Obamadan telefon diplomatiyası

ABŞ prezidenti Barak Obama ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Abu Dabi vəliəhd Şahzadəsi Məhəmməd bin Zayid Əl Nahyan arasında telefon danışığı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, telefon danışığı Misirdəki vəziyyətlə bağlı olub. Bu barədə Ağ Evdən rəsmi açıqlama verilib.

Rəsmi məlumata görə, telefon danışığında Misirin bugünkü vəziyyəti və orada davam edən siyasi və hərbi qarşıdurma məsələsi gündəmə gətirilib. Danışıqda ölkədə davam edən şiddət və artan siyasi qütbləşməyə son verilməsi və bütün misirli liderlərin ortaq nöqtəyə gəlməsi üçün lazım olan addımların atılmasının zəruriliyi vurğulanıb.

Obama görüşdə ABŞ-ın Misirdəki bütün siyasi, hərbi və dini liderlərin bir-biriləri ilə dialoqa girməsinin vacib olduğunu xatırladıb. Eyni zamanda, Obama ərəblərin misirlilərlə münasibətində şiddətdən çəkindirmələri ilə bağlı danışıqlarda daha aktiv olmalarının əhəmiyyətini qeyd edib.

Bundan başqa, ABŞ prezidenti Obama ölkəsi ilə BƏƏ arasındakı güclü tərəfdaşlıq və dostluq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirərək, ramazan bayramı münasibəti ilə vəliəhdi təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə