Vüqar Rəhimzadə: “Bu qəzetlərin məqsədi düşmən dəyirmanına su tökməkdən ibarətdir” MÜSAHİBƏ
YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin SƏS TV-yə müsahibəsi
- Vüqar müəllim, ötən gün Azərbaycan jurnalistlərinin VI qurultayı keçirildi. Sizcə, bu qurultayda səsləndirilən fikirlər, qəbul olunan qərarlar Azərbaycan jurnalistlərinin gələcək inkişafı üçün hansı töhfələr verəcək?
- Mən ilk növbədə jurnalistləri qurultayın uğurla başa çatması münasibətilə təbrik edirəm. Qurultay olduqca möhtəşəm keçirildi, orada kifayət qədər zəngin fikirlər səsləndi. Qurultay hər bir jurnalist üçün böyük əhəmiyyətə kəsb etdi. V qurultaydan VI qurultay arası olan dövr ərzində görülmüş işlərə baxış oldu. Əldə olunan nailiyyətlər nəzərdən keçirildi. Mətbuat Şurasının sədri Əflatun Amaşov kifayət qədər zəngin faktlarla görülən işləri statistik rəqəmlərlə jurnalistlərin, o cümlədən ictimaiyyətin diqqətinə çatdırdı. Rəqəmlərə diqqət yetirərkən deyə bilərik ki, ötən dövr ərzində Mətbuat Şurası uğurlu işlər görərək, kifayət qədər nailiyyətlər əldə edib.
Tədbir zamanı əldə olunan uğurlarla yanaşı, gələcək planlar haqqında da geniş fikirlər səsləndi. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, hörmətli Əli Həsənovun çıxışı hər bir jurnalist üçün çox dəyərli idi. Mən Əli müəllimlə yanaşı, qurultay zamanı digər natiqlərin də çıxışlarını yüksək qiymətləndirirəm. Qurultayın gedişində bir sıra mühüm qərarlar qəbul edildi. Qərarlardan biri də idarə heyətinin say tərkibinin dəyişilməsi təklifinin irəli sürülməsi oldu. Qərarda jurnalist nümayəndələrinin sayının 8-ə endirilməsi, eyni zamanda ictimaiyyət nümayəndələrinin əvvəlki kimi 6 nəfər olaraq qalması, 3 nəfər yeni internet mediyanın nümayəndələrin əlavə olunması nəzərdə tutuldu. Beləliklə, 17 nəfər olmaqla Mətbuat Şurasının İdarə Heyətinin tərkibi müəyyənləşdi. İnternet media nümayəndələrinin idarə heyətinin tərkibinə əlavə olunmasını təqdirəlayiq hal kimi qiymətləndirirəm. Çünki cəmiyyət inkişaf etdikcə, media sahəsində də yeniliklər də ortaya çıxır. Bu yeniliklərdən biri də internet medianın sürətlə inkişaf etməsidir. Bütün bunlara rəğmən elektron medianın idarə heyətinə əlavə olunması zəruri idi. Böyük səs çoxluğu ilə qurultay zamanı edilən dəyişikliklərdən biri də peşə davranış qaydalarının yenidən tənzimlənməsi oldu. Əminəm ki, bu kimi edilən dəyişiklik və yeniliklər mətbuatın inkişafına kifayət qədər töhfələr verəcək.
- Sizin də qeyd etdiyiniz kimi, qurultay zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun çıxışı oldu. Bu çıxış zamanı bildirildi ki, bəzi jurnalistlər hakimiyyəti tənqid etməklə, dövləti tənqid etmək anlayışlarını səhv salırlar. Sizcə, bu problem nədən qaynaqlanır və siz bunun həllini nədə görürsünüz?
- Mən ilk öncə onu xatırlatmaq istəyirəm ki, biz mətbuat nümayəndəsi olmaqdan öncə Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Biz vətəndaşlıq mövqeyi nümayiş etdirərək, dövlətimizin, vətənimizin mənafeyinə xidmət etməliyik. Çox təəssüflər olsun ki, Azərbaycanda şəxsi maraqlarını vətənin maraqlarından üstün tutaraq, dağıdıcılıq, aqressivlik nümayiş etdirən bir qrup insanlar mövcuddur. Belələrinə mətbuatda da rast gəlmək mümkündür. Hörmətli Əli müəllimin qeyd etdiyi kimi buna misal olaraq "Azadlıq" qəzetini misal göstərmək olar. Onlar Azərbaycanın milli maraqlarına, dövlətimizin imicinə xələl gətirən mövqedən daim çıxış edirlər. Bu kimi qəzetlərin məqsədi düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Hətta, onların dərc etdikləri yazılara diqqət yetirdikdə, insanda belə fakir formalaşır ki, onlar ölkəmizdə ermənilərə xidmət edərək onların təbliğatını aparır. Mən onlara bu əməlləri törətdikdə vətəndaşlıq vicdanlarını dinləmələrini məsləhət görərdim. Çünki vətəndaşlıq vicdanına sahib olan şəxs əsla bu kimi əməllər törətməz. Düşünürəm ki, cəmiyyət də belə insanlara öz kəskin etirazlarını bildirməli, onlara yerini göstərməlidir.
- Sonuncu sualım ondan ibarətdir ki, ölkəmizdə "Diffamasiya haqqında" Qanunun qəbul edilməsi nə dərəcə də zəruridir?
- Bildiyimiz kimi, Avropa ölkələrinin bəzilərində difflamasiya haqqında qanununun hələ də qəbul olunmayıb. Mənim fikrimcə Azərbaycanda bu kimi qanunun qəbul olunması hələ tezdir. Çünki Azərbaycanda bir sıra mətbuat orqanları vardır ki, insanların şəxsiyyətini alçaltmaqla, onların şərəf və ləyaqətinə toxunmaqla məşğuldur. Hətta ailə həyatında baş verən hadisələri müdaxilə edərək, təhqir edirlər. Bu kimi problemləri nəzərə alaraq, cəmiyyətin hələ bu qanunu dəstəkləmədiyinə əminəm. Bu narahatçılıqlar öz həllini tapdıqdan sonra bu qanunun qəbulu haqqında düşünmək olar.
SONA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB