“Azərbaycana xüsusi önəm verilir”

Asəf Hacıyev: “İnsanlar arasında keçirilən sorğular onu göstərir ki, növbəti beş ildə də dövləti idarə etmək İlham Əliyevə həvalə ediləcək”
“Azərbaycana xüsusi önəm verilir”

Müsahibimiz Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdürü, millət vəkili Asəf Hacıyevdir

- Asəf müəllim, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın yeri və rolunu necə dəyərləndirirsiniz?

-2012-ci ildə QDİƏT-nın parlament asambleyasının 20 illiyi qeyd edildi. Bununla bağlı nümayəndə heyyətinin başçılarının İstanbulda toplantısı keçirildi və biz də bu toplantıda iştirak etdik. Bir sıra məsələrlə bağlı müzakirələr aparıldı, qərarlar qəbul edildi. Mən öz çıxışımda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundum və vurğuladım ki, dünya ölkələri, beynəlxalq təşkilatlar bu məsələyə biganə yanaşmamalıdır. Məsələ ilə bağlı BMT, Avropa Şurası, Avropa Parlamenti çərçivəsində lazımi qərarlar qəbul edilib, ərazi bütövlüyü tanınsa da, Ermənistan tərəfi bu qərarları qəbul etməkdən boyun qaçırdır. Bizim nümayəndə heyətimizin üzvləri daimi olaraq orada təmsil olunan ölkələrin nümayəndələri ilə önəmli məsələlərə dair fikir mübadiləsi aparır, hər hansı bir məsələnin həllində öz mövqelərini sərgiləyirlər. Bu məsələnin siyasi tərəfi, iqtisadi tərəfinə gəlincə isə söyləmək düzgün olardı ki, bu gün Azərbaycanın bu təşkilatda yeri və rolu böyükdür. Cənubi Qafqazın təxminən 75-80% iqtisadiyyatı, ÜDM-i Azərbaycana məxsusdur. Bu baxımdan regionda Azərbaycanın iqtisadi rolu danılmazdır. Buna görə də QDİƏT də Azərbaycana xüsusi önəm verilir.

- Artıq 21 ildir ki, Azərbaycan bu təşkilatın üzvüdür. Bu təşkilata üzvlük Azərbaycana nə fayda verib?

- Ümumiyyətlə, beynəlxalq təşkilatlara üzvlük ölkəmiz üçün bir tribuna xarakteri daşıyır. Bu tribunalarda biz Azərbaycanın iqtisadi nəaliyyətlərinin beynəlxalq aləmə çatdırılması ilə yanaşı, ölkəmizin problemlərini də göstəririk. Azərbaycanın kiçik ölkə olmasına baxmayaraq bizim nümayəndələrimiz həmin təşkilatın rəhbərliyində vitse-prezident, komitə sədri, beynəlxalq katiblikdə - İstanbulda komitənin katibi vəzifəsində çalışmaqdadır. QDİƏT-in Baş Asambleyasının növbəti iclasının keçirilməsi ilə bağlı bu günlərdə bizim nümayəndə heyətimiz Bolqarıstanın paytaxtı Sofiyaya yola düşəcək. Bəzi məsələlərlə bağlı müazkirələr aparıb, fikirlərimizi səsləndirməyi nəzərdə tutmuşuq. Müzakirə olunacaq mühüm məsələlərdən biri də regionda həll olunmayan münaqişələr və bu münaqişələrin turizmin inkişafına təsiridir. Münaqişə olan yerdə iqtisadi əməkdaşlıqdan, turizmin inkişafından söz demək cətindir. Qarabağ münaqişəsinin həllində beynəlxaq təşkilatlar səssiz qalmamalı, öz fikirlərini bildirməlidir.

- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı bir dəfə də olsa Azərbaycan ərazilərini işğal edən Ermənistanı işğalçı dövlət kimi tanıdığını bəyan etməyib. Bu nə ilə izah edilə bilər?

- Hər bir təşkilatın öz funksiyası olduğu kimi, QDİƏT-nın da öz funksiyası var. Bu təşkilat iqtisadi təşkilat olduğundan burada heç bir münaqişə nə müzakirə edilə, nə də ki, qərarlar qəbul edilə bilməz. İqtisadi məsələlərlə bağlı tövsüyyə xarakterli qərarlar qəbul edilir və digər ölkələrin parlamentlərinə göndərilir ki, onlar öz fəaliyyətlərində istifadə etsinlər. Buna baxmayaraq, Azərbaycan nümayəndə heyətinin üzvləri öz çıxışlarında dolayı yolla olsa da Azərbaycan həqiqətlərinə, o cümlədən Dağlıq Qarabağ məsələsinə toxunur.

- Sizcə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin idxal və ixrac mallarına gömrük rüsumlarından azad olunması mümkündürmü, yəni bir növ vahid gömrük ittifaqının yaradılması üçün hər hansı bir addımlar atıla bilərmi?

- Əgər vahid gömrük ittifaqının yaradılması burada təmsil olunan ölkələrin maraqlarına uyğundursa nə vaxtsa gömrük ittifaqı yaradıla bilər. Yaradıldıqdan sonra isə hansısa ölkənin iqtisadiyyatına, maraqlarına uyğun deyilsə vahid gömrük ittifaqına daxil olmaya bilər. Hal-hazırda Azərbaycanın vahid gömrük ittifaqına daxil olması məqsədəuyğun deyil. Ola bilər ki, gələcəkdə vəziyyət dəyişər, hökümət bu məsələyə öz rəyini və istəyini bildirər.

- Asəf müəllim, "Milli Şura" Rüstəm İbrahimbəyovu "vahid namizəd" seçib. Sizcə, bu qərarın qəbul edilməsində hansısa xarici qüvvələrin rolu və marağının olduğunu söyləmək olar?

- Biz demokratik bir ölkədə yaşadığımız üçün müxtəlif siyasi partiyalar, müxtəlif qurumlar ola bilər, muxalifət kimi istəyirsə onun namizədliyini irəli sürə bilər. Yalnız reallıq ondan ibarətdir ki, Azərbaycanda cənab İlham Əliyevə rəqib namizəd yoxdur. Ölkədə bütün sahələrdə inkişafı görməmək mümkün deyil. Yoxsulluğun səviyyəsi 49%-dən, 6%- ə endirilib. Paytaxt Bakı ilə yanaşı Azərbaycanın bütün regionları sürətlə inkişaf edir. Bu gün ölkəmiz bir sıra beynəlxalq tədbirlərin keçirilməsində ev sahibi kimi çıxış edir. Əgər ölkədə bu qədər inkişaf varsa, bu demokratiyanın göstəricisidir. Demokratiyada belə anlayış var: çoxluqların marağını əks etdirən, azlıqların haqlarını müdafiə etmək. Azərbaycanda da bu müşahidə olunur. Hal-hazırda Yeni Azərbaycan Partiyasının 600 min üzvü vardır ki, burada çoxluqların marağı əks etdirilir. Maraq isə bu gün ölkəmizin dinamik inkişafı, insanların firavan yaşayışıdır. "Milli Şura" da təmsil olunanların müxtəlif ölkələrə gedib, hansısa bir qurumlardan kömək istəmələri demokratiyaya ziddir. Hansısa ölkələrdə olan müxtəlif dairələrdən dəstək istəmək bu özü cılızlıq göstəricisidir. Çünki ölkənin müqəddaratını başqa ölkələrdə həll etmək mümkün deyil, ölkənin taleyini xalq həll edir. Bir ölkə digər ölkənin müqəddaratını həll edə bilməz. Bu absurddur. Belə ölkə yalnız Ermənistan ola bilər ki, onun iqtisadiyyatı digər ölkələrdən asıllı vəziyyətdədir. Onların dövlət işlərini özləri yox, digər ölkələr həll edir. Azərbaycanda bu mümkün olan bir şey deyil. Biz müxtəlif xarici dairələrin deyil,xalqın dəstəyinə arxalanırıq. İnsanlar arasında keçirilən sorğular onu göstərir ki, növbəti beş ildə dövləti idarə etmək İlham Əliyevə həvalə ediləcək.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə