Zahid Oruc: “Azərbaycan bu gün yeni çağırışlar qarşısındadır” ANALİZ

Zahid Oruc: “Azərbaycan bu gün yeni çağırışlar qarşısındadır” ANALİZ

"Azərbaycan prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi kifayət qədər mürəkkəb şəraitdə olub. Hətta bir çoxları düşünürdülər ki, 1990-cı illərdə Ulu öndər Heydər Əliyevin bir respublikanı xilas edərək onun normal inkişafını təmin etməsi, XXI əsr üçün tamamilə regional və beynəlxalq istənilən çətin şəraitdə baş çıxarmaq imkanları yaradacaq. Bu, doğurdan da sözün əsl mənasında belə idi. Amma şübhəsiz ki, XXI əsrin də özünəməxsus çağırışları, ölkədə dövlətlərin maraqlarına və mənafelərinə zərbə olan təhlükələri mövcud idi". Bunu SİA-ya millət vəkili Zahid Oruc Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilən rəy sorğusunun nəticələrinə görə prezident İlham Əliyevin "10 ilin dövlət adamı" mükafatına layiq görülməsinə münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, prezident İlham Əliyevin dövlət rəhbəri kimi mühüm keyfiyyətləri ondan ibarətdir ki, o Azərbaycanın toqquşma meydanına çevrilməsinə imkan vermədi: "Əksinə, ölkə başçısı neft siyasətini də digər transmilli layihələri də Azərbaycanın qorunmasına, təhlükəsiz gələcəyinə yönəldə bilib. Digər tərəfdən, ayrı-ayrı ölkələrin maraqları bizdə hər zaman uzlaşma tələb edib. İlham Əliyev müxtəlif balanslı münasibətləri bərqərar edərkən, öz dövlətinin məqsədlərini hər zaman ön planda saxlayıb. İkinci məsələ, dövlət başçısının qabaqcıl Avropanın mühüm çağırışlarını nəzərə alması, birliyi, təşəbbüskar mövqeyi, dünyaya açıq olmasıdır".

Z.Oruc sözlərinə əlavə edib ki, İlham Əliyevin liderlik keyfiyyətləri nəinki Cənubi Qafqaz ölkələri sırasında, eləcə də daha geniş arealda öndə tutulur: "Dövlət baçısı İlham Əliyev bir atanın övladı kimi deyil, həm də onun siyasi varisi olaraq uğurla Azərbaycanın maraqlarını təmin edə bilib, ölkədə sabitliyi qoruyub saxlayıb və vətəndaşlara yaxınlığı, sadəliyi ilə 10 illik yol qət edib. Artıq Azərbaycanın 10 illik keçmişi İlham Əliyevin böyük uğurları ilə tarixə düşüb. Azərbaycan bu gün yeni çağırışlar qarşısındadır. Ölkə rəhbəri İlham Əliyev də açıq şəkildə bunları dilə gətirib. Hesab edirəm ki, ölkəmizin dünənində və yaxın keçmişində əldə etdiyi təcrübə ona imkan verəcək ki, dövlət başçısı ölkəmizi gələcəyə doğru uğurla aparsın və ərazi bütövlüyünü təmin edən Azərbaycan qursun!"

Bütün xəbərlər Facebook səhifəmizdə