Elmar Məmmədyarov: “Biz hərtərəfli sülh sazişi üzərində işə başlamağın tərəfdarıyıq”

Elmar Məmmədyarov: “Biz hərtərəfli sülh sazişi üzərində işə başlamağın tərəfdarıyıq”

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan-Ukrayna ikitərəfli əlaqələr, ATƏT-in fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsi, "Helsinki +40" prosesi ətrafında müzakirələr və s. ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə nazir Elmar Məmmədyarov həmkarı L.Kojaranın diqqətinə çatdırıb ki, yaxın zamanlarda ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşün keçirilməsi nəzərdə tutulur: "Erməni Silahlı Qüvvələrinin Azərbaycan ərazisində olması qəbuledilməzdir. Azərbaycanın mövqeyi tam olaraq ortadadır. Biz artıq daha böyük Sülh sazişinin imzalanmasına hazırlaşmalıyıq. Minsk qrupunun fəaliyyəti daha da aktivləşdirilməlidir. Onların iclasları daha tez-tez keçirilməlidir. Ermənistan tərəfi hər dəfə müxtəlif səpkili bəyanatlar səsləndirir. Rəsmi Bakı hətta yenilənmiş Madrid prinsiplərini də qəbul edib. Amma qarşı tərəf yenə də bütün bunlardan yan ötür".

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara isə deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Ukrayna üçün çox vacibdir: "Hesab edirəm ki, bu məsələlərdə həqiqətən də ATƏT-in fəaliyyəti daha da artırılmalıdır. Biz eyni zamanda humanitar əlaqələrin qurulmasının tərəfdarıyıq. Həmçinin humanitar və Vətəndaş cəmiyyətləri arasındakı əlaqələrə dəstək veririk. Mən Azərbaycanda olmaqdan çox şadam".

Daha sonra hər iki nazirin iştirakı ilə keçirilən mətbuat konfransında jurnalistlərin sualları cavablandırılıb.

Nazir Elmar Məmmədyarov yaxın vaxtlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə daha bir görüş keçirməyi planlaşdırdığını deyib: "Biz həmsədrlərin səsləndirdiyi və "Böyük səkkizliyin" sammitində ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri tərəfindən təsdiqlənmiş prinsipləri əsas götürərək irəliyə doğru hərəkət etmək niyyətindəyik. Amma görüşün formatı hələlik məluma deyil. Bu ya həmsədrlərlə görüş olacaq, ya da mümkündür ki, vasitəçilər nazirlərin görüşünü təşkil etsin".

Nazir Azərbaycanın mövqeyinin dəyişməz qaldığını da vurğulayıb: "Biz hərtərəfli sülh sazişi üzərində işə başlamağın tərəfdarıyıq. Ermənistan isə sözügedən müqavilə üzərində işə başlamağı hələlik məqbul saymır".

Ukraynanın xarici işlər naziri Leonid Kojara isə sözlərinə əlavə edib ki, Ukrayna üçün dondurulmuş münaqişənin həlli prioritet məsələ olaraq qalır: "Biz sülh prosesinin tez bir zamanda həll olunmasına çalışmalıyıq. ATƏT-in 57 üzvü var. Biz kollektiv düşüncələri nəzərə almalıyıq".

Bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərinə gəlincə, qonaq Azərbaycan tərəfindən seçki prosesinin izlənilməsi üçün ATƏT müşahidəçilərinin Bakıya dəvət olunmasına görə, həmkarına dərin təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə