Əli Həsənov: "Müxalifət jurnalistləri hakimiyyəti deyil, dövləti tənqid edirlər”
"Bəzi insanlar ölkədə yaxşı nə varsa, öz adlarına, pis olanları isə dövlətin üzərinə atmağa vərdiş ediblər. Bəzən hakimiyyəti tənqid etmək əvəzinə, dövləti tənqid edirlər, hakimiyyətə qarşı mübarizə aparmaq fonunda dövlətin əleyhinə fəaliyyət göstərirlər". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Jurnalistlərinin VI qurultayında çıxışında deyib.
Əli Həsənov çıxışında "Azadlıq" qəzetinin ünvanına bəzi fikirlər səsləndirib: "Məlumdur ki, "Azadlıq" qəzeti hakimiyyətə opponent partiyalardan birinin orqanıdır. Amma "Azadlıq" qəzeti fəaliyyətə bir partiyanın orqanı kimi başlamayıb. Bu qəzet Azərbaycanın müstəqilliyi dövründən fəaliyyətə başlayıb və insanların həddindən artıq dövlət və dövlətçilik ilə bağlı gözləntiləri olan bir orqandır. Dünyanın hansı ölkəsində Azərbaycan dövləti və dövlətçiliyinə qarşı nə yazılırsa, dərhal bugünkü iqtidarı vurmaq anlamında bu qəzetin səhifələrində tirajlanır. Yaxşı olan nə varsa, bir qədər də silinərək təhrif olunur. Bunu dəfələrlə sübut etmişik. Azərbaycanda vaxtilə fəaliyyət göstərmiş diplomatlar olub. Onların hamısı əlbəttə, diplomat deyil. Onlar içərisində xüsusi xidmət orqanlarının nümayəndələri, ayrı-ayrı məqsədlərlə Azərbaycana gələn insanlar da var. Onlardan bəziləri diplomatik missiyasını başa vurandan, yaxud hansısa səbəblərdən yarımçıq uzaqlaşdırıldıqdan sonra hüquq-müdafiə təşkilatlarının üzvü kimi fəaliyyətlərini davam etdirirlər. Onların bir-ikisi sizə də bəllidir, "Azadlıq" qəzetinin səhifələrində həmin adamların yazısı gedir. Həmin adamların anti-Azərbaycan fəaliyyəti olduğu kimi, bir az da şişirdilərək qəzetlərimizin səhfəsinə daşınır. Bu proses iqtidarı vurmaq məqsədilə həyata keçirilir. İqtidar bu gün var, sabah yoxdur, hər birimiz yerimizi dəyişə bilərik, amma bu dövlət bizimdir. Jurnalistin ilk vəzifəsi insanları məlumatla təmin etməkdir. Amma jurnalist eyni zamanda bir ölkənin vətəndaşı, sosial təbəqənin nümayəndəsidir. Məgər biz peşəmizi milli dəyərlərimizdən üstünmü tutmalıyıq? Təəssüflər olsun ki, Azərbaycan jurnalistikasında hakimiyyətlə dövlətin maraqlarını ayırd etməyənlər var. Bunun nəticəsi olaraq erməni mətbuatı bizim qəzetlərin yazılarını sadəcə tərcümə edərək dünyaya yayır. "Freedom House"da, digər təşkilatlarda olan bəzi adamlar Azərbaycandan qisas alır. "Human Rights Watch"da olan Rebekka Vinset gündə "Əlcəzira" telekanalında danışır. O, vaxtilə ABŞ səfirliyində işləmiş, sonradan oradan uzaqlaşdırılan bir xanımdır. Nədənsə, o bütün fəaliyyətini Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı qurub. "Eurovision" mahnı müsabiqəsi zamanı İsveçrədə həmin xanım bir toplantı təşkil edib. O bildirib ki, Bakıda keçirilən bu mahnı müsabiqəsi ləğv edilməlidir və Azərbaycan xalqı belə bir tədbir keçirməyə layiq və qadir deyil. Buradan bir qrup mətbuat nümayəndəsi ilə birlikdə İsveçrəyə getdim və o qadına bildirdim ki, sənin ölkənin mən səviyyəli hansı məmuru dünya mediası qarşısında belə açıq şəkildə dialoq aparır? Yoxdur belə nümunə. Qadın mənə dedi ki, Azərbaycan dövlətinə qarşı müharibə elan edib və bu mübarizəni sona qədər davam etdirəcək. Mən ona bildirdim ki, atdığın addımların cavabını alacaqsan. Azərbaycan dövləti yalnız öz xalqı qarşısında öhdəlik daşıyır".
PA rəsmisi dövlətin jurnalistikadan gözləntisinı da açıqlayıb: "Hökuməti tənqid edin, icra strukturlarından yazın, məmurların fəaliyyətini tənqid edin. Ölkə prezidenti dəfələrlə məmurları müxalifət mətbuatından da sərt tənqid edib. Amma vətənpərvərlik hissinizi, məsuliyyətinizi unutmayın. İlham Əliyevin ortaya qoyduğu, istinad etdiyi dövlət maraqlarıdır. Ona görə də, Azərbaycan jurnalistlərinə hörmət və ehtiramımızı ishar edirik. Əlbəttə, bizim də səhvlərimiz var. Azərbaycan mediasına bu qədər müsbət yanaşan ikinci hakimiyyət görməmişik. Bizi əvəz etməyə çalışanların da açıqlamasında bunun daha yaxşı olacağına inanmıram. Hakimiyyətə iddialı olanlar fərqli düşünənlərin ağzından vuracağını söyləyirlər. Xüsusilə də bu iqtidarı müdafiə edənlərin azğından vuracağını və məsuliyyətini də daşıyacağını söyləyirlər. Ağızdan vurmağa görə məsuliyyət isə min manat cərimədir. Deməli, sillələr vuracaq, cəriməni də büdcədən götürüb ödəyəcək. Belə bir adama bəzi qəzetlər dəstək verir. Gəlin, dəyərli namizədi təbliğ edək. Öz hisslərini idarə edə bilməyən, qisasçılıq zəminində hakimiyyətə can atan, üç il əvvəl dediklərini danan, indi tamam başqa mövqedə olan adamdan nə gözləmək olar? Bu dəyişikliyin səbəbini hamı bilir. Təsəvvür edin, 20 ildir, Azərbaycan müxalifəti hakimiyyətə gəlmək istəyir, bunu gözləyir, amma yerini bir günün içərisində başqasına verir. Belə müxalifətçilik olar? Əlbəttə, onlar öz yerlərini kimə verəcəklərini özləri müəyyənləşdirirlər. Lakin müxalifət hakimiyyət uğrunda mübarizəsini dayandırdığı gün istefa verməlidir. "Gözləyək, kimsə gəlib bu hakimiyyəti bizə versin, sonra özümüz paylaşarıq, kim gəlir məqbuldur" prinsipi - budur onların missiyası..."
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB