Dövlət başçısı Binəqədidə Heydər Əliyev parkının açılışında olub

Dövlət başçısı Binəqədidə Heydər Əliyev parkının açılışında olub

Prezident İlham Əliyev Bakının Binəqədi rayonunda yenidən qurulan Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yaradılan şəraitlə tanış olub. SİA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı 4,5 hektar sahəni əhatə edir. Parkın yenidən qurulmasına ötən ilin avqustundan başlanıb. Yenidənqurma işlərinə yerli və xarici mütəxəssislər cəlb edilib.

Parkdakı yararsız tikililər sökülüb, kommunikasiya xətləri yenilənib. Parkın landşaft örtüyündə 167 növ nadir ağac, kol və bitki növlərindən istifadə edilib. Burada relyef nəzərə alınmaqla müasir üslubda hazırlanan körpülərdən, şəlalələrdən, fəvvarələrdən, çeşmələrdən və digər kiçik memarlıq elementlərindən geniş və məharətlə istifadə olunub.

Uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri quraşdırılıb. Parkın mərkəzində müasir texnologiyalardan istifadə etməklə milli və dünya musiqi nümunələrindən təşkil olunan kompozisiyalardan ibarət musiqili fəvvarə buraya xüsusi yaraşıq verməklə yanaşı, istirahət edənlərin könlünü oxşayır.

Parkda xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası inşa edilib.

Dövlət başçısı parkda yaradılmış şəraiti yüksək qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə