“TAP marşrutunun seçilməsində DEPA-nın alınması həlledici məsələ olub”

“TAP marşrutunun seçilməsində DEPA-nın alınması həlledici məsələ olub”

"Azərbaycanın TAP-ı seçməsi gözlənilən idi". SİA-nın məlumatına görə, bunu Siyasi innovasiya və texnologiyalar mərkəzinin sədri Mübariz Əhmədoğlu 2013-cü ilin iyun ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun sözlərinə görə, TAP sırf Azərbaycanın öz imkanlarına hesablanıb və kommersiya baxımından daha sərfəlidir: "Eləcə də bir neçə gün öncə Azərbaycan Yunanıstanın DEPA qaz paylama şəbəkəsini satın almışdı. Marşrut seçimi etməzdən öncə Azərbaycan Prezidenti Avropa İttifaqı rəhbərləri ilə görüşdü və ehtimal ki, öz mövqeyini onlarla razılaşdırdı. TANAP və onun davamı kimi TAP layihəsi Azərbaycanın birbaşa Avropa İttifaqına qaz nəql etməsi deməkdir. Bu, Azərbaycanın sabit istehlak bazarı tapması ilə yanaşı, həm də Aİ-nin Rusiya qazından asılılığını müəyyən qədər azaldacaq. Ən azı, bu gün Rusiyanın yaranmış vəziyyətlə razılaşdığını düşünməyə daha çox əsas var".

M.Əhmədoğlu vurğulayıb ki, TAP marşrutunun seçilməsində ARDNŞ-ın Yunanıstanın DEPA qazpaylama şəbəkəsini alması ən həlledici məsələ olub: "DEPA qazpaylama şəbəkəsinin ən böyük müştərisi "Qazprom" (RF) idi. "Qazprom"un Yunanıstanda mövqeyinin güclənməsini həm rəsmi Moskva, həm də Rusiya patriarxlığı müdafiə edirdi (hər iki xalq pravoslavdır). "Son anda "Qazprom" DEPA şirkətini almaqdan imtina etdi. "Qazprom" imtinasının ARDNŞ-ın xeyrinə nəticələnəciyini bilirdi. "Qazprom" imtinanın rəsmi səbəbi kimi Aİ-nin Yunanıstanın maliyyə bazarındakı sabitliyə təminat verməməsini göstərdi. Nəticədə DEPA-nın maliyyə təminatlılığı müşkülə çevrilirdi. Aİ-nin "Qazprom"la bağlı sərt mövqeyində yumşalma hiss olunur. Belçikanın özünün qazpaylama şəbəkəsinin "Qazprom"a satılması gündəliyə gətirildi".

Mərkəz sədri diqqətə çatdırıb ki, Aİ, Rusiya və Azərbaycanın iştirakı ilə böyük siyasi razılaşmanı düşünmək olar: "DEPA-nı almaqdan imtina edən "Qazprom" Belçikanın qazpaylama şəbəkəsini ala bilər. Aİ bu məsələni diqqətə gətirməklə Rusiya ilə öz arasında inamın yaranmasına mühüm stimul verir. Eyni zamanda "Qazprom"a qarşı Aİ tərəfdən olan təzyiqlər aradan qalxır. Aİ-Rusiya istiləşən münasibətləri və ya Rusiyanın Aİ-nin qoyduğu ssenarini qəbul etməsi Aİ ilə Rusiya arasında viza rejiminin sadələşdirilməsinə şərait yaradacaq. Rusiyanın Aİ-nin ssenarisinə uyğunlaşması Azərbaycanın xeyrinə işlədi. Azərbaycanla Rusiyanın Avropa bazarları uğrunda rəqabətinə son qoyuldu. Ehtimal ki, gələcəkdə Azərbaycanla Rusiya Avropa bazarlarında birgə layihələr reallaşdıracaqlar".

Politoloq hesab edir ki, bu, həm də Aİ-nin maraqlarına uyğun ola bilər, çünki müqavilələr indidən elə tərtib olunur ki, gələcəkdə Azərbaycan Aİ-yə qarşı Rusiyanın "qaz kötəyi" siyasətində iştirak edə bilməz: "Azərbaycanın bu uğuru təkcə 2013-cü ilin deyil, onilliklərin uğurları sırasına yazıla bilər. Azərbaycanın TAP marşrutunu seçməsi Azərbaycanın Avropaya qaz nəql etməsində Türkmənistan qazından asılı olmadığını nümayiş etdirdi. Türkmən mentalitetinə bələd olanlar bilirlər ki, bu çox mühümdür; Türkmənistan Aİ-yə qaz nəql etməməsinin günahını Azərbaycanın üzərinə qoya bilməyəcək. Türkmənistan Aİ-yə qaz satmaq istəyirsə, buyurub Azərbaycana müraciət edə bilər. Bu zaman artıq Türkmənistanın Xəzər dənizində Azərbaycana qarşı yaratdığı sərhəd mübahisəsi də aradan qalxır. Azərbaycanın Avropaya qaz nəql etmək iradəsini və bu sahədə maliyyə dəstəyini heç kim şübhə altına ala bilməz. Türkmənistan və Avropa İttifaqı razılaşan kimi Azərbaycan öz sərhədində türkmən qazını alıb, Avropaya nəql edə bilər və yaxud Azərbaycan Türkmənistana qaz nəqli üçün öz ərazisini tranzit kimi təqdim edə bilər".

M.Əhmədoğlu vurğulayıb ki, "Nabucco-West" kəmərinin reallaşmasi ilə bağlı 2013-cü ilin sonunadək müjdəli xəbərin deyilməsi mümkündür: "Bu, Azərbaycan üçün faydalı olacaq. Söhbət təkcə, iqtisadi və geosiyasi dividentlərdən getmir, həm də Qarabağ məsələsində ehtimali yeni düşmənlər yenidən dosta çevriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə