Cümşüd Nuriyev: “Milli Şura”nın xaricə üz tutması müxalifətin tərki silah edilməsidir”

“Millətinə və dövlətinə bağlı olan insanlar heç vaxt xaricdən dayaq axtarmır”
Cümşüd Nuriyev: “Milli Şura”nın xaricə üz tutması müxalifətin tərki silah edilməsidir”

"Millətinə və dövlətinə bağlı olan insanlar heç vaxt xaricdən dayaq axtarmır. "Milli Şura" üzvlərinin xarici ölkələrə səfərləri isə gözə kül üfürməkdən başqa bir şey deyil". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, "Milli Şura" da təmsil olunan "demokratik qüvvələr" cəmiyyətdə belə bir fikir formalaşdırmağa çalışırlar ki, Azərbaycanda hakimiyyətə gəlmək üçün yalnız xarici qüvvələrin dayağı lazımdır: "Vaxtı ilə AXCP-nin səsləndirdiyi fikirləri indi özünü ziyalı adlandıran və "Milli Şura"nın aparıcı fiqurları hesab edən adamlar həm cəmiyyətə sıramağa çalışır, həm də özlərinə təlqin edirlər. Amma millətinə və dövlətinə bağlı olan insanlar heç vaxt xaricdən dayaq axtarmır. Onların etdikləri isə milli maraqları satmaqla müvəqqəti olaraq üzdə olmaq və bizneslərini qurmaqdır. Bu məsələdə yalnız Eldar Namazovun yanında gələnlər və gətirilənlərin fəallıq göstərməsi isə "Milli Şura"nın iç üzünü bir daha gözlər önünə sərir".

C.Nuriyev vurğulayıb ki, "Milli Şura"da təmsil olunanların istəkləri yalnız şəxsi maraqlarla bağlıdır: "Rüstəm İbrahimbəyov və Eldar Namazov Azərbaycanda hakimiyyətə gəlməklə öz maliyyə problemlərini həll etməyə çalışırlar. Eldəniz Quliyev isə deyəsən kino çəkmək eşqinə düşüb. Ona görə də maliyyə mənbəyi axtarır. "Milli Şura"dakıların məramı siyasi müstəvidə özlərinin bizneslərini qurmaqdır".

Politoloq qeyd edib ki, "Milli Şura" üzvlərinin xaricə üz tutmalarının başlıca səbəbi müxalifətin tərki silah edilməsidir: "Onlar çalışırlar ki, hər hansı bir müxalifət nümayəndəsi birbaşa xarici qüvvələrlə təmasa keçməsin. Yəni onlarla hesablaşsın. Ona görə də "Milli Şura"nın xaricə səfərlərindən nə isə gözləməyə dəyməz".

Bütün xəbərlər Facebook səhifəmizdə