Elmar Məmmədyarov xorvatiyalı spikeri qəbul edib

Elmar Məmmədyarov xorvatiyalı spikeri qəbul edib

Elmar Məmmədyarov Xorvatiya parlamentinin sədri Josip Lekonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov qonağı salamlayıb və bu səfərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Nazir həmçinin iki ölkənin istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnun olduğunu qeyd edib və parlament diplomatiyasının rolunu vurğulayıb. O, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi və yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafına imkan yaradacağını diqqətə çatdırmış və Xorvatiyanı Avropa İttifaqına üzvlüyü münasibətilə təbrik edib.

Xorvatiya parlamentinin sədri Josip Leko ölkəmizə səfər etməkdən məmnunluğunu bildirib və ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlərdə münasibətlərini inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb, iki ölkə arasında xüsusilə turizm sahəsində əməkdaşlıq üçün imkanların olduğunu vurğulayıb. Xorvatiyalı qonaq həmçinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Xorvatiyanın prinsipial mövqeyinin olduğunu və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Bütün xəbərlər Facebook səhifəmizdə