Əli Əhmədov YAP Lerik rayon fəalları ilə görüşüb

Əli Əhmədov YAP Lerik rayon fəalları ilə görüşüb

İyulun 3-də YAP sədriin müavini, İcra katibi Əli Əhmədov YAP-ın Lerik rayon fəalları ilə də görüşüb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşdə YAP Lerik Rayon Təşkilatının sədri Elxan Qənbərov görülmüş işlərə dair məruzə ilə çıxış edib.

Bildirib ki, YAP Lerik rayon təşkilatı 57 ərazi ilk partiya təşkilatında 3400 nəfərdən çox üzvü özündə birləşdirir. Təşkilatda gənclər birliyi, qadınlar şurası fəaliyyət göstərir. YAP rayon təşkilatının çoxsaylı üzvləri rayonun ictimai-siyasi, quruculuq və abadlıq işlərində fəali iştirak edirlər. E.Qənbərov əlavə edib ki, əvvəlki illərdə partiya sıralarına qəbul olunmuşların 16,5 faizini qadınlar təşkil edirdilərsə, 2012 –ci ildə partiyaya qəbul olunmuşların 31,6 faizini qadınlar təşkil edib. Gənclərin partiya sıralarına qəbuluna diqqət yetirilir.Bu gün partiyanın rayon təşkilatı üzvlərinin 39 faizini gənclər təşkil edir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar YAP rayon təşkilatı rayon İcra Hakimiyyəti ilə birlikdə idarə, müəssisə və təşkilatlarda silsilə yubiley tədbirləri keçirib.

Məruzəçi bütün Azərbaycan xalqı kimi leriklilərin də qarşıdan gələn Prezident seçkilərinə ciddi hazırlaşdığını diqqətə çatdırıb. Vurğulayıb ki, əvvəlki seçkilərdə olduğu kimi 2013-cü ildə keçiriləcək Prezident seçkiləri də Lerikdə tam demokratik, şəffaf keçiriləcək. Artıq seçimlərini edən leriklilər təkrarən Yeni Azərbaycan Partiyasının vahid namizədi, ümummilli lilderimiz Heydər Əliyevin siyasi varisi İlham Əliyev cənablarına bir nəfər kimi səs verəcəklər.

Görüşdə çıxış edən YAP-ın icra katibi Əli Əhmədov ölkəmizdə həyata keçirilən uğurlu inkişafdan danışaraq bildirib ki, bu tərəqqi dəyişiklik indi hər bir bölgədə, hər bir vətəndaşın həyatında hiss olunur, rifah halı yüksəlir. Əli Əhmədov əlavə edib ki, xalqın rifahı üçün lazımı addımlar atılır. YAP üzvlərinin təkcə seçici kimi deyil, həm də fəal təbliğatçı kimi vəzifə daşıdığını söyləyib. İcra katibi əminliklə bildirib ki, Azərbaycan xalqı ötən 10 ildə gördüyü işlərə görə gələcək 5 ildə də həyatının inkişafını, sabitliyini, təhlükəsizliyini prezident İlham Əliyevə etibar etmək qərarını verəcək.

"Milli şura" deyilən bir təşkilatın heç bir gələcəyi yoxdur, - deyən Ə.Əhmədov əlavə edib ki, xalq kimin kim olduğunu, kimin xalq üçün çalışdığını gözəl anlayır.

Sonra YAP Lerik rayon təşkilatının şura üzvü Rövşən Rüstəmov, şura üzvü Gültəkin Şıxəliyeva və Lerik RİH-nin başçısı Rövşən Bağırov çıxış edərək Lerik sakinlərinin hamılıqla cənab prezident İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə