmək mümkün deyil. Müxalifət üçün seçkinin zamanı artıq gedib. Onlar gedib 2015-ci il seçkilərinə hazırlaşsınlar. Müxalifət indi deyil, ən azı bir il əvvəldən seçkilərə hazırlaşmalı idi. İndi müxalifət fəaliyyət qəzetdə bir-iki müsahibə və bəyanat verməklə yekunlaşır. Əslində isə seçkinin texnologiyaları var. Bu texnologiyalar isə ardıcıl və mərhələli şəkildə həyata keçirilir.
Vasif Həsənli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB