Politoloq: “Hər kəs beynəlxalq hüquqa tabe olmalıdır” MÜNASİBƏT

Politoloq: “Hər kəs beynəlxalq hüquqa tabe olmalıdır” MÜNASİBƏT

"ATƏT-in Minsk qrupu fəaliyyətə başladığı gündən indiyə qədər heç bir addım atmayıb. Məhz buna görə də, ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan tərəfindən tənqid atəşinə tutulurlar". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində göstərdiyi səylərə münasibət bildirərkən deyib.

Hikmət Babaoğlu hesab edir ki, əgər ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsi istiqamətində fəaliyyətini aktivləşdiribsə, bu, təqdirəlayiq hal kimi qiymətləndirilməlidir: "Amma təəssüf ki, Avropada belə məsələlərə bəzi hallarda dini nöqteyi-nəzərdən yanaşma daha aktual olur. Biz Azərbaycan həqiqətlərini daha çox Avropa institutlarının diqqətinə çatdırmalıyıq. 1945-48-ci illərdə BMT yaranandan sonra beynəlxalq hüquq deyilən bir anlayış meydana gəldi. Hər kəs bu beynəlxalq hüquqa tabe olmalıdır. Bizim əsaslarımız isə ondan ibarətdir ki, beynəlxalq hüquq Azərbaycanı müdafiə edir. Bizi sevən və sevməyən bütün Avropa ölkələri Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Biz çalışırıq ki, məhz bu hüquqi aspektlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa edək. Amma məsələ burasındadır ki, Avropada olan bəzi dairələr Azərbaycanın güclənməsini istəmir və buna mane olmağa çalışırlar. Bu, açıq şəkildə ortadadır. Azərbaycan diplomatiyasının qarşısında çox böyük vəzifələr durur. Avropanı idarə edən liderlərin mövqeyi bizim liderlərin mövqeyinə daha da yaxınlaşmaqdadır. Buna görə də, hesab edirəm ki, mövcud hərbi, iqtisadi, siyasi gerçəkliyi nəzərə almaqla, Azərbaycan öz mövqeyində ardıcıl və prinsipial olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə