Əli Həsənov: “Dövlət bizim hər birimizin ailəmizdir”

Əli Həsənov: “Dövlət bizim hər birimizin ailəmizdir”

"1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdan kimi Azərbaycan gəncliyinin problemini dövlət siyasəti səviyyəsinə qaldırıb. Yaratdığı ilk nazirlik də məhz gənclər sahəsi ilə bağlı oldu. Onun fəaliyyətinin əsas hissəsini Azərbaycan gəncliyi, Azərbaycan ordusu, Azərbaycan millətinin gələcəyini təmin edən kəsim təşkil edirdi". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AMEA-nın gənc alimlərinin ümumi yığıncağında iştirakı zamanı bildirib.

PA rəsmisi bildirib ki, Azərbaycanda 1993-cü ilə qədər gənclik elə vəziyyətə gətirilmişdi ki, ondan dövlətə qarşı açıq-aşkar istifadə olunurdu. Ayrı-ayrı düşərgələr Azərbaycan gəncliyini silahlandıraraq dövlətə qarşı hakimiyyət uğrunda mübarizəyə cəlb etmişdi.

Əli Həsənov gənc alimlərin diqqətinə çatdırıb ki, maaşlarının az olması, mənzil-məişət, ailə və digər sosial problemləri dövlətə məlumdur: "Amma heç bir dövlət bütün əhalinin sosial qayğılarının eyni vaxtda, eyni müvəffəqiyyətlə həll etmək gücündə deyil. Dövlət kimdir? Dövlət bizim hər birimizin ailəmizdir. Ailə büdcəsinə müvafiq olaraq hansı işləri birinci etmək müəyyən olunduğu kimi, dövlətin də büdcəsində nəyi birinci, nəyi ikinci etməyi dövlət və onun siyasətini müəyyən edən insanlar müəyyənləşdirir. Bu gün sizin hansısa problemləriniz həllini tapmırsa, deməli, ondan daha vacib, həll olunası problemlər var. Amma bu o demək deyil ki, siz sabah o problemlərin həllini görməyəcəksiniz. Bir faktı deyim. Bu ilin əvvəlində Azərbaycan prezidenti Nazirlər Kabinetinin iclasında ipoteka vəsaitlərindən istifadə etməyin yeni konsepsiyasını irəli sürdü. Bu, gənc alimlərinin, gənc nəslin ipoteka kreditlərindən istifadəsinin ən asan yollarını müəyyən etməkdir. İpoteka alınması üçün prosedur qaydaları sadələşdirilməlidir. Bankların sayı, vəsaitlər artırılmalıdır. Buna imkanımız da var. Valyuta ehtiyatımız 50 milyard dolların üzərindədir. Onun hansısa bir qismi yetərlidir ki, Azərbaycanın gənc nəsli ipotekaya cəlb olunaraq, mənzil şəraitini yaxşılaşdırsın. Bu siyasət artıq var və cənab prezidentin tövsiyələri həm bank sektorunda, həm İqtisadi İnkişaf Nazirliyində, həm də gənclərlə bağlı proqramlarda nəzərə alınır".

PA-nın şöbə müdiri qeyd edib ki, mövcud iki proqram çərçivəsində gəncliyin inkişafına, o cümlədən intellektual kəsimin inkişafına 100 milyon manata qədər vəsait nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə